Bazar , Sentyabr 23 2018
Ana səhifə / Cəmiyyət / Tüstüsü təpəsindən çıxan toyxanalar

Tüstüsü təpəsindən çıxan toyxanalar

Ötən həftəninin bugünkü günüydü, bir maşında dörd nəfər iş yoldaşımızın toyuna gedirdik. Gecikmişdik. Çox yox, 1 saat.

Gecikməyimizin iki səbəbi vardı, birinci səbəb o idi ki, A. nöqtəsindən X. nöqtəsinə doğru 20 dəqiqə gec tərpənmişdik. İkinci səbəb o idi ki, şənbə günü şəhərin “toyxana küçələri” istiqamətində tıxaca düşmüşdük.

“Şənbə günü bu tıxacdır belə” sualına yoldaşlardan biri dedi ki, bu vaxtlar həmişə belə olur, bax, bu gördüyünüz maşınların hamısı şadlıq saraylarına adam daşıyır.

Yanımızdan ötüb keçən, paralel gedən avtomobillərin içinə diqqət elədim, gördüm ki, düz deyir. Bu qədər bər-bəzəkli, makiyajlı xanımlar toya getməyib hara gedə bilərlər? Bir də harda görünüb ki, birdən-birə yüzlərlə kişi ütülü ağ köynək geysin? Özü də sükan arxasında.

“Koroğlu” metrostansiyasının həndəvərindəki körpünün üstünə çıxanda yoldaşlardan biri yoldakı sıxlığa, toya gecikməyimizə eyham edərək dedi: “Artıq lüləkababları da manqala düzüblər”.

Əvvəlcə elə bildik ki, o, lüləkababların manqala düzülmə saatını, dəqiqəsini yaxşı bilir, ona görə belə deyir. Amma dostumuz havadakı tüstü buluduna və iştahaçan qoxuya işarə etdi: “Odey, kabab tüstüsü ərşə qalxıb”.

Doğrudan da eləydi. Həm də təkcə indi yox, illərdir belədir. İllərdir axşam saat 7 olanda bütün şəhəri köz üstündə cızıldaya-cızıldaya bişən lüləkababın tüstüsü basır.

Bəlkə də vaxtilə Sumqayıt camaatı superfosfat zavodlarının tüstüsündən bu qədər bezar deyildi ki, “Qara Qarayev” və “Neftçilər” metrostansiyalarının həndəvərindəki yaşayış massivində yaşayanlar lüləkabab tüstüsündən elə cana-boğaza yığılıblar.

Düzdür, kimya zavodlarının zəhərli tüstüsü ilə kabab tüstüsünün arasında fərq böyükdür, amma ikisi də adamı dilxor edən tüstüdür. Heç kim tüstüyə düşmək istəmir. Heç 40 ilin nəşəxoru da marixuana tüstüsünə bir belə düşmək istəməz. Hər şeyin bir həddi var.

Ona görə də hazırda şadlıq saraylarına qarşı keçirilən “tüstü reydləri” qədirbilən və tüstüyə düşən xalqımızda dəruni ümidlər doğurub.

Heç demə, hələ may ayından şadlıq saraylarına xəbərdarlıq edilibmiş ki, sentyabra qədər öz obyektlərinə müasir standartlara uyğun təmizləyici qurğular alıb qoysunlar, düzətdirsinlər.

Əlbəttə ki, obyekt yiyələrinin tam əksəriyyəti fikirləşib ki, bura Yaponiyadırmı, Kanadadırmı, tez qaçaq qurğu alaq, bura Azərbaycandır, gələcəklər, pullarını verəcəyik, gedəcəklər.

İndi əlaqədar təşkilatların nümayəndələri gəlir, tüstülədənləri cərimələyirlər. Medianın yazdığına görə, hələlik işlər yaxşı gedir. Deyirlər, 88 obyekt hələ də təmizləyici qurğu vasitəsilə tüstünün tənzimlənməsinə (eləcə də təmizlənməsinə) başlamayıb.

Tüstüdən bezar camaatımız isə bu rəqəmlə razılaşmır, deyir, nə 88, o avtobus marşrutudur, 7-ci mikrorayon və “20-ci sahə” arasında işləyir, tüstüləyən sarayların sayı isə qat-qat çoxdur, N qədərdir.

Dünyanın gəzib-gələn adamlar orda-burda yedikləri cizburgerin və cız-bızın bərəkətinə and içirlər ki, heç bir ölkədə bu qədər kabab tüstüsü görməyiblər.

Təbiidir. Birincisi, dünyanın heç bir ölkəsində bizdəki qədər şadlıq sarayı, restoran, kababçı kafeləri yoxdur.

İkincisi, dünyanın heç bir ölkəsində toylarda, banketlərdə, pikniklərdə bizdəki qədər kabab yemirlər.

Üçüncüsü, heç bir ölkədə iaşə xidmətçiləri sözləşibmişlər kimi düz saat 7-də kababları manqala düzmürlər.
Dördüncüsü, mədəni ölkələrdə ekoloqların tüstü buraxanları cərimələməsi ənənəsi azı 20-30 (bəlkə də 40-50) ildir ki, tətbiq olunur.

Amma hələ də gec deyil. Onsuz da şadlıq sarayları bir-birinin ardınca tikilməkdədir. Düzdür, bəziləri rentabelli olmur, sonradan mərasim zalına çevrilir, amma o qədər də fərqi yoxdur, onlarda da yemək bişirilir, sadəcə, hələlik hüzr məclislərində lüləkabab verilmir, plovla camaatı yola verirlər. Heç kim də qarın davası eləmir.

Guya toylarda da bir-iki çeşiddə yemək versələr, camaat dava edəcək? Xeyr. Əvəzində toylar ucuz başa gələcək və hər dəfə toya nəmər olaraq bir ətək (50-500 manat və daha çox) yazdıran adamların tüstüsü təpəsindən çıxmayacaq.
Budur, yenə qayıtdıq tüstü söhbətinə.

100 il əvvəl bizim ölkədə “tüstüpulu” vergisi olub, bilirdinizmi? (Musavat.com)

Həmçinin oxuyun

Dərs zamanı filalogiya üzrə fəlsəfə doktorunun ürəyi dayandı

Tənqidçi-esseist, filalogiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Sabir Bəşirov vəfat edib. Azinforum.az BakuPost-a istinadən …