Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Telman Zeynalov: “Elektrik cərəyanı ilə balıq tutanlar həbs edilməlidir, ağır cəzalandırılmalıdır”

Telman Zeynalov: “Elektrik cərəyanı ilə balıq tutanlar həbs edilməlidir, ağır cəzalandırılmalıdır”

Qida rasionumuzda balıq əti vacib elementlərdən biridir. Təəssüf ki, su hövzələrində son illərdə balıq azalıb. Bunun əsas səbəbi hövzələrin qanunsuz şəkildə torlanması və bir çoxlarının elektrik cərəyanı, zəhərli maddə tökməklə balıq tutmalarıdır. Balıqları kürü tökən zaman ovlanması da onun sayının azalmasına səbəb olan amillərdəndir.

Bəs balıq ovu nə zaman açıq, nə zaman qadağan olunur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə ənənəvi olaraq aprel, may ayları balığın kürü tökən vaxtı olduğuna görə həmin müddətdə balıq ovuna qadağa qoyulub: “Bu işə nazirliyin nəzdində fəaliyyət göstərən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti nəzarət edir. Mühafizə xidməti bilavasitə bu işlə məşğul olur. Xüsusilə nəzarət edilir ki, həmin qadağan olunmuş müddətdə balıq ovu olmasın. Əgər həmin müddətdə qanuna riayət etməyib balıq ovlayan olarsa, bu zaman inzibatı qaydada protokol tərtib edilir və məsuliyyətə cəlb olunur. Balıq ehtiyatlarına vurulan ziyana görə iddia qaldırılır, müvafiq mühafizə orqanlarına verilir və müəyyən tədbirlər görülür. Bu tədbirlər inzibati cəzalar və cərimələrdir. Ancaq vətəndaş həddi aşarsa və qanun pozuntusu halları bir neçə dəfə təkrarlanarsa, bu zaman cinayət işi qaldırılır”.

Ekspertlər qeyd edir ki, əksər balıqlar kürü tökmədən bir qədər əvvəl qidalanmır, bədənlərində olan piydən istifadə edirlər. Bu səbəbdən aprel, may aylarında ovlanan balıqlar o qədər də dadlı olmur.

Bir sıra balıq növləri var də ki, onların ümumiyyətlə ovlanması qadağandır və yaxud müəyyən kvotalar var. Məsələn,  Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində ovlanan bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş tələb edilir. Xarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir.

“Qırmızı Kitabı”a daxil edilmiş dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, Xəzər şirbiti, Xəzər qızılbalığı və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş nərə, bölgə, uzunburun kimi balıq növlərinin ovlanması qanunvericiliklə qadağan edilib. Qanuna əsasən çəkisindən və ölçüsündən asılı olmayaraq, ovu qadağan olunmuş 2 baş balığın icazəsiz ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaradır. Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

tokla balıq tutanlar ile ilgili görsel sonucu

Məlum olduğu kimi bəzi balıq ovu ilə məşğul olan şəxslər özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən, o cümlədən elektrikdən istifadə etməklə balıq ovlamağa çalışır. Belə hal aşkar edildikdə həmin şəxslər 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildiyi təqdirdə 6000 manatdan 9000 manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 700 manatdan 1700 manatadək məbləğdə cərimə edilməsi də nəzərdə tutulur.

Ä°lgili resim

“Elektrik avadanlıqları ilə balıq ovlayan şəxslər canidir”. Bu sözləri ekoloq Telman Zeynalov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Ekoloq qeyd edib ki, elektrik avadanlıqları təkcə balıqları deyil, həm də suda olan kiçik canlıları, həmçinin balıqların yemini məhv edir:

“Doğrudur, dövlət orqanları həmin şəxslərə inzibati qaydada cəza verir. Lakin bu azdır, həmin şəxslər həbs olunmalı, daha ağır cəzaya layiq görülməlidir”.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …