Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Təhsil eksperti valideynlərə səsləndi: “Karantin dövründə uşaqlarınızı mütaliəyə yönəldin”

Təhsil eksperti valideynlərə səsləndi: “Karantin dövründə uşaqlarınızı mütaliəyə yönəldin”

Məlum olduğu kimi, ölkədə mart ayının 3-dən etibarən martın 29-a kimi ali və orta ixtisas, həmçinin orta ümumtəhsil məktəbləri, o cümlədən uşaq bağçaları tətilə bağlanıb. Bu sahədə ən böyük problem isə orta məktəb şagirdləri yaşayırlar, onlar tədris proqramından geri qalırlar. Bu halların qarşısını almaq və koronavirus tədbirlərinin tədris proqramına təsirini azaltmaq üçün Təhsil Nazirliyi teledərslər keçir. 

Valideynlər isə bəzən övladlarını idarə etməkdə, onlara dərslərini başa salmaqda çətinlik çəkirlər. Bu mənada təhsil ekspert Kamran Əsədovun valideynlərə bəzi tövsiyələri var. 

Musavat.com-a danışan ekspert bildirib ki, həm uşaqların dünya görüşünün artırılması , həm də evdə daha rahat davranış modelinin təmin edilməsi üçün uşaqların mütaliəyə yönəldilməsi mühümdür: “Ölkə üzrə ümumi təhsil müəssisələrinin hər birində kitabxana mövcuddur. Dərsliklər 4 ildən bir 100 faiz yenilənir. Bu sahədə çatışmazlıqlar olduğu halda, hər tədris ili öncəsi məktəblər ehtiyac olan kitablarla təmin olunur.  Cari tədris ili üçün kitabxanalar yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlərlə dövlət hesabına tam təmin olunub. Sovet dövründə hər həftə sonu dərs saatlarının biri sinifdən xaric oxuya həsr olunurdu. Müəllimlər şagirdlərin hansı kitabları oxumaq arzusunda olduğunu öyrənirdi. Yəni, şagirdlərin bədii ədəbiyyat oxuması üçün müəllimlər tərəfindən planlı iş aparılırdı. Hansı yazarın əsərini sinifdən xaric oxu saatına salmaq istəyirdilərsə, o yazıçı barədə, onun əsərləri barədə uşaqlara məlumat verilirdi. Şagirdlərdə həmin əsərə qarşı maraq oyanırdı. Beləcə şagird o kitabı tapıb oxumağa özü maraq göstərirdi. Vaxt vardı ki, şagirdlər məktəbdən qucaq dolusu kitabla qayıdırdılar. Tətil müddətində, həftə sonu o kitabları oxuyub hissə-hissə kitabxanaya qaytarırdılar”. 

Ekspertin sözlərinə görə, indi şagirdlərin çoxu heç məktəb kitabxanasının hansı mərtəbədə olduğunu, yolunu tanımır: “Buna səbəb, məktəblərdə sinifdən xaric oxu saatlarının və elmi yanaşmanın yoxluğudur. Uşaqlarla bu istiqamətdə işləmək, yaranmış boşluğu doldurmaq üçün elmi yanaşmaya ehtiyac var. Təəssüf ki, bu gün ölkəmizdə belə bir elmi yanaşma yoxdur. Düşünürəm ki, bu istiqamətdə proqram hazırlanmalıdır. Onda aydınlaşacaq ki, müasir dövrün uşaqlarını hansı addımlarla kitaba həvəsləndirmək olar. Uşaq vaxtı mənim üçün ən böyük hədiyyə elə kitab idi. Bu heç də qeyri-adi qabiliyyətimdən xəbər vermirdi. Bu əslində həmin dövrün mühitinin kitaba olan münasibətilə bağlı idi. Həmin illərdə kitaba böyük hörmət olub. Kənddəki kitabxanaçı belə hörmətli adam sayılırdıq”. 

Kamran Əsədovun fikrincə, internetin geniş yayılması da kitaba münasibəti dəyişib: “Bu gün uşaqların informasiya almaq mənbələri dəyişib. Şagirdlərin çoxu internet istifadəçisinə çevrilib. Bu isə keyfiyyətli nəsil yetişdirmək problemini daha da aktuallaşdırır. Qloballaşmanın sürətlə getdiyi bir vaxtda yetişməkdə olan nəslin daha keyfiyyətli olmasına çalışmalıyıq. Təbii ki, həmin keyfiyyətin yüksək olmasında da mütaliyə, kitabın rolu böyükdür. Bunun üçün uşaqlarımızın kitaba münasibətini formalaşdırmaq lazımdır. Amma hər kitaba da yox. Bizim dövrümüzdə sovet ideologiyasına uyğun olsa da, ortada olan kitabların mütləq əksəriyyəti tərbiyəvi xarakter daşıyırdı. İndi isə bazarda olan kitabların bəziləri neqativ xarakter daşıyır. Ona görə uşaqlarda kitaba həvəsi artırmaqla yanaşı, onların daha faydalı kitablar oxumasına çalışmalıyıq. Çox təəssüf ki, bu sahədə boşluq var”. 

Təhsil eksperti onu da diqqətə çatdırdı ki, bu gün uşaq ədəbiyyatı ilə bağlı Azərbaycanda boşluq var: “Uşaqların yaşlarına uyğun kitablar yazılmır. Ona görə də onların çoxu xarici ədəbiyyata maraq göstərir. Çalışmalıyıq ki, məktəb kitabxanalarını zənginləşdirək. Eyni zamanda məktəblərdə hər dəfə bir ədibin yaradıcılıq gecəsini təşkil etməklə şagirdlərdə həmin yazarın əsərlərini  oxumağa həvəs yaratmaq mümkündür. Real vəziyyət odur ki, müasir dövrdə uşaqlara məcburi kitab oxutmaq mümkün deyil. Ona görə də, tələbləri öyrənib kitaba maraq yaratmaqda yeni yanaşma tətbiq etməyə ehtiyac var. Bu işdə məktəb kitabxanaları da aktiv olmalı, işini ancaq gələn şagirdə kitab yazıb verməklə bitirməməlidir. Təklif edirəm ki, şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunu təbliğ etmək məqsədilə ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində “Oxu günləri”nin keçirilməlidir. Burada Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar və ədəbi-bədii kompozisiyalar təşkil edilməli və onu lolak məkanda, ildə bir dəfə yox, mütəmadi olaraq təşkil etmək lazımdır.Və əsas da hesabatlılıq olmalıdır ki, görülən işlər faydalı olsun. Düşnrəm ki, bu gün məktəblilərin oxuya marağının artırılması istiqamətində tədris ocaqlarında intellektual klublar təşkil olunmalıdır, mütaliə dərnəkləri geniş yayılmalıdır”.

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …