Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / Təhsildə keyfiyyət problemi və … valideyn ianəsi – çıxış yolu nədir?

Təhsildə keyfiyyət problemi və … valideyn ianəsi – çıxış yolu nədir?

Azərbaycanda təhsilin keyfiyyətsizliyi cəmiyyəti narahat edən ən mühüm problemlərdən biri, bəlkə də birincisidir. Uzun illərdir bu problemdən qurtulmaq mümkün olmur. Təhsil sistemindəki rüşvətxorluq, korrupsiya amilləri təhsilin keyfiyyət problemini bir çox hallarda arxa plana keçirir.

Xüsusilə orta məktəblərdə valideynlərdən bu və ya digər adla pul toplanması adi hala çevrilib. Danılmaz faktdır ki, hazırda orta məktəblərdə siniflərin cari təmirdən tutmuş, süpürgə, tabaşir, lövhə, kağıza qədər bütün ehtiyacları valideynlərdən toplanan pullarla təmin edilir. Bu zaman əksər hallarda valideynlərin imkanının olub-olmaması nəzərə alınmır, bəzənsə pul verməyən valideynlərin övladları məktəblərdə qısnamalara məruz qalır. Bütün bu hallar isə cəmiyyətdə məktəb, ən əsası, müqəddəs peşə olan müəllim adına kölgə salır, eyni zamanda dövlətin təhsilə ayırdığı milyardlarla manat vəsaitin səmərəsiz qalmasını şərtləndirir.

Habelə, son illər repetitorluqla bağlı ciddi problemlər ortaya çıxıb. Belə ki, məktəbdə keyfiyyətli təhsil ala bilməyən şagirdlər ali məktəbə daxil olmaq üçün kütləvi şəkildə fərdi hazırlığa cəlb olunurlar.

Məlumat üçün bildirək ki, 2021-ci ildə dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 197 milyon manat xərclənməsi proqnozlaşdırılıb. Gələn ilin dövlət büdcəsindən isə təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılması proqnozlaşdırılır. Büdcə layihəsinə əsasən bu vəsaitin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3 milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 015 min 701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Dövlət bu vəsaitlərdən əlavə investisiya qoyuluşu xərcləri çərçivəsində orta məktəblərin təmiri, yenilərinin tikintisinə irihəcmli pullar xərcləyir. İndiyədək 3500-dək orta məktəb ya yenidən tikilib, ya da təmir olunub. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə 30 təhsil müəssisəsi inşa və əsaslı təmir olunub. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb. 

2021-2022-ci tədris ilində respublikanın məktəblərində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılıb. Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir. Müqayisə üçün bildirək ki, 2020-21-ci tədris ilində ölkədə 4397 orta ümumtəhsil məktəbi mövcud olub. Həmin dövrdə ölkənin ümumi orta təhsil müəssisələrində (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri istisna olmaqla) 149 386 min müəllim və rəhbər heyət çalışıb.

Nazirlikdən Müəllimlər Günü münasibətilə məktəblərdə pul yığılmasına  reaksiya - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Qeyd edək ki, əksər hallarda müəllim və məktəb rəhbərlikləri valideynlərdən pul istəyərkən bunu dövlətin ayırdığı vəsaitin yetərli olmaması ilə əsaslandırırlar. Bir çox hallarda bu iddialar əsaslı olur: dövlətin ayırdığı vəsait son təyinat nöqtəsinə yalnız kağız üzərində çatır. Yəni vəsaitlər kağız üzərində məktəbin ehtiyaclarına sərf olunur, reallıqda isə ayrılan məbləğin heç onda biri belə məktəbə qədər gedib çatmır. Belə bir şəraitdə təhsil naziri Emin Əmrullayevin valideynlərin məktəbə ianələrini məqbul sayaraq, bu prosesin könüllü olmasının gərəkdiyini deməsi cəmiyyətdə böyük rezonansa səbəb oldu. Əksər mütəxəssislər nazirin dediyi variantın indiki şərtlərlə mümkün olmadığını bildirirlər.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, təhsil nazirinin orta məktəblərdə “insanlar könüllü pul verə bilər” fikri doğru yanaşma deyil: “Doğrudur, onun bu çıxışı mövcud qanunvericilikdən kənara çıxmır və ”Təhsil haqqında” Qanun məktəblərə könüllü ianələrin toplanması haqqını tanıyır. Hətta qanun bu mexanizmə yaşıl işıq yandırsa belə, hazırkı şərtlərdə bunun 2 “əmma”sı var. Əvvəla, bizdə könüllü deyilən istənilən təşəbbüs reallıqda məcburi olur. Digər vacib məqam: məktəblərin maliyyə fəaliyyəti nə vaxt şəffaf olarsa, illik hesabatlarını məktəbin məlumat lövhəsində hər kəsin maneəsiz tanış ola biləcəyi yerdə asarlarsa, insanlar hər qəpiyin şəffaf xərcləndiyini görəndən sonra könüllü ianə təşəbbüslərinə də qoşularlar. Əlavə olaraq da məktəblərin belə hesabatlı olması üçün onların maliyyə muxtariyyəti qazanması, sərbəst subyektlər kimi müstəqil bank hesablarına sahib olması önəmlidir”.

Rövşən Ağayev: "Ənənəvi regional inkişaf proqramlarından imtina edilməlidir"

Rövşən Ağayev

R.Ağayevin sözlərinə görə, Azərbaycanda təhsilin keyfiyyəti məktəblər üzrə kəskin fərqlənir: “2020-ci ilin göstəriciləri əsasında bütün rayonlar üzrə məktəblərin nəticə göstəriciləri əsasında reytinqini hazırlayıram. Müqayisəni əldə olan mümkün məlumatlar (9 illik və 11 illik təhsil üzrə buraxılışın, ali məktəbə qəbulun nəticələri) əsasında aparmağa çalışıram. Qeyd olunan 3 göstəricinin statistik ortasına görə hətta eyni rayonun daxilində məktəblərin performansında həddən artıq böyük fərqlər var. Məsələn, Beyləqan rayonunun timsalında baxdım, ən yüksək nəticə göstərən məktəbin nəticəsi ən pis nəticəyə malik məktəbdən az qala 4 dəfə yüksəkdir. Keyfiyyət baxımından bu qədər fərqli nəticənin olduğu halda hər 2 məktəbin müəllimlərinin eyni maaş sisteminə malik olması effektiv sayıla bilməz, eyni zamanda ədalətli də deyil. Peşəkar və yüksək nəticəyə görə müəllimlərin maaşı hətta məktəblər üzrə fərqli olmalıdır. Amma məktəb menecmentini dəyişmədən, məktəblərə maliyyə və inzibati muxtariyyət əsasında özünüidarə hüququ vermədən bu islahatlar mümkün olmayacaq”.

Dövlətə məxsus orta məktəblərdə verilən təhsilin cəmiyyəti qane etmədiyi də ortada olan faktdır. Bunu repetitorluğun son dərəcə geniş yayılması da sübut edir. İndiyədək yalnız 9-11-ci siniflərdə şagirdlər repetitor yanına göndərilirdisə, indi artıq ibtidai siniflərdə də buna başlayıblar. R.Ağayev bildirir ki, repetitorluğun artıq bütün siniflərə yayıldığı dəqiqdir: “Amma nəticəyə təsir baxımından ali məktəbə qəbulda daha böyükdür, çünki 10-11-ci siniflərdə daha kütləvi hal alır. Digər tərfədən, aşağı siniflərdə repetitorlar bir qayda olaraq məktəbin daxilində, onun öz müəllimləri vasitəsilə baş verir. Ona görə də 9-cu sinfin nəticələri daha çox məktəblərin real durumunu əks etdirir. Amma universitetlərə qəbulda repetitorluğun coğrafiyasi yoxdur – hətta kəndlərdən uşaqlar tədrisin son 2 ilində rayon mərkəzlərinə, paytaxta belə köç edirlər”.

Müsahibimiz qeyd edir ki, dövlət büdcəsindən ayrılan vəsaitin çox cüzi bir hissəsi orta məktəblərin maddi-texniki təchizatına, cari saxlanmasına sərf olunur: “Bütün məktəblərin maliyyəsini regionlar üzrə təşkil edilmiş hesablama mərkəzləri təmin edir. Sizə ən son rəqəmi deyim: orta təhsil büdcəsinin 97.5 faizi əmək ödənişi xərcləridir. Bura əmək haqqı+sosial sığorta ayırmaları daxildir. Cəmi 2.5 faiz qeyri-əmək ödənişi xərcləri nəzərdə tutulur büdcədə – manat ifadəsində təxminən bütün məktəblər üzrə 35 milyon. manat. Ondan da 22 milyon manatı kommunal xidmətlərə, 5 milyon manat isə bank xərclərinə gedir. İndi qalanını özünüz düşünün”.

Məktəblərdə "Müəllimlər günü" ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Maraqlıdır ki, təhsilə ayrılan vəsaitlərin 97 faizindən çoxu müəllimlərin əmək haqqına sərf olunsa da, onların əmək haqqının yüksək olduğunu da söyləmək mümkün deyil: “Təhsil nazirinin müavini İdris İsayevin məlumatına görə, hazırda orta təhsil sistemində müəllimlərin 82 faizi ali təhsillidir və onların orta aylıq vəzifə maaşları 264 manat təşkil edir. Bu məlumat orta məktəblərdə dərs yükü ilə bağlı vəziyyətin katastrofik dərəcədə pis olduğunu göstərir”.

Ekspertin sözlərinə əsasən, hazırda qüvvədə olan əmək haqqı sxeminə görə, ən aşağı staja (3 ilədək) malik ali təhsilli müəllimlərin aylıq vəzifə maaşı 460 manat təşkil edir: “Nəzəri olaraq heç bir müəllim 18 saatlıq minimum stavkadan aşağı dərs yükünə malik olmasa idi, orta məktəb müəllmlərinin minimum maaşı 460 manatdan aşağı olmayacaqdı, orta maaşlar isə 500 manatın üzərində olacaqdı. İndiki halda isə 82 faiz ali təhsilli müəllimlərin orta aylıq vəzifə maaşının 262 manat təşkil etməsi o deməkdir ki, az qala onların yarısı minimum dərs yükünə sahib deyillər – 250-300 manata adekvat dərs saatına malikdirlər. Məncə, bu vəziyyət müəllimlərin maddi təminatları baxımından çox fəlakətli durumun qara rəngli tablosudur”.

İqtisadçı-ekspert əmindir ki, məktəblərə maliyyə muxtariyyəti verilib, şəffaf menecment yaradılmasa, təhsil sistemindəki problemləri həll etmək, təhsilin keyfiyyətini yüksəltmək mümkün olmayacaq. Musavat.com

Həmçinin oxuyun

Müsavat başqanının müavini: “Atam məni şillələyən müəllimə dedi ki…“

Son günlər orta məktəblərdə baş verən özbaşınalıqlarla bağlı siyasilər də fikir bildirməyə başlayıblar. Müsavat başqanının …