Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / “Toyxana estetikası ilə çəkilən kadrlarla salnamə yaratmaq olmaz”

“Toyxana estetikası ilə çəkilən kadrlarla salnamə yaratmaq olmaz”

Azərbaycan Ordusunun şanlı tarixi var. Bu tarixi yaşatmalı və tanıtmalıyıq. Bu işdə operatorların və fotoqrafların üstünə çox böyük yük düşür. Onlar ölümün gözünə dik baxaraq, ön cəbhəyə yola düşüb, həmin tarixi gələcək nəsillərə çatdırıblar. Elə Nizami Abbas kimi… Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin inkişafında öz yeri olan, kinooperator, rejissor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nizami Abbas canlı şahidi olduğu hadisələrdən Sputnik Azərbaycan-a danışıb:

© PHOTO: COURTESY OF NİZAMİ ABBASAğdam-1993

“1988-ci ildə Meydan hərəkatı başlayan gündən bütün Azərbaycan Film Kinostudiyası meydanda idi. O dövrdə kinostudiyada Zaur Məhərrəmovun rəhbərliyi ilə 3 studiya – “Salnamə”, “Rakurs” və “Yaddaş” sənədli filmlər studiyası yaranmışdı. Mən Zaur müəllimə dedim ki, mən kameranı götürüb gedirəm meydana. Mən getdim, səhəri gün kinostudiyadan 5 operator – Köçəri Məmmədov, Rəfael Salamzadə, Zaur Məhərrəmov, Bağır Rəfiyev və mən meydanda olduq. Həmin vaxt “Meydan” filmi çəkildi”.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASNizami Abbas və Şəmistan Əlizamanlı

Qəhrəmanımız Meydan hadisələrindən sonra Qarabağa yola düşüb: “Ümumiyyətlə, kinokamera ilə işləmək çətindir. Çünki ayrılıqda səsi də yazmaq lazımdır. Kinostudiyanın heyəti həmin dövrdə səfərbər olmuşdu. Meydan hərəkatından sonra isə mən gəldim Laçına. Laçın alayının komandiri Arif Paşayevlə tanış oldum və biz əbədi dost olduq. Laçın camaatı çox güclü idi. Qadınından tutmuş kişisinə qədər hər kəs yolu bağlayıb ermənilərin qabağını kəsmişdi. Əllərində silah yox idi, daşa basırdılar onları. Biz gözləyirdik ki, Sovet ordusunun silahlarını əldə edək, o da mümkün olmadı. Dövlətimiz paramparça idi”.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASNizami Abbas

Nizami müəllim onunla birlikdə çiyin-çiyinə çalışan Seyidağa Mövsümlüdən söz açdı: “Meydan hadisələri dövründə operator Seyidağa Mövsümlüyə AzTV kamera verməmişdi. Gəlib yanımda dayanırdı. Həmin hadisələrdə öz sənətimizdən olan dırnaqarası “qəhrəmanlar” gördüm. Hansı ki, Seyidağa kimi qəhrəmanlıq edən, öz peşə fəaliyyətlərini yerinə yetirən insanlar isə özlərini qəhrəman kimi göstərmirdilər. Seyidağa ilk hərbi operator idi. İlk Kərkicahan döyüşlərində yaralanmışdı. İlk batalyonun zabitlərindən idi”.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASNizami Abbas

Həmsöhbətimiz həmin dövrdə ölkəmizdə baş verən hərc-məclikdən danışdı: “Mən könüllü olaraq Laçın batalyonuna qatılmışdım. O dövrdə Müdafiə Nazirliyinin analitik informasiya mərkəzi yaranmışdı. Laçından gələndən sonra mənim əmrim yazılmışdı Müdafiə Nazirliyinin analitik informasiya mərkəzinə, həmin vaxt mənə hərbi komissarlıqdan çağırış vərəqəsi gəlmişdi. O vaxt hərbi komissarlıqlar da özfəaliyyət səviyyəsində idi. Çağırış vərəqəsini gətirən adama yalandan dedim, “o adam şəhid olub”. Adam əvvəl inandı, əsəbləşdim ki, “o adam mənəm”. Amma axı məni Müdafiə Nazirliyinin analitik informasiya mərkəzinə yazıblar. Müharibədə uduzmağımızın da səbəbi elə bu idi, dövlətimizdə hərc-məclik baş alıb gedirdi”.

Müsahibimiz bildirir ki, həmin dövrdə peşəkar operatorları öz cərgələrinə qoşmaq istəsələr də onlardan bəziləri bundan imtina edirdilər: “1992-ci ildə Qarabağda böyük miqyaslı əməliyyatlar həyata keçirilirdi. Və bizim cərgəmizə qoşulan yeni operatorlar oldu. O dövrdə məqsədimiz o idi ki, peşəkarları cəlb edək. Amma təəssüf ki, peşəkarların çoxu gəlmək istəmirdi. Bu, normal idi. Hər halda söhbət müharibədən gedirdi”.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASLaçın 1992

Hömsöhbətimiz deyir ki, həmin dönəmdə Azərbaycan blokada şəraitində idi, xalqımızın əksəriyyəti olan hadisələrdən bixəbər idi: “AzTV-dən Tahir Qarayev var idi. Biz kənardan adamdan cəlb edirdik ki, ezam olunsunlar. Çünki iki nəfər idik, gücümüz çatmırdı. Biz stringer (tərəfsiz, müstəqil reportyor – red.) deyildik. Biz stringer ola da bilməzdik. Stringerlər o çəkilişlərlə pul qazanırdılar. Amma biz pul barədə düşünmürdük. Təmənna güdmədən edirdik çəkilişlərimizi. Azərbaycan blokada şəraitində idi. Ona görə də Azərbaycanla bağlı həqiqətlər söylənilmirdi. O dövrdə Türkiyədən və Azadlıq radiosundan başqa heç yerdən xəbər ala bilmirdik. Həmin dönəmlərdə bizim səsimizi ancaq Mirzə Xəzər yayırdı”.

“Müharibə vasitəsi ilə həm də mərd insanları tanıdıq” deyir Nizami müəllim: “O dönəmlərdə Mərkəzi Komitənin diktəsi ilə hərəkət edənlər ordumuzun yaranmasını istəmirdilər. Ordu xalqımızın təzyiqi nəticəsində yarandı. Bütün sərhəd bölgələrində insanlar hər şeyi çox yaxşı dərk edirdilər, əliyalın olsalar da döyüşmək istəyirdilər. O dönəmlərdə ov tüfəngləri də yığışdırılmışdı”.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASLaçın 1992

Silah-sursat çatışmazlığı o dərəcəyə çatmışdı ki, operatorlar özləri ilə filmlərdə istifadə olunan pirotexniki vasitələri aparmışdılar: “Kinostudiyada pirotexniki vasitələr var idi. Döyüş səhnələrini çəkmək üçün istifadə olunan partlayıcı maddələri özümüzlə aparmışdıq, bəlkə, işimizə yarayar. Bir-iki silahımız var idi. Onlarla imitasiya yaradırdıq ki, guya burada silah çoxdur. 1989-cu ildə Kinostudiyadan götürdüyümüz fişənglə Kərkicahana (Xankəndinin yanında kənd) gəldik”.

6 / 6© PHOTO: COURTESY OF NİZAMİ ABBASSənəd

Şuşada xeyli sayda silah-sursatın olmasına rəğmən, əliyalın qalmaları insanları sarsıtmışdı: “Laçın işğal olunan ayda – may ayında mən orada idim. Həmin dönəmdə Arif Paşanı vəzifəsindən azad etdilər. Bu, bir təxribat idi. Ümumiyyətlə, həmin dönəmlərdə bölgədə avtoritet olan insanları aradan götürürdülər. Laçın köməksiz qalmışdı. Amma Şuşada xeyli sayda silah-sursat var idi, onu sonradan gördük. Biz o silahları görüb sarsılmışdıq”.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASLaçın 1992

Nizami müəllim Laçında qarşılaşdığı tükürpədici mənzərələrdən danışdı: “Laçında tənha qoca qalmışdı. O qoca oranı tərk eləmək istəmirdi. Orada yanacaqdodurma məntəqəsi var idi. Seyidağaya dedim, gəl oranı partladaq. O qoymadı, dedi, bəlkə, çıxmadıq? Yəni inam var idi, elə bilirdik, qayıdacağıq. Yaralı əsgərlərimiz belə vuruşurdular, döyüş əzmi var idi. O dövrdə döyüşən oğlanların bu gün öz oğulları, qohumları vuruşurlar”.

“Biz orada döyüşçü kimi idik. Hər şeyi unutmuşduq” deyən həmsöhbətimiz o vəziyyətə alışdıqlarını bildirdi. Yeganə qorxuları dostlarını itirmək idi: “Bir kadr var, snaryad Seyidağanın yanına düşür. O, həm çəkiliş edirdi, həm də döyüşürdü. Biz döyüşlərdə həmişə bir-birimizi düşünürdük. Mən qorxurdum ki, digər sənət yoldaşlarımı itirə bilərəm, onlar da eynilə mən keçirən hissi keçirirdilər. Onlar da mənə görə narahat idilər. Bunu özümüz seçmişdik, bizi heç kəs ezam etməmişdi.. Könüllü olaraq döyüş bölgəsinə gəlmişdik”.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASNizami Abbas

N.Abbas bu gün fəaliyyət göstərən həmkarlarından narazı olduğunu dilə gətirdi: “Biz uzun illər müharibə şəraitində yaşamışıq. Müharibə hələ də davam edir. Sentyabrın 27-dən mən Müdafiə Nazirliyinin, eləcə də oraya ezam olunmuş operatorların işlərinə baxıram. Təəssüflə qeyd edim ki, çəkiliş olduqca zəifdir. Vaqif Dərgahlı müharibəni çox yaxşı bilir. Amma o, operator yetişdirə bilməz axı. Bu, çox ciddi məsələdir. Bilirsiz, bu bir tarixdir. O cür həvəskar çəkilişlərlə salnamə (tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması) yaratmaq olmaz. Mən orada çalışan dostlarıma səslənirəm, incisələr də deyəcəm. O cür toyxana estetikası ilə müharibə kadrları, işğaldan azad olunmuş bölgələri çəkmək olmaz, onunla tarix yaratmaq olmaz”.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASNizami Abbas

“Kamerayla silah kimi davranmaq lazımdır. Yanında əsgər, zabit silahla necə davranırsa, operator da eyni qaydada davranmalıdır. Döyüş kadrını çəkmək üçün soyuqqanlılıq və peşəkarlıq lazımdır. İşğaldan azad olunmuş bölgələrimizi çəkib göstərirlər. Məsələn, Hadrutun çəkilişlərinə baxıram, deyirəm, bunu haradan tutub gətiriblər? İki dəfə Müdafiə Nazirliyinə bununla bağlı rəsmi müraciət etmişəm. Mən dedim ki, öz professional komandamla hazıram. Mənim 64 yaşım var, ola bilər ki, fiziki gücüm onlar kimi olmasın. Amma sənətlə bağlı müəyyən istiqamətlər verə bilərəm”, – deyə N.Abbas əlavə edib.

© PHOTO: COURTESY OF NİZAMİ ABBASFüzuli-1993

“Qarabağ müharibəsi bağlı çəkilən bədii filmlərimizi necə qiymətləndirirsiniz?” sualına Əməkdar incəsənət xadiminin cavabı belə oldu: “Bizim Qarabağla bağlı çəkilən filmlərimizdə pafos çoxdur. Pafos hər zaman hər şeyi məhv edir. Öncə pafosu yığışdırmaq lazımdır. Hadisələrə pafos nöqteyi-nəzərdən baxmaq lazım deyil. Qarabağla bağlı çəkilən filmlərin əksəriyyəti o hadisələri çatdıra bilmir. Yeganə Ceyhun Mirzəyevin “Fəryad” filmidir ki, o dəhşətləri çatdıra bilib. İndi baxırsan ki, müəyyən bir film çəkilib, geyim 92-ci ilə aid deyil. Bu, uzaq bir tarix deyil ki. O tarixin canlı şahidləri hələ də sağdırlar. Filmə başlamazdan öncə həmin tarixin şahidləri ilə məsləhətləşmək lazımdır”.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …