Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / Təhlükəli işlərdə çalışanların hansı hüquqları var? – Hüquqi yardım

Təhlükəli işlərdə çalışanların hansı hüquqları var? – Hüquqi yardım

Bu dəfə müraciət etdiyimiz mövzu əməyin mühafizəsi ilə bağlıdır. Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib və bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur. 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur.( 2016-cı ilə olan məlumat)

Əməyin mühafizəsi nə deməkdir?

Mövzu ilə bağlı Femida.az-ın suallarını cavablandıran hüquqşünas Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndində əməyin mühafizəsi anlayışı belə verilib:

“Əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir”. Bu sistem əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir.
Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və sağlamlığın qorunması hüququna malikdirlər.

Bəs əməyin mühafizəsi necə qorunur?

Vüqar Səfərlinin sözlərinə görə, əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi şərtlərinin pozulmaması üçün aşağıdakı bəndlərə əməl edilməlidir.

1. Əmək müqaviləsinin bağlanması şərtləri Əmək Məcəlləsi ilə ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır.
2. Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir.
3. İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı saxlanılmaq şərtilə başqa iş verməlidir.
4. İşçilərin peşə xəstəliyinə tutulması ehtimalı olan istehsalatlar və iş yerləri siyahıda nəzərdə tutulmalıdır.

Müəssisədə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik kimin üzərinə düşür?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur.

Əməyin mühafizəsinin pozulması nə ilə nəticələnə bilər?

– Əməyin mühafizəsinin pozulması istehsalatda baş verə biləcək bədbəxt hadisələrə gətirib çıxara bilər ki, bu da işçilərin sağlamlığının pozulması ilə nəticələnəcək.Qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

Həmçinin oxuyun

“Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, …