Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Türkiyə seçkiləri: AKP-nin 13 illik təkbaşına iqtidar dövrü başa çatır

Türkiyə seçkiləri: AKP-nin 13 illik təkbaşına iqtidar dövrü başa çatır

Bakı vaxtı ilə saat 23:30-a olan məlumatlara görə, Türkiyə seçkilərində bülletenlərin 98 faizə yaxını sayılıb.

AKP-nin səsləri bir az da azalıb və 41 faizdən bir az çoxdur.

İkinci yerdə gedən CHP-nin və üçüncü yerdə gedən MHP-nin də səs faizlərində cüzi azalma var. CHP 25,5, MHP 16,6 faiz səs toplayıb.

HDP-in topladığı səslərin faizi isə 12-ni keçib. Kürd partiyası 12,3 faizdən çox səs yığıb.

Hakim çoxluğu itirən AKP-dən seçkilərin nəticələrini ilk şərh edən Konstitusiya Komissiyasının sədir Burhan Kuzu olub.

“Biz bu mənzərəyə layiq deyildik, millətə xidmətdən başqa heç nə etmədik”- o deyib.

B.Kuzu bildirib ki, bu seçki nəticələrindən hökumət çıxmaz: “Heç koalision hökumət də çıxmaz. Növbədənkənar seçki qaçılmaz ola bilər”.

Baş nazir Əhməd Davudoğlu isə Konyadakı seçki qərargahından seçkilərin nəticələrini “millətin qərarı ən doğru qərardır, inşallah, heç bir gücün qarşısında əyilmərik” deyə şərh edib və Ankaraya yola düşüb.

*   *   *22:45

Bakı vaxtı ilə saat 22:30-a olan məlumatlara görə, Türkiyədə bu gün keçirilən parlament seçkilərində artıq bülletenlərin 95 faizə yaxını sayılıb.

Virtualaz.org saytı xəbər verir ki, AKP-nin topladığı səslərin faizində azalma davam edir. Hakim partiya 41,7 faizə yaxın səs toplaya bilib.

CHP-nin topladığı səslərin faizi 25 faizi azacıq keçir.

MHP isə 17 faizdən az səs yığa bilib.

Seçkilərin ən böyük sürpriz olan kürd partiyası HDP-nin səsləri isə 12 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, Türkiyədə AKP-nin 13 illik təkbaşına iqtidar dövrü başa çatmaq üzrədir.

İndi ən böyük intriqa koalision hökumətin kimlər tərəfindən qurulacağıdır. Nəzəri olaraq MHP, CHP və HDP öz aralarında ittifaq yarada bilsə, AKP müxalifətə keçməli olacaq.

Lakin bu partiyaların arasında ziddiyyətlər o qədər dərindir ki, onların arasında ittifaq ehtimalı çox cüzi görünür. Belə olan halda AKP kürd partiyası ilə anlaşa bilsə, yenidən hakimiyyətdə qala bilər. Belə ittifaq isə PKK-nın ağır şərtlərinin qəbul edilməsi hesabına başa gələ bilərdi. Başqa sözlə, Türkiyədə seçki nəticələri çox ciddi siyasi gərginlik vəd edir.

*   *   *22:32

Türkiyədə bu gün keçirilən kritik parlament seçkilərində böyük sürpriz yaşanır.

Virtualaz.org saytı xəbər verir ki, bülletenlərin 80 faizə yaxınının sayılmasından sonra əldə edilən ilkin nəticələrə əsasən PKK-ya bağlı kürd partiyası HDP 10 faizlik seçki baryerini keçir. Son rəqəmlərə görə, HDP 11 faizdən çox səs toplayıb.

Əvvəlcə 46 faizə yaxın səslə seçkilərin lideri olan hakim AKP-nin isə səs faizində azalma var. Ərdoğanın partiyası 42,5 faizə yaxın səs toplayıb.

Ana müxalifət partiyası CHP 25 faiz səslə ikinci, MHP 17 faizə yaxın səslə üçüncüdür. Bu nəticələrə əsasən AKP təkbaşına iqtidar olmaq üçün zəruri 276 millət vəkili çıxara bilmir. Hakim partiyanın millət vəkili sayı bundan 10 nəfər az olacaq. Bu isə o deməkdir ki, Türkiyədə AKP-nin 13 illik təkbaşına hakimiyyəti sona çata bilər.

Səslərin 80 faizdən çoxunun sayılması nəticəsində ortaya çıxan mənzərə belədir ki, AKP 264, CHP 127, MHP 84, HDP 75 millət vəkili ilə parlamentdə təmsil olunacaq. Qeyd edək ki, bu seçkilərin əsas sürprizi HDP-nin seçki baryerini keçməsi məsələsi ətrafında idi.

AKP bəyan edirdi ki, Qərb, Türkiyə müxalifəti və Pensilvaniyada mənzillənmiş Fətullah Gülən məhz HDP-nin parlamentə keçməsi üçün çalışır.

HDP-nin baryeri aşması nəticəsində proporsional seçki sisteminin qaydalarına əsasən parlamentdə yerlər dörd partiya arasında proporsional qaydada  bölünür. Yəni AKP hakim çoxluğu itirir…

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın