Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Traktorlar üçün sürücülük vəsiqəsi verəcək yeni orqan müəyyənləşdi

Traktorlar üçün sürücülük vəsiqəsi verəcək yeni orqan müəyyənləşdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə yeni səlahiyyət verilib.

ONA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası bununla bağlı “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”da dəyişikliklər edib.
May ayından qüvvəyə minən qərara əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün tədris müəssisələrini və kursları bitirmiş şəxslərdən məqbul (zaçot) və imtahanların qəbul edilməsi və onlara sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçiriləcək. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülərin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə tələbələrə (müdavimlərə) verilən şəhadətnamə və ya diplom (sertifikat) həmin texnikaları idarə etmək hüququ vermir. Şəhadətnamə və ya diplomun (sertifikatın) surəti müvafiq kateqoriyalı traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasına görə imtahanlara buraxılmaq üçün Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinə təqdim olunacaq.
Qeyd edək ki, əvvəllər bu sahədə səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti məxsus olub. Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 14 yanvar tarixli fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Fərmanla müəyyən edilib ki, Agentlik kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini aqrar inkişaf mərkəzləri (DAİM) vasitəsilə həyata keçirir.
“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”da dəyişikliklər fərmanın icrası ilə əlaqədar müəyyən edilib və ləğv edilmiş Baş Dövlət Texniki Nəzarət Xidmətinin daha bir səlahiyyəti Aqrar Xidmətlər Agentliyinə verilib.

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …