Bazar ertəsi , May 23 2022
Ana səhifə / Cəmiyyət / Ukraynada təhsili yarımçıq qalan tələbələrimizin taleyi necə olacaq?

Ukraynada təhsili yarımçıq qalan tələbələrimizin taleyi necə olacaq?

Rusiyanın Ukraynaya hücumu, hazırda davam edən müharibə bu ölkədə minlərlə xarici tələbənin təhsilini yarımçıq qoyub. Onların arasında azərbaycanlı gənclər də var. Məlum olduğu kimi, azərbaycanlı tələbələr xaricdə təhsil üçün Avropa, Amerika, Türkiyə, Rusiya, Ukraynaya üz tutur. Ən çox seçim isə əsasən Ukrayna olurdu.

Çox təəssüf ki, Rusiya-Ukrayna müharibəsinin üçüncü günündə bir azərbaycanlı tələbə küçədəcə diversant qrupu tərəfindən güllələnərək öldürüldü. Digər tələbələr isə bütün imkanlardan istifadə edərək, vətənə geri dönməyə çalışdılar.

Bəs Ukraynada təhsilin yarımçıq qoymuş azərbaycanlı tələbələrin taleyi necə olacaq? Əgər bu münaqişə uzanarsa, onların problemləri necə çözüləcək? Həmin tələbələrin vətəndə təhsillərini davam etməsi mümkündürmü?

Qeyd edək ki, bir neçə gün öncə Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bu məsələ ilə bağlı bildirmişdi: “Hazırda Ukraynadan vətəndaşlarımızın gətirilməsi proseduru ilə bağlı bütün məsələlər Xarici İşlər Nazirliyi tərəfindən tənzimlənir. Ukraynada təhsil alan tələbələrin Azərbaycan Universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, hələlik bu haqda heç bir informasiya yoxdur.

Elşən Qafarov: "Töhmət olunası adım lazımdırsa, bu, təhsil nazirinin özü və  onun komandasıdır”

Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov isə qeyd etdi ki, istənilən halda həmin tələbələr bizim vətəndaşlardır və özlərindən asılı olmayan səbəbdən bu vəziyyətə  düşüblər: “Artıq Türkiyənin Boğaziçi Universiteti Ukraynada tələbə olan yerli və xarici tələbələr üçün ödənişsiz təhsili həyata keçirməklə bağlı qərar qəbul edib. Çox təəssüf edirəm ki, bu günlərdə brifinqdə təhsil nazirinə bu haqda sual verildi, o isə dedi ki, ”bu məsələ müzakirə olunmur”. Düşünürəm ki, həmin tələbələr ixtisasları üzrə Azərbaycandakı universitetlərdə təhsillərinə davam etməsi üçün  nazirlik addım atmalıdır. Əgər həmin tələbələrin təhsil aldığı hansısa ixtisaslar ölkə universitetlərində yoxdursa, digər ölkələrdə, tutaq ki, qardaş Türkiyədə təhsilini davam etdirməsi üçün addımlar atılmalıdır. Lakin görünən budur ki, bu cür addımlar atılmır”.

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, artıq azərbaycanlı tələbələrin Ukraynada təhsil alması mümkünsüzdür: “Hazırda Ukraynada 10 min azərbaycanlı tələbə təhsil alır. Onların artıq orada təhsil alması mümkünsüzdür. Görünən odur ki, yaxın iki ildə də dağıntılar səbəbindən Ukraynada normal təhsil mühiti bərpa edilməyəcək. Ukraynada aparılan hərbi əməliyyatlar bu ölkədə ali təhsil alan minlərlə azərbaycanlı tələbənin təhsilini yarımçıq dayandırmağa, Azərbaycana qayıtmağa vadar edib. Nəzərə alaq ki, münaqişənin həlli yaxın vaxtlarda gözlənilmir və dağıntılar nəticəsində tələbələrin təhsil sənədləri də məhv olur. Bu səbəbdən elə indidən onların siyahıya alınması təşkil edilməlidir. Bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların köçürülməsi təmin edilməlidir.

Kamran Əsədov: Təhsil şöbələri ləğv edilsə, bu təhsilin inkişafına xidmət  edəcək

Kamran Əsədov 

Problemin həlli üçün bir neçə çıxış yolu var. İlkin olaraq vəziyyət düzələnədək onların distant təhsil alması mümkündür. Amma Ukraynada təhsil alan tələbələr hərbi əməliyyatların nə qədər davam edəcəyini bilmirlər. Onlar deyir ki, əgər hərbi əməliyyatlar davam edərsə, çıxış yolu onların Azərbaycan universitetlərinə köçürülməsi ola bilər. Amma “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına görə, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Düzdür, qaydalara görə xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi də aparılmır. Bir ali təhsil müəssisəsindən və ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.

Qaydalardan məlum olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına köçürülməsi mümkün deyil. Çünki onlar bu ölkədəki ali təhsil müəssisələrinə attestat və daxili imtahan əsasında qəbul olunublar. Amma yaxşı olar ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ixtisasları üzrə ölkəmizin ali təhsil müəssisələrinə köçürülməsini və onların burada təhsillərini davam etdirməsini təmin etsin. Nəzərə alsaq ki, münaqişənin həlli yaxın vaxtlarda gözlənilmir və dağıntılar nəticəsində tələbələrin təhsil sənədləri də məhv olur. İndidən onların siyahıya alınması təşkil edilməli və müvafiq qərarlar qəbul edilib onların köçürülməsi təmin edilməlidir”.

Həmçinin oxuyun

Gürcüstanın din xadimləri Şuşada səfərdədirlər

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din …