Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Polad Bülbüloğlu Azərbaycanı «kakoy-nibud» hansısa bir Afrika ölkəsində təmsil eləmir ey…” – Aqil Abbas

“Polad Bülbüloğlu Azərbaycanı «kakoy-nibud» hansısa bir Afrika ölkəsində təmsil eləmir ey…” – Aqil Abbas

Bir neçə gündür mətbuat, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları, sosial şəbəkələr bildiyiniz səbəblərdən ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu hədəfə götürüblər. Hətta bir az uzağa gedib Möhtərəm Prezidentdən Polad müəllimin istefasını tələb edirlər. Belə getsə, bir azdan Putindən də tələb edəcəklər ki, Polad Bülbüloğlunu «persona non-qrant» elan eləsin. Hələ bir istehza da edirlər ki, müğənniyə niyə belə böyük vəzifə verilib. Onda gərək Amerika ictimaiyyətini daşa tutaq ki, aktyoru prezident seçmişdilər, başqa bir aktyoru da böyük bir ştata qubernator.

Əvvəla, Polad Bülbüloğlu müğənni deyil. İkincisi, müğənniləri niyə aşağılayırsız ki? Və qəribədir ki, aşağılanan müğənnilər öz etirazlarını da bildirmirlər ki, bizi niyə aşağılayırsız.
Və Polad Bülbüloğlu müğənni deyil. Azərbaycan xalqının görkəmli bir oğludu, görkəmli bəstəkarıdı və ictimai-siyasi xadimdi. Azərbaycanı dünyada tanıdan şəxsiyyətlərdəndir. Öz bəstələrinin də qeyri-adi ifaçısıdı. Azərbaycan mədəniyyətinin, xüsusilə də musiqimizin dünyada tanınmasında çox böyük xidmətləri var.

Uzun illər Azərbaycanın mədəniyyət naziri olub. Mədəniyyətimizin inkişaf etdirilməsi və sərhədlərimizdən kənarda təbliği üçün öz şəxsi nüfuzundan da istifadə edərək əlindən gələni əsirgəməyib. Polad Bülbüloğlu Azərbaycanın pasportlarından biridi.
Və Möhtərəm Prezident də Polad müəllimin həm ölkə daxilində, həm ölkə xaricində, xüsusilə də Rusiyada olan hörmət və izzətini nəzərə alaraq onu dünyanın iki strateji ölkəsindən birinə, yəni Rusiyaya səfir göndərib. Və uzun illərdir ki, Polad müəllim dövlət başçımızın yeritdiyi xarici siyasəti layiqincə yerinə yetirir. Və unutmayın ki, Polad Bülbüloğlu sıradan bir səfir deyil, Rusiyada söz sahibidi.

Heç kəsə sirr deyil ki, ermənilər Rusiyada, xüsusilə də Moskvada çox güclüdürlər. Rusiyada elə bir struktur yoxdur ki, ermənilər həmin strukturlarda ən mühüm, hətta ən yüksək postlarda oturmasınlar. Neçə illərdi Polad müəllim Rusiyanın göbəyində onlarla döşləşə bilir və çox vaxt da onları yerində oturda bilir. Qarabağ məsələsində də ən kəskin mövqedə dayanmasından da, ən kəskin çıxışlarından da hamımızın xəbəri var.

Bəli, Polad Bülbüloğluna bir tərəfdən Moskva erməniləri, Rusiyadakı erməni diasporları, yüksək dövlət kreslolarında əyləşən ermənilər hücum edir, bir tərəfdən də özümüz. Və Polad müəllimə qarşı kampaniya aparanlar unudurlar ki, onların bu kampaniyası təkcə hörmətli səfirimizə yönəlməyib, həm də Azərbaycana, Azərbaycan dövlətçiliyinə, Prezidentin xarici siyasətinə yönəlib. Və unudurlar ki, Polad Bülbüloğlu Azərbaycanı «kakoy-nibud» hansısa bir Afrika ölkəsində təmsil eləmir ey, dünyanın iki nəhəng dövlətindən biri olan Rusiyada təmsil edir. Sizlər Polad müəllimi dövlət başçısından daha yaxşı tanıyırsınızmı, onun bir səfir kimi fəaliyyətindən dövlət başçısından daha çox xəbərdarsınızmı ki, prezidentə müraciətlər ünvanlayırsız ki, onu geri çağırsın?!

Yuxarıda qeyd etdim ki, Polad Bülbüloğlu Azərbaycanın pasportlarından biridi. Siz bu pasportu ləkələməyə çalışmaqla nə qazanacaqsız, bu erməni dəyirmanına su tökməkdən başqa bir işə yaramır.
Səfirlik rəsmi açıqlama yayımlayır ki, jurnalistin işdən çıxarılmasında onların heç bir rolu yoxdur və bu onların səlahiyyətinə daxil deyil. Amma bu bəyanatın da heç bir xeyiri yoxdu. Nuh deyib, peyğəmbər demirlər. Guya Polad Bülbüloğlu hətta telefon açaraq jurnalisti təhqir edib. Əvvəla, belə bir şey olubsa, onu bir Polad müəllim bilir, bir də Anar Həsənov. Anar Həsənov da belə bir açıqlama verməyib. Bəs iki adam arasında olan söhbəti siz hardan bilirsiz? Yoxsa, səfirliyin telefon danışıqlarını dinləyirsiz? Ola bilər ki, Polad müəllim jurnalistə telefon açsın, bir ağsaqqal kimi danlasın da ki, oğul, sualı belə qoymaq lazım deyildi, belə bir ciddi mətbuat konfransına xüsusi hazırlaşıb getmək lazım idi.
Qaldı mətbuat konfransına, nə jurnalistin sualında dünya dağıldı, nə də Lavrovun cavabında. Lavrovun cavabı Amerikanın yenidən kəşfi deyil, hamımızın bildiyi bir məsələydi.
Və Möhtərəm Prezidentimiz İlham Əliyev də Pirəkəşküldə hərbi hissənin açılışı zamanı söylədiyi nitqdə Lavrova lazımi cavabı verdi!

Aqil Abbas, millət vəkili

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın