Bazar , Yanvar 29 2023
Ana səhifə / Cəmiyyət / Teatrlarda yaş senzi aranı qarışdırıb

Teatrlarda yaş senzi aranı qarışdırıb

Ötən həftə teatrlarla bağlı xeyli qalmaqal yaşandı. Hər şey millət vəkili Aqil Abbasın “teatr direktorları özlərini ağa kimi aparır, yaşlı aktyorları məcburi qaydada təqaüdə göndərirlər” deməsindən sonra başladı. Millət vəkili bu məsələdə xüsusilə Gənc Tamaşaçılar Teatrının adını vurğulayaraq, bu teatrdan məşhur xalq artisti Tariyel Qasımovun istefaya göndərilməsini tənqid etmişdi.

Sonradan məlum oldu ki, yaşa görə təkcə Tariyel Qasımov deyil, eləcə də xalq artisti Lətifə Əliyeva, aparıcı aktyor Yasin Qarayev, tanınmış aktrisa Məsumə Babayeva da Gənc Tamaşaçılar Teatrının xanım direktoru tərəfindən işdən çıxarılıb.  Barəsində səslənən tənqid və ittihamlara baxmayaraq, xanım direktor susmaq mövqeyində qaldı.

Bunun ardınca teatrşünas alim, professor İlham Rəhimli qalmaqallı açıqlaması ilə gündəmə gəldi. Teatrşünas teatrlarda yaşı 65-i keçən aktyor və aktrisaların ya işdən çıxarıldığını, ya da işəmuzd işlədiyini, həmçinin məşhur xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın Akademik Milli Dram Teatrından işdən çıxarıldıqlarını bildirdi. Doğrudur, bu açıqlama ilə bağlı həm teatrdan, həm də adıçəkilən xalq artistlərindən dərhal təkzib gəldi. Mədəniyyət Nazirliyi isə bildirdi ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur:

“Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Bu, həmin şəxsin çalışdığı müəssisənin səlahiyyətində olan məsələdir. Mədəniyyət Nazirliyi olaraq belə məsələlərə olduqca həssas yanaşırıq. Lakin qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir”.

Nazirlikdən vurğulanıb ki, əksər teatrlarda bu gün də qocaman sənətkarlar çalışır:  “İstənilən teatrın səhnəsində belə qocaman sənətkarlarımızın ifasında müxtəlif tamaşalara baxmaq mümkündür. Ancaq bir gerçəkliyi də unutmaq olmaz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Bu məzunların teatrlarda işlə təmin olunması ciddi problemə çevrilir. Məlum olduğu kimi, teatr elə bir sənət növüdür ki, daim yeni nəfəsə, yeni istedadlara ehtiyac duyur. Teatrların ştatları isə məhdud saydadır və stabildir”.

Mədəniyyət Nazirliyindən vurğulanıb ki, teatrlarda kadr dəyişikliyi labüddür: “Ona görə də imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzunillik təcrübəsindən faydalanmağa çalışırıq”.

Bəs qocaman, sayılı qədər qalmış sənətkarların yaşa görə işdən çıxarılması nə dərəcədə doğrudur? Dünya təcrübəsində bu cür qocaman sənətkarlar ömrünü elə səhnədəcə başa vurur, onların potensialından, təcrübəsindən sona qədər istifadə olunur.

Xəyalə Rəis baş redaktor TƏYİN EDİLDİ – Yenicag.Az

Mövzu ilə bağlı teatrşünas-jurnalist Xəyalə Rəis “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, hesab edirəm ki, sənətin yaşı olmadığı kimi, heç sənətkarın da yaşı yoxdur. Sənətkar səhnədə obrazını canlandıra, öz gücünü, potensialını qoruyub saxlaya bilirsə, ona hansısa yaş damğasının vurulması, yaş senzinin tətbiq edilməsi, sevdiyi, ömrünü verdiyi sənətindən uzaqlaşdırılması ədalətsizlikdir.  Mədəniyyət Nazirliyinin isə mövzuya yanaşması fərqlidir. Səbəb gətirirlər ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur. Belə ki, mədəniyyət, elm, təhsil kimi sahələrdə çalışanlarla bağlı istisna hallar mövcuddur: elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Əgər qanunla danışırıqsa, bəs onda yaşı 65-i keçən teatr direktorlarını niyə işdən çıxarmırsınız, hörmətli Mədəniyyət Nazirliyi? Niyə onları da müqaviləyə keçirmirsiniz? Çox uzağa getməyəcəm, elə ana teatrımız olan Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru  Azər Paşa Nemətovun 75 yaşı var. Çıxardın görək, çıxara bilirsinizmi? Teatrdan çıxarılan aktyorlar mətbuata üz tuturlar. Etiraz edirlər, şikayətlərini bildirirlər. Onları niyə bu vəziyyətə gətirirsiniz? Axı onlar həyatlarını teatra həsr ediblər. İncəsənət adamları çox həssas insanlardır. Teatrdan çıxarılan aktyorlar özlərini tərk edilmiş və lazımsız hiss edirlər. Bunu özünə dərd edən aktyorlar da çox yaşamırlar. Bu qanun nəyə lazımdır?

Əbülfəs Qarayevin dövründən qalma bu qanunlar təəssüf ki, hələ də davam etməkdədir. Məgər tamaşalarımızda yaşlı aktyorlara ehtiyac yoxdurmu? Nənə, baba obrazlarını bəs kim canlandırsın? 18 yaşlı Məcnun obrazını 50 yaşında aktyora oynadan teatrdan artıq nə gözləyək ki? Əgər məsələ yaşdadırsa, o zaman çıxarmağa teatr direktorlarından başlayın. İllərdir öz kreslolarından elə yapışıblar ki, sanki dövlətin deyil, atalarından qalma mirasdır. Təkcə mədəniyyət sahəsində deyil. Məgər 65 yaşını keçən millət vəkillərimiz, nazirlərimiz azdırmı? Gücünüz fağır aktyorlaramı çatır?”

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin  təbliği” mövzusunda hazırlanıb.

Həmçinin oxuyun

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü …