Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / “Tabutun üzərindəki bayrağı üfürə-üfürə saxlayıram” – Aprel şəhidinin xanımı

“Tabutun üzərindəki bayrağı üfürə-üfürə saxlayıram” – Aprel şəhidinin xanımı

Hər qələbə xəbərini eşidəndə elə bilirəm ki, Elnur yenidən dünyaya gəlib. O dərəcədə sevinirəm. Əminəm ki, Elnur da sevinir, ruhu şad olur. Hər günümü ümidlə açıram ki, daha bir uğurlu xəbər eşidəcəyəm.

Bunu Azvision.az-a 2016-cı ilin Aprel döyüşlərindən şəhid olan mayor Elnur Əliyevin həyat yoldaşı Nuranə Əliyeva deyib. Şəhid xanımı bildirib ki, torpaqlarımızın işğaldan azad olunması şəhid ailələrinin yanan ürəyinə su səpir.

“Elə bilirəm ki, şəhidlərimiz yenidən doğulur. Həsrətlə Füzulinin işğaldan azad olunacağı günü gözləyirəm. Oğlum Elvinin 13 yaşı var, 8-ci sinifdə oxuyur. Hərbçi olmaq istəyir. Çünki uşağın ürəyində qisas, kin var. Neçə gün idi onu fikir götürmüşdü ki, müharibə olsa, sonu necə ola bilər? Birdən şəhidlərimizin qanı batar. Uşaq yaşı ilə hadisələri o qədər dərindən fikirləşirdi. Dedim, qorxma, Azərbaycanın atan kimi elə qeyrətli oğulları var ki, heç bir qüvvə bizi məhv edə bilməz.

Mən övladlarını cəbhəyə göndərən analara demək istəyirəm ki, təmkinli olun, savaş olmalıdır. Biz var olmağa haqqı çatan xalqıq. Qisas övladlarımıza qalmasın. İşğala son qoyulsun. Qələbə xəbərləri uşaqlarımızın qəlbinə su səpilsin”.

N. Əliyeva şəhid ailəsi olaraq Azərbaycan Ordusuna güvəndiyini söyləyib: “Mənim nənəm Füzulidə yaşayır. Orada birlik var, hamı bir nəfər kimi orduya dəstəkdir. Hamı qələbəni gözləyirdi. Qələbəmizə, savaşımıza laqeyd olan varsa, deməli, o, azərbaycanlı deyil. İllərdir ki, gözlədiyimiz günləri yaşayırıq. Əminəm ki, Elnur aramızda olmasa da, ruhu şad olur. Onun tabutunun üzərində bayraq verilmişdi. O bayrağı üfürə-üfürə saxlayıram. Füzuli işğaldan azad olunanda bayrağımızı aparıb Elnurun anadan olduğu Dədəli kəndində sancacağam”.

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …