Ana səhifə / Cəmiyyət / Türkmənbaşının qərarı Bakıda üzərrik bazarını qızışdırdı – (FOTOLAR)

Türkmənbaşının qərarı Bakıda üzərrik bazarını qızışdırdı – (FOTOLAR)

Azərbaycanlılar koronavirusun tifağını dağıdan, infeksiyanın kökünü kəsən bitkilərdən biri də üzərriyin olduğuna inanmağa başlayıblar.

Xatırladaq ki, əvvəlcə sarımsağın, sonra isə zəncəfilin virusun qənimi olduğu deyilmişdi və bu nemətlərin sürətlə marketlərdən, bazarlardan daşınması müşahidə edilmişdi.

İndisə üzərriyə tələbat artıb. Buna səbəb Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun vətəndaşlarını koronavirusdan üzərrik tüstüsü ilə qorunmağa səsləməsidir.

COVİD-19 pandemiyasının hələ ki gəlib çatmadığı ölkələrdən biri olan Türkmənistanda siyasi rəhbərliyin belə bir çağırışı Azərbaycanda da eşidilib və üzərrik satışı əvvəlki günlərdən daha çoxdur.

Musavat.com olaraq Bakı bazarlarında və marketlərində kiçik bir araşdırma apararkən bu fakta şahid olduq. Öyrəndik ki, satıcılar artıq Türkmənbaşının bu məsləhətindən xəbərdardırlar.

Üzərrik soruşanda üzlərində təbəssüm əmələ gələn satıcılar bildirirlər ki, indi də onların bazarı açılıb. Satıcıların sözlərinə görə, bir azdan sarımsaq və zəncəfil kimi, üzərriyin də qiymətinin qalxmasına təəccüblənməzlər.

Hazırda kiçik dəstəsi 50, böyükləri isə 60-70 qəpik olan üzərriyin alıcılarının çoxaldığını öyrəndik.

Satıcılar dedilər ki, üzərrik həmişə faydalı bitki olub: “Bizdə inanc var ki, kiməsə göz dəyəndə üzərrik yandırırlar. Axır vaxtlar toylarda da camaatın başına üzərrik çevirirdilər.

Amma üzərriyin tibbi cəhətdən faydası var. Birincisi, stressi, əsəbi aradan götürür, insanı sakitləşdirir, qoxusu adama müsbət enerji verir.

İkincisi, baş ağrısına qarşı bir dərmandır. Əgər başınız ağrayırsa, evdə üzərrik yandırın, görəcəksiniz ki, yaxşılaşmısınız”.
Satıcıların bəziləri isə yarızarafat söylədilər ki, koronavirusa görə onların da üzü nəhayət güləcək:  “Sarımsaq və zəncəfil satanlar xeyli qazandılar, indi növbə bizimdir. Nə olar, bir dəfə də biz qazanaq da. Bir az sonra baxarsınız, millət üzərrik üçün növbəyə düzüləcək, tapmaq olmayacaq, qiyməti də bahalaşacaq”.

Ancaq çox maraqlıdır ki, Bakının bir neçə tanınmış marketlər şəbəkələrinə baş çəkərkən üzərrik satışını görmədik.
Satıcılar söylədilər ki, marketlərdə üzərrik olmur, Berdiməhəmmədovun çıxışından sonra bütün marketlərdə üzərrik satılacağı isə istisna edilmir.

Berdiməhəmmədov üzərriyin hələ də orqanizmə fərqli virusların daxil olmasına mane olduğunu söyləyib.

Yeri gəlmişkən, ABŞ və Avropada çalışan ixtisaslı həkim-yazıçı, Daşkənd Tibb universitetini bitirmiş Boris Uvaydov da bildirib ki, yandırılan üzərrik otu virus, parazit və bakteriyaları öldürən təsirə malikdir.

Uvaydov qeyd edib ki, həkim kimi təcrübə keçdiyi özbək kəndlərində yerli əhali qrip və digər viruslar dövründə üzərlik yandırırdılar.
Alim bildirir ki, hazırda da evlərin dezinfeksiya edilməsi üçün üzərrik yandıra, eləcə də yuxarı tənəffüs yollarında əgər koronavirus zərrələri varsa, onun tüstüsünə evi, əşyaları, uşaqları və özünüzü tuta bilərsiniz.

Üzərrik yandıqdan sonra ondan ayrılan efir yağları və birləşmələri ilə zəngin tüstü gözlə görünməyən bütün virusları məhv edir.

O qeyd edib ki, üzərrik dərman bitkisidir və yüzlərlə xəstəliyin dərmanıdır. Özbək qadınlar ondan sonsuzluğun müalicəsində də istifadə edir.

Müxtəlif tibb saytlarında da qeyd edilir ki, hələ Qədim Misirdə bu bitkini sakitləşdirici və epilepsiya müalicə edən vasitə kimi istifadə olunurdu.

Müasir elmi araşdırmalar da üzərriyin sinir sisteminə olan müsbət təsirini təsdiq edib. Stresslə mübarizədə köməkçi olan üzərrik otunun bir çox faydası var.

Üzərriyin müalicəvi əhəmiyyəti əsasən əsəb-sinir sistemi xəstəlikləri ilə bağlıdır. Antiseptik, antimikrob və virus əleyhinə xüsusiyyətləri hamıya məlumdur.

Lakin üzərriyin digər daha az bilinən faydalı xüsusiyyəti də var. Üzərrik ekstraktı nevrasteniya, şizofreniya, Parkinson xəstəliyi zamanı effektlidir.

Üzərrik güclü təbii antidepressiantdır, depressiya zamanı kömək edir.

Üzərriyin bu faydalı xüsusiyyətləri əczaçılıq sənayesində geniş istifadə olunur, bitki bir çox sakitləşdirici preparatların tərkibinə daxildir.

Bu ot sinir sisteminin gərginliyini, yuxusuzluq problemi və daha bir çox narahatlığı aradan qaldıran ən təsirli bitkilərdəndir.

Folklorumuzda üzərriklə bağlı bayatı var və bunu əsasən yansırıb xəstəyə tüstüsünü verəndə oxuyurlar:

“Üzərriksən, havasan,

Hər bir dərdə dəvasan.

Allahdan istəmişəm,

Bəd nəzəri qovasan”.

Həmçinin oxuyun

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir — FOTOFAKT

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına ABŞ-ın Nyu-York …