Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Universitetə qəbul balları niyə aşağı salınır? – ŞƏRH

Universitetə qəbul balları niyə aşağı salınır? – ŞƏRH

Məncə, DİM blok imtahanında sualların çətinliyini xeyli dərəcədə asanlaşdırmalıdır. Builki səbəb aydındır, çünki pandemiya səbəbindən şagirdlər çox çalışdı, çox oxudu, çox yoruldu. Sualların qismən sadələşməsi, şagirdlərin yüksək bal toplamasına və psixoloji yorğunluğun vurduğu zərbədən qurtulmasına böyük dəstək ola bilər. 
Ümumiyyətlə isə, bu addım uzun illər öncədən atılmalı idi. Bu yazımda bunun səbəblərini izah etməyə və əsaslandırmağa çalışacağam. 
Bildiyimiz kimi, sualların çətinlik dərəcəsi ağırlaşdıqca, ümumi bal səviyyəsi aşağı düşür. Ballar aşağı düşdükcə isə universitetlərə qəbul zamanı keçid balı da aşağı düşməli olur. Bu da ona gətirib çıxarır ki, universitetlərə ayrılan qəbul yerləri dolmur. Deməli, universitetlərə sənəd verən şagird 150-200 balla qəbul olunur, yuxarı bal toplayan şagirdlərin sayı yetərincə az olur, statistikalarda da təhsilimizin bərbad gündə olduğu görünür. Bilirsinizmi, sual səviyyələrini elə qoymaq olar ki, heç 500 baldan yuxarı toplayan olmasın və ya ortalama bal səviyyəsi çox yüksək olsun. Bu, birbaşa suallara qoyulan tələbdən asılıdır, yəni sualı tərtib edən şəxsin əlindədir ki, keçid balları 150-200 yox, 300-400 balın üstündə olsun. 
Hazırda isə biz bunun əksini görürük, sualların çətinlik səviyyəsi ağır olduğundan, ümumiyyətlə, orta statistik nəticə aşağı olur və keçid balları 150-250 bal aralığında olur. Gəlin bir anlıq düşünək, əgər hər hansı bir şagird universitetə 150 balla yox, 300-400 balla qəbul olarsa, nə qazanmış olar? Birincisi, yüksək əhval-ruhiyyə, ikincisi sabaha böyük ümid, üçüncüsü ailə, dost-tanış, universitetdə müəllimlərin ciddi qınağından qurtarmaq. Əgər belə olarsa, dost-tanışın “nə böyük iş görmüsən ki, 150 bal toplamısan”, universitetlərdə müəllimlərin “Günah sizi 150 balla universitetə qəbul edəndədir” zarafat dolu tənələri o gəncə “zəifsən” psixologiyasını yükləməz. 
Hər il qəbul imtahanlarından sonra elan edilən statistika ifadə edir ki, sən demə, ölkədə təhsilin səviyyəsi çox aşağı imiş. Beləliklə də təhsilimizə inam itir. Bir halda ki, 150 balla universitetə qəbul olub oxumaq olur, o zaman niyə həmin gənc 300 və üstü balla qəbul olmasın? Onsuz da, təhsil həm də bir biznes sahəsidir və buna görə də yerli universitetlərə qəbul olmayan minlərlə gənc sadəcə attestatla xarici universitetlərə üz tutur. Bu da ölkədən gedən böyük bir maliyyədir. Bu maliyyə ölkədə qalsa, xalqın təhsilə inamı artsa, bunun nəyi bizim ölkəmiz üçün zərərli olar? Digər tərəfdən də, övladının təhsil alması üçün minlərlə valideyn həm mənəvi, həm də maddi baxımdan böyük əziyyət çəkir. Heç o 150 balı toplamayan minlərlə şagird xarici universitetlərə üz tutur və milyonlarla sərmayə xaricə daşınır. Sonra həmin gənclər yenə qayıdıb bu ölkədə çalışırlar…  
Uzun illərdir bu prosesin içində olduğumdan müşahidə edirəm ki, sanki bir sindrom yaranıb, şagirdlər o kitabları əzbərləyib sirləri çözdükcə, balları yaxşı nəticə gösətərməyə yaxınlaşdıqca qəbulda sualları seçən bunkerlər “kim daha çətin sual sala bilər” yarışına girib. Axı, bu belə olmamalıdır. İndiyə qədər hər il 700 bal toplayan şagirdlərin sayı ümumilikdə 10 nəfərdən artıq olmur. Tam xatırlamasam da, hansısa il bu rəqəm 15 nəfərdən çox idi və bu da böyük bir ajiotaj yaratdı ki, qoymayın, suallar asanlaşıb. Əslində, suallar asanlaşmır, müəllimlər DİM-in  suallarının metodikasını çözür və şagirdləri məhz o suallara cavab verəcək şəkildə hazırlayırlar. Bunu bu işlə məşğul repetitorlar daha yaxşı bilir. Tutaq ki, ölkədə 700 bal toplayan 10 nəfər yox, 100 nəfər oldu. Məgər bu zaman DİM-in reytinqi düşəcəkmi, əlbəttə yox, olsa-olsa Təhsil Nazirliyinin reytinqi qalxacaq. Axı bunun nəyi pisdir?! Burda itirdiyimiz və qazandığımızı düşünürükmü? Düzdür, bu etiraf edək ki, abituriyentlərin hazırlığında hazırlıq kursları və repetitorların da əməyi çoxdur, lakin unutmayaq ki, həmin repetitor və kurslarda işləyən müəllimlərin əksəriyyəti dövlət məktəblərinin müəllimləri, şagirdlər isə hansısa məktəbin şagirdidir.  Bir insana hər dəfə başını qaldıranda “sən zəifsən”, “sən bacarmazsan”, deməklə, onu məhz bu cür tərbiyə etmiş oluruq. O da həmişə bacarmadığını zənn edir və həmin psixologiya ilə böyüyür. Gəlin özümüzə “böyüksən” deməyi öyrənək, motivasiya edək. 16-17 yaşlı uşaqlarımız yazıqdır. Sözün əsil mənasında yazıqdır axı. Onlara stimul verməli olduğumuz yaşdadırlar, onları əzməklə, biz bu millətin sabahını qurtara bilmərik. Bir şagird universitetə qəbul olmaq üçün 5 fəndən, hər fənnin isə 5-11-ci sinif dərsliklərindən hazırlaşmalıdır. Bu da toplam 30 kitab edir. Bu hələ dərsliyidir. Daha yaxşı nəticə toplamaq, küncdə-bucaqda qalan, qazılıb, qazılıb çıxarılan faktoloji sualları əzbərləməsi üçün DİM-in də hazırladığı müəyyən əlavə vəsaitləri də oxumalıdır. Bunları da üstə gəlsək, 60-dan çox kitab, hər vəsait də 300 səhifədən hesablanılsa 18000 səhifə  edir. Axı, o bədbəxtlər bu işgəncəni niyə yaşamalıdır? Bir şey ki, universitetə qəbul olandan sonra öyrəndiklərinin 10-15 faizi ona həyatda lazım ola, ya da olmaya. Bu, həm də sanki uşaqlarımızı Azərbaycan dilindən, tarixindən, ədəbiyyatından, coğrafiyasından uzaqlaşdırmaq və ya sinsitməkdir. Bunun da niyəsini deyim. SAT, YÖS, TOEFL, İELTS kimi beynəlxalq imtahanlar var ki, onlarda 5-6 ay ərzində cəmi bir və ya iki fəndən yaxşı hazırlaşmaqla bizim universitetlərdən qat-qat güclü təhsil verən ali məktəblərə qəbul olmaq mümkündür. Hələ mən aşağı bal toplayıb, sadəcə attestatla qəbul edən dünya universitetlərini heç nəzərə almıram. Sadəcə riyaziyyat və ingilis dilindən hazırlaşaraq, bəzən də ödəniş və təhsil keyfiyyəti bizim universitetlərlə müqayisədə daha münasib olan ali məktəbləri qoyub, niyə ağır proqramlarla hazırlaşaraq, yerli universitetlərdə təhsil almağa maraqlı olsun ki şagird?! Məhz bunun nəticəsidir ki, 8-ci sinifdən sonra şagirdlərimiz qəbulda ona lazım olmayan fənləri oxumaqdan əl çəkir və rahat, kiçik bir zəhmətlə xarici proqramlarla hazırlaşır. Heç uzağa getməyək, bu gün ölkəmizin sayılıb-seçilən universitetlərindən olan ADA SAT balı ilə tələbə qəbul edir. Bu universitetə bizim abituriyent sistemi ilə qəbul olmaq üçün 500-dən artıq bal toplamalısan. İndi şagird iki fəndən – riyaziyyat və ingilis dilindən hazırlaşmaqla (bu da maksimum 7-8 kitab olar) universitetə qəbul ola bilirsə, niyə 60 kitab oxumalı və “kitab yüklü eşşəyə” çevrilməlidir? Normal məntiqi olan insan bunu anlayır. Bu zaman bilirsiniz nə baş verir? Biz ingilisdilli vətəndaş yetişdirməyə sürükləyirik özümüzü. Ona görə ki, artıq o Azərbaycan dilini, tarixini, coğrafiyası, ədəbiyyatını oxumaqdan əl çəkir. Məhz bunun səbəbidir ki, 8-ci sinifdən şagidlər hazırlığa başlayır. Məhz qəbul suallarının ağırlığı valideynləri repetitorlara yönləndirir ki, bu da “təhslimiz bərbaddır”, “təhsilimiz geriyə gedir”, “məktəbdə təhsil yoxdur”, “repetitorlar olmasa, batarıq” düşüncəsini aşılayır. Vallah, billah olmaz belə. Bir az düşünsək, sualları sadə, anlaşıqlı, məntiq əsaslı, yəni normal səviyyədə edərək, şagirdlərimizi məktəblərə qaytara bilər, repetitorluq, kursçuluq bazarına bu qədər ehtiyac duymarıq. Arada düşünürəm ki, sanki hansısa əl bu repetitorluq bazarına nəzarət edir və bunun çökməsini istəmir. Bir növ şagirdləri əlavə hazırlıqlara yönləndirir. Çünki suallara baxanda aydın görünür ki, xüsusi hazırlıq olmasa, ciddi şəkildə əzbərlədilməsə, priyomlar öyrədilməsə, məktəb dərsi ilə qəbulda normal bal toplamaq mümkün deyil. Çünki Təhsil Nazirliyinin dərslikləri ilə yanaşı, DİM-in də dərslikləri var və müəllimlər bu kitabları da şagirdlərə aldırmaq və oxutdurmaq məcburiyyətindədir. Nə qədər etiraz edilsə də, proqram Təhsil Nazirliyinin proqramı olsa da, suallar DİM-in vəsaitləri əsasında hazırlanır.  Digər bir tərəfdən də hər il özəl ali məktəblərin əksəriyyətində plan yerləri yarımçıq qalır. Bu da özəl təhsil sektorunun inkişafının qarşısını alır. Plan yerləri dolarsa, ciddi rəqabət yaranarsa, həmin universitetlər ödənişlərinə yenidən baxar, yeni universitetlər açılıb daha uyğun təhsil təklif edər. Məhz bunun da təsiridir ki, özəl universitetlərimiz daha çox dotasiya ilə yaşayır. Qəbul prosesini sadələşdirməklə, universitetlərin buraxılışını sərtləşdirməklə, daha yaxşı nəticələr əldə edə biləcəyimizə əminəm.  Burda bir şeyi də vurğulamalıyam ki, 12 illik təhsil sisteminə keçməklə də, bu məsələdə irəliləyiş əldə edə bilərik. Universitetə qəbul 11-ci sinfi bitirdikdən sonra keçirilir. Hazırlanan suallar isə 5-ci sinifdən keçirilmiş materiallar əsasında hazırlanır. Məktəb proqramında isə 10-11-ci sinif dərsliklərinin yeni mövzuları var. Əksər fənlərdə mart ayından sonra təkrarlar başlasa da, bu ağır proqramı heç bir müəllim məktəbdəki saatların hesabına doldura bilməz. Məhz buna görə də şagird məcbur olub müəllimdən əlavə vaxt istəyir ki, sözssüz bu da əlavə xərcələrə səbəb olur. Əgər 12 illik təhsil sisteminə keçirilsə, son iki ilin proqramı sadəcə hazırlıqlara ayrılsa, burdan da şagird və valideynlərimiz qabağa düşər ki, bu da ümumilikdə təhsilimizin qazancı olar.  Düşünürəm ki, universitetlərə qəbul suallarını sadələşdirməklə, neçə gənci psixoloji travmadan azad edə, başıuca gəzməsinə şərait yarada bilərik. Təhsilimizin səviyyəsinin heç də deyilən qədər aşağı olmadığını görüb müəllimlərə inanarıq, onlara minnətdar olarıq və stimul verərik, xarici universitetlərə axının qarşısını alarıq, valideynlərimizin büdcəsinə xeyir verərik, şagirdlərimizi bir vətəndaş kimi yetişməyə yönləndirərik.  
P.S. Uca səslə vurğulayım ki, bu yazımla heç kimin bostanına daş atmıram, DİM-in obyektiv imtahanlar keçirməsini heç kim dana, işinin keyfiyyətinə şübhə edə bilməz. Sadəcə yanaşmanı dəyişməklə öz dəyirmanımıza su tökə bilərik. Amma və lakin mən Hüseyn Cavid romantikası ilə milləti ucaltmağın yeganə yolunu ona “Ucasan!” deməkdə görürəm, şillə-şapalaq vurub, “sən elə bu qədərsən…” deməklə yox.  Təhsil texnoloqu, f.ü.f.d.,dos. Şəmil Sadiq

Həmçinin oxuyun

“BŞTİ və direktor tərəfindən hərraca çıxarılan sinifim artıq öz müştərisini tapıb!”

Yeni tədris ilinin başlanması ilə məktəblərin köhnə problemləri yenə də baş qaldırıb. Bir çox məktəblərdə …