Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / TANINMIŞ VƏKİL PREZİDENTƏ MÜRACİƏT ETDİ

TANINMIŞ VƏKİL PREZİDENTƏ MÜRACİƏT ETDİ

Tanınmış vəkil Qurban Məmmədov Prezident İlham Əliyevə mülki və cinayət prosessual qanunvericiliyindən “nümayəndəlik institutu”nun aradan qaldırılması və ya məhdudlaşdırılması istiqamətində cəhdlər edilməsi ilə bağlı müraciət ünvanlayıb. Azinforum.az həmin müraciəti təqdim edir:

“Hörmətli Prezident!
Müəyyən dairələrin, xüsusilə də, AR Vəkillər Kollegiyasının RH-nin sədri Azər Tağıyevin təşəbbüsü ilə, mülki və cinayət prosessual qanunvericiliyindən “nümayəndəlik institutu”nun aradan qaldırılması və ya məhdudlaşdırılması istiqamətində cəhdlər edilir.
Aldığım məlumata görə, bu barədə qanunvericilik təşəbbüsü də var və qanun layihəsi artıq parlamentə təqdim edilib. Hətta komissiyalarda ilkin müzakirələr də keçirilib.
Cənab Prezident!
Məqsəd vəkillər üçün “məcburi bazar”, “zorən müştəri” ordusu yaratmaqdır. Bütövlükdə isə, bu addım xalqımızın maraqları ziddinədir və rəqabət mühitini aradan qaldırır.
Əvvəla, qanunda ediləcək bu dəyişiklik insanların seçim imkanlarını məhdudlaşdıracaq.
Kimin hüquqi yardımından istifadə etmək, kimi özünə müdafiəçi, nümayəndə seçmək vətəndaşın şəxsi hüququdur.
Bu niyyətlərini, guya AR Konstitusiyasının 61-ci maddəsində nəzərdə tutulan “keyfiyyətli hüquqi yardım almaq hüququ”nun təmin edilməsi məqsədilə pərdələmək istəyənlərin niyyətləri ilk baxışda ali görünsə də, əslində, olduqca zərərli nəticələr verəcəkdir.
İkincisi, indiki ağır iqtisadi durumda minlərlə hüquqşünas işsiz qalacaq, ailələrini dolandıra bilməyəcək və narazı kütlələrə qoşulmağa məcbur olacaqlar.
Üçüncüsü, məhkəmələrdə, onsuz da ağır olan iş yükü tam əsassız olaraq artacaq.
Dördüncüsü, İmkansız vətəndaşlar ya müdafiə hüquqlarından istifadə edə bilməyəcəklər, ya da hakimlərin vaxtının çoxu adamlara vəkil-nümayəndə təyin etmək üçün qərardadlar yazmağa sərf ediləcək.
Bu barədə çox arqument gətirmək olar. Düşünürəm ki, məni anlayışla qəbul edəcəksiniz.
Xahiş edirəm, bu ziyanlı qanun layihəsinin geri çağırılması üçün öz səlahiyyətlərinizdən istifadə edəsiniz.
Göstərəcəyiniz diqqətə görə, öncədən minnətdarlığımı bildirirəm.
Hörmət və ehtiramla, hüquqşünas Q.C.Məmmədov”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın