Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Tariximizi dəyişən dörd gün – Bozdağdan atılan mərmi, süngüylə ölümə…

Tariximizi dəyişən dörd gün – Bozdağdan atılan mərmi, süngüylə ölümə…

Hər şey dörd günün içində, o zaman kiçik qəsəbə olan bu şəhərdə və onun ətrafındakı kəndlərdə həll olundu. Və bu dörd günlük ağır döyüşlərin nəticəsiydi ki, şərqin ilk demokratik respublikasının beşikdəcə boğulmasına imkan verilmədi. Və bu döyüşlər, bu ağlasığmaz qəhrəmanlıqlar olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti bir ay keçməmiş süquta uğraya bilərdi.

Hə, bir də o şəhidlər. İki yüzədək şəhid insan. İnsan sözünü əbəs yerə yazmadım. Bu döyüşlərdə bir çinar da sinəsini top mərmisinin qarşısına verib. O çinar ki, 1918-ci ildəki hadisələri özündə yaşadan, onlara şahidlik edən çoxlu sayda maddi-mədəniyyət nümunələrindən biridir. O çinar ki 100 ildən çoxdur bu şəhərin az qala rəmzinə çevrilib. O çinar ki, illərdir onun üzərində bu sözlər yazılmış lövhə vardı:

“1918-ci il 30 iyun. Erməni təcəvüzkarlarının Bozdağdan atdığı top mərmisi bu çinarı sındırdı. Amma məhv edə bilmədi. Bir idi, pöhrələnib dörd oldu. Çinarlı şəhəri göyçaylılarla birlikdə türk dünyasının qəhrəman oğlu Nuru paşa və onun başçılıq etdiyi türk ordusu xilas etdi. Bu tarixi unutma. Bu çinarı unutma”.

İndi, elə bu günlərdə Cumhuriyyətin 100 illiyi ərəfəsində o lövhə orada yoxdur. İcra başçısı göstəriş veribmiş ki, yığışdırılsın. Niyəsini isə heç kim bilmir. Amma bircə bilinən odur ki, neçə gündür sadə insanlar onu bayrağımızın rəngiylə bəzəyiblər…

***

Göyçaydayıq. 100 il əvvəlin hadisələrinə qayıdacağıq. Demokratik cümhuriyyətin taleyinin həll olunduğu Göyçay döyüşlərinə. Tarixçi, prezident təqaüdçüsü, Göyçay şəhər 7 saylı məktəbin direktor müavini Aqil Kəngərli ilə həmsöhbətik. Aqil müəllim deyir ki, Göyçay döyüşləri 1918-ci ilin iyunun 27-dən iyulun 1-ə qədər baş verib.

“Bakı Xalq Komissarları Sovetinin qoşunları Bozdağda (yerli əhali ora “Pələng tullanan” da deyir) mövqe tutmuşdular. Oradan daima Göyçayı atəş altında saxlayıblar. Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri isə Potu kəndində Göyçay çayının sol sahilində “Şahtut”adlanan ərazidən onlara cavab atəşi açırmış. Elə həmin mərmi də Bozdağdan atılıb. Amma ağacı tam məhv edə bilməyib. Biz uşaq olanda – 1977-78-ci illərdə – babalarımız deyirdi, bu çinarın 100-dən çox yaşı var. İndi isə dördbudaq olublar. Sonradan döyüşlərin miqyası bir az da böyüyüb. Artıq Bığır, Qaraməryəm, Qarabaqqal kəndləri də döyüş meydanına çevrilmişdi. Yadımdan çıxmamış bir məqamı da deyim ki, həmin günlərdə Ərəbşahverdi kəndinin əhalisi erməni-bolşevik dəstələri tərəfindən soyqırıma məruz qalmışdı”.

Bakı komissarlarının qoşunları Bakıdan çıxıb üzü Gəncəyə gələnədək artıq yolboyu onlarla kəndi yandırmış, böyük qətliamlar törətmişdilər. İyunun 10-da Gəncə istiqamətində hücuma keçən qoşunlar iki gün ərzində Kürdəmiri işğal edə bilmişdilər. 4 gün sonra isə daşnak və bolşevik birləşmələri artıq Qaraməryəm istiqamətində irəliləyirdilər. Həmin ərəfədə isə Nuru paşanın Qafqaz İslam Ordusu Gəncədən üzü Bakıya tərəf irəliləyirdi. Bakının azad edilməsinə hələ 3 ay vardı. Hələ yaranmasının bir ayı tamam olmamış dövlətin taleyi də elə Qaraməryəmdə, Göyçayda həll olunacaqdı.
Qaraməryəmdə isə artıq döyüş başlamışdı. Yerli özünümüdafiə dəstələri qeyri-bərabər döyüşə girmişdilər. Heç bir döyüş hazırlığı olmayan, zəif silahlanmış qaraməryəmlilər 12 saata yaxın toplu-tüfəngli böyük bir qoşuna müqavimət göstərə bilmişdilər. Məlumata görə, həmin vaxt yüzdən çox şəhid vermişdilər.

Düzdür, Qafqaz İslam Ordusunun alaylarından biri özünü Qaraməryəm çatdıra bilmişdi. Amma döyüş hazırlığı görülmədiyindən və əməliyyat planı istər diviziya, istərsə də ordu komandanlığı ilə razılaşdırılmadığından, nəticəsi uğursuz oldu. Göstərilən bütün cəhdlər boşa çıxdı. Daşnak Hamazaspın başçılıq etdiyi 3-cü briqadanın hissələri isə, əksinə, Qaraməryəmdə daha da möhkəmləndilər və Göyçaya hücum etmək üçün əlverişli mövqelər ələ keçirdilər. Həmin ərəfədə artıq Nuru paşa və general Əliağa Şıxlinski vəziyyətlə daha yaxşı tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq və imkanları bütünlüklə səfərbər etmək məqsədilə cəbhə xəttinə gəldilər.

İlk növbədə Göyçayın işğalının qarşısını almaq üçün Ağdaşdan 2 minlik silahlı dəstə səfərbər edilir. Həmin dəstənin Göyçaya göndərilməsi qərara alınır. Nuru paşanın Göyçay və kəndlərdə yaşayan ağsaqqallarla apardığı görüşlərin nəticəsində Azərbaycan türklərindən könüllülər toplanmağa başlanır. Əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimə cəlb olunur.

Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına baxmayaraq düşmən Nuru paşanın planlarından xəbər tutur. Buna görə də, iyunun 27-də səhər tezdən bolşevik-daşnakların 3 polku Qaraməryəm-Göyçay istiqamətində hücuma keçirlər. Amma Nuru paşanın fitri istedadı və manevri nəticəsində düşmənin qarşısı alınır. Düşmən bir neçə kilometr geri atılır. Nuru paşa qüvvələri yenidən səfərbər etməyə məcbur olur. Çünki artıq hücuma keçmək vaxtı idi. Hücum əmri isə iyunun 29-u səhər verilir. Səhər tezdən başlayan hücumda paşanı ən şox narahat edən problemlərdən biri də içməli su idi. Türk əsgərlərinin içməli suyu arabalarla Göyçaydan gətirilirdi. Silah-sursat təminatı da zəif idi. Bəzən atəş açmaq əvəzinə əsgərlər süngü taxaraq vuruşurdular. Bütün bunlara baxmayaraq, axşama doğru Qaraməryəm azad edilir. Bundan sonra Göyçaya hücum başlayır. İki günlük savaşdan sonra Göyçay da azad olunur.

Ardınca Bakının yolu açılır. Bolşeviklərin ən ağır itkislərindən biri də Müsüslü kəndi ətrafında baş verir. 90 yaşlı Mahmud babanın dediyinə görə, bolşeviklərin qərargahı Müsüslüdə yerləşirmiş. “Mən də bunu böyüklərdən eşitmişəm. Ən ağır döyüşlərdən biri də orada olub. Müsüslü ilə Təzə Şilyan kəndi ərazində böyük bir çöllük var, qocalar ora “erməni batan yer” deyirdilər. xeyli erməni mühasirəyə düşüb qırılıb orda. Amma hamısını ədəb-ərkanla basdırıb bizimkilər. Çöldə atıb getməyiblər”.

Aqil Kəngərli deyir ki, ümumiyyətlə, Göyçay döyüşlərində 200-ə qədər türk əsgəri şəhid olub,156 nəfər isə yaralanıb. Yaralananların böyük əksəriyyəti Gəncəyə aparılıb. Həmsöhbətimizin dediyinə görə, onlardan çox azının məzarının yeri məlumdur. “Birinin qəbri Bığır kəndindəki Türk dağındadır. Elə o ərəfədəki döyüşlərdən sonra cammat dağı elə adlandırıb. Başqa birinin qəbri Arvan dərəsindədir. Başqa birinin qəbri isə Göyçaydan İsmayılının Mollaisaqlı kəndinə gedən yolda dağların arasındadır. Sizə bir maraqlı fakt da deyim. Həmin türk döyüşçülərindən biri Osman Dədəoğlu yaralanıb Göyçayda qalmışdı, sonradan elə buradaca ailə qurmuşdu. 30-cu illərdə isə həbs olunub Sibirə sürgünə göndərilmişdi. Qayıtdıqdan sonra ta 1984-cü ilə, vəfat edənədək Göyçayda yaşamışdı. Məzarı Göyçayın Cəyirli kəndindədir. Qızı, nəvə nəticələri hələ də orada yaşayır”.

***

Biz həmin ailəni tapdıq. Necə deyərlər, film kimi bir həyat yaşayıb Osman baba. Azərbaycanda yaşadığı 66 il ərzində başına nələr gəlməyib, nələr…

– Osman Dədəoğlu Göyçayda niyə qalası olmuşdu?

– Onu Sibirə niyə göndərmişdilər?

– Vətəni Tekirdağa göndərdiyi məktubda nələr yazılmışdı?

– 57 ildən sonra qardaşı Hüseynin ona yazdığı məktubda nələr var?

– Əmisioğlu Göyçayda onun ailəsini tapanda nələr baş verdi?

– Bəs Türkiyənin Azərbaycandakı səfiri Cəyirliyə niyə gəlmişdi?

Musavat.com-da qalın. Çox maraqlı olacaq…

Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb. Ölkələr …