Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / ŞUŞA – UCALAN AZƏRBAYCANDIR!

ŞUŞA – UCALAN AZƏRBAYCANDIR!

Eyforiyaya qapılmadan, aldığım tarixi-coğrafi bilgilər əsasında tam məsuliyyətlə bir daha deyirəm ki, Azərbaycanımız Tanrının xoş saatında yaranıb. Bu müqəddəs məkanın hər guşəsi gözəldir. Onun dəniz sahilinə də, dəniz səviyyəsindən yüksəkliyinə də, aranına da, dağına da Tanrı əli çəkilib.

Onun hər qarışı bizim üçün doğma və əzizdir. Amma bir etirafda bulunaq ki, ŞUŞA biz azərbaycanlılar üçün daha müqəddəs, daha əzizdir. Şübhəsiz ki, bu da Tanrı işidir.

Məlum həqiqətdir ki, hər birimiz doğulub, boya-başa çatdığımız kənd və rayonu daha çox sevirik. Bu, təbii qəbul olunur. Amma bütün azərbaycanlıların gözündə-könlündə məxsusi bir ŞUŞA sevgisi var. Bu özəl sevgini yalnız kitab-dəftər təbliğatı ilə bağlamaq nə doğru deyil, nə də insafdan. Bu sevginin səbəbləri izaholunandan daha çox mübhəmli və sirlidir… Bu sevginin (ümumən sevgi izaholunmaz bir nəsnədir) real izahı qədər izaholunmaz irreallıqları da vardır. Bəlkə də, bu sevginin gözəgörünməz sirləri daha çoxdur. Bu sevginin nədənini və niyəsini hər şeyin doğrusunu bilən bir olan Tanrı bilir.

Bilmirəm, Şuşanı niyə belə ürəkdən-candan sevirik. Onun vəsfinə nələr deyilməyib. Zaman-zaman yazarlarımız ən möhtəşəm məcazları onun şəninə söyləyiblər. ŞUŞA Qarabağın tacı, üzük qaşı, qənirsiz gözəli adlandırılıb.

Üzük demişkən, bu məqamda yazmamaq mümkün deyil. XIX əsrdə yaşayıb-yaratmış Azərbaycanın böyük ürfan şairi, Laçın rayonun müqəddəs Cicim ocağında doğulmuş, sonradan külli-Qarabağ torpağında yaşamış Şeyx Mirhəmzə Əfəndi Seyid Nigarinin öz silsileyi-şəcərəsi haqqında yazdığı şeirdən nümunə gətirəcəyim bir misra Şuşanın Azərbaycan üçün müqəddəsliyini əyani şəkildə təsdiqləyir. Füzuli ədəbi məktəbinin ünlü davamçısı deyir: 

”Müntəxəbsən, silsileyi-zəhəbsən”. 

Bu gün də dilimizdə işlənən hər üç söz ərəb mənşəlidir. Aydınlıq üçün deyək ki, müntəxəb – seçilmiş, bəyənilmiş, silsilə – zəncir, bir-birinə bağlı olub, bir sıra təşkil edən şey, zəhəb – qızıl mənalarını ifadə edir. Görkəmli şairin bu misrası ŞUŞAnın könüllərdəki yerini çox munis ifadə edir. 

Doğrudan da, ŞUŞA biz azərbaycanlılar üçün seçilən, fərqlənən bir məkanın ünvanıdır. ŞUŞA biz azərbaycanlıları mənən birləşdirən bir qutsal məkandır. ŞUŞA-onun təməlini qoymuş Pənahəli xandır. ŞUŞA – Natəvandır. ŞUŞA – Üzeyir bəydir. ŞUŞA – Nəvvabdır. ŞUŞA – Cabbar Qaryağdıoğludur. ŞUŞA – Bülbüldür. ŞUŞA – Xan Şuşinskidir. ŞUŞA – Azərbaycanın Musiqi Konservatoriyasıdır. ŞUŞA – Azərbaycanın Mədəniyyət Ensiklopediyasıdır. ŞUŞA – Azərbaycan mədəniyyətinin kanıdır (Məqsədli olaraq bu məqamda kan yazdım. Sözlərin məna yükü eyni olsa da, kan məkandan daha tutumludur). ŞUŞA Azərbaycan mədəniyyətinin beşiyidir. Onsuz Azərbaycanı və onun mədəniyyətini təsəvvür etmək mümkün deyildir. Bu gün bütün Azərbaycan Şuşa təşnəsidir. Susuz dodaqlar kimi dodaqlarımız ŞUŞA deyib çatlayır. Ürəklərimiz ŞUŞA deyib partlayır. Milyonlarla könüllər ŞUŞA üçün nanə yarpağı kimi əsim-əsim əsir.

ŞUŞA biz azərbaycanlıları birləşdirən dəyərlərin simvoludur. ŞUŞAnı belə qutsal, müqəddəs saymağımızın bir səbəbi həm də onun ucalıqda yerləşməsi ilə bağlı ola bilər. ŞUŞAda Azərbaycan bayrağının dalğalandığı məqamda bütün Azərbaycan mənən, ruhən ucalacaqdır. O ucalıq məqamına çox az qalıb.

ŞUŞA – UCALAN AZƏRBAYCANDIR!

ŞUŞAnın qərar tutduğu ucalıqla Azərbaycanımız daha möhtəşəm görünəcəkdir.

Xeybər Göyyallı

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …