Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Türkiyədə parlament seçkilərinə təsir edə bilən Azərbaycan rıçaqları…

Türkiyədə parlament seçkilərinə təsir edə bilən Azərbaycan rıçaqları…

Samir Adıgözəlli: “Bəzi qüvvələr bütün varlığı ilə çalışır ki, parlamentə başqa millətin nümayəndəsi seçilsin”

“Diasporumuz və mətbuatımız prosesləri ciddi diqqətdə saxlamalıdır”

Türkiyədə parlament seçkilərinə ciddi hazırlıq gedir. Xüsusilə də Azərbaycanla həmsərhəd olan və etnik cəhətdən nisbətən rəngarəngliyə malik Qars və İğdırda, hər dəfə olduğu kimi, bu dəfə də böyük rəqabət yaranıb.
Artıq vəziyyət o həddə çatıb ki, azərilərin də kompakt yaşadığı həmin ərazidən partiyalar seçdikləri namizədləri etnik mənsubiyyətinə uyğun irəli sürür. Çünki deyilən ərazidə bu faktor siyasi oriyentasiya baxımından məsələyə yanaşmanı üstələyir. Təsadüfi deyil ki, irəli sürülən azəri kökənli namizədlər Azərbaycandan da böyük köməyə ümid edir.
Bu günlərdə Milliyyətçi Hərəkat Partiyasından olan namizədlər İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu İğdıra səfər ediblər. Namizədləri İğdırın hava limanında 2500-ə yaxın maşın karvanı qarşılayıb. Qarşılama o qədər kütləvi olub ki, MHP-çi namizədlər hava limanından şəhər mərkəzinə 2 saata çata biliblər.
İsa Yaşar Tezel çıxışında bildirib ki, Türkiyə üzərində oyunlar gedir. O, bəyan edib ki, erməni diasporu İğdırda deputat seçkilərinə müdaxilə etmək istəyir: “AKP, CHP və HDP-nin erməni namizədləri var. Türk düşmənliyi aparan erməni diasporunun adamlarını niyə namizəd irəli sürürsünüz? Hanı Azərbaycanla qardaşlıq, hanı iki dövlət bir millətlik? Xocalıda soyqırım törədən ermənilərə xidmət edənləri partiyalarınızdan namizəd edirsiniz. İğdırlılar erməni diasporunun oyununu pozacaq. Azərbaycan türkü olaraq Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi, dərdinin tərcümanı olacağıq, Azərbaycanın bütün problemlərini gündəmə gətirəcəyik, erməni, Qarabağ məsələsi üçün çalışacağıq. Həmçinin, beynəlxalq səviyyədə Azərbaycana yaradılan problemləri dəf etmək üçün fəaliyyət göstərəcəyik”.
İğdır təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də strateji əhəmiyyətli bölgədir. Azərbaycan türklərinin də yaşadığı bu ərazidən bir Azərbaycan türkünün, xüsusilə də İsa Yaşar kimi Azərbaycan sevdalısının millət vəkili seçilməsi dövlətimizin maraqları baxımından çox faydalı olar.
Bu yöndə Azərbaycan diasporu hansı istiqamətdə fəaliyyət göstərməlidir?
Hazırda məhz həmin bölgədə səfərdə olan Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, Qars və xüsusilə də İğdır bölgəsində ciddi mübarizə gedir: “Təbii ki, Azərbaycandan ora ciddi dəstək verilməlidir. Biz burdan gedib onların əvəzinə səs verə bilmərik, ancaq onların bizdən umacaqları çoxdur. İğdırdan çox vaxt azəri əsilli millət vəkilləri seçilib. Hazırda həmin bölgəni parlamentdə Sinan Oğan təmsil edir. Bəzi qüvvələr bütün varlığı ilə çalışır ki, parlamentə başqa millətin nümayəndəsi seçilsin. Həmin bölgə strateji baxımdan da bizim üçün önəmlidir. Biz Türkiyənin işinə qarışmamaq şərtilə bölgədə yaşayan azərilərin namizədinə dəstək verməliyik. Çünki bu olduqca önəmlidir. Hazırda biz burada müxtəlif təxribatları da müşahidə edirik. Müxtəlif fitnələrlə azərilərin səsini parçalamağa çalışırlar. Bəzən isə buna nail də olurlar. Diasporumuz və mətbuatımız prosesləri ciddi diqqətdə saxlamalıdır. Fikir verirsinizsə, əslən azəri olan namizədlər bura müraciət edir. Gəlin onların ümidini doğruldaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın