Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Sumqayıtda nüfuz savaşı: oliqarxlar başçıya güc göstərir

Sumqayıtda nüfuz savaşı: oliqarxlar başçıya güc göstərir

Xəbər verildiyi kimi ötən gün Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirib. Aksiyaya səbəb ticarət mərkəzində icarə haqlarının çox olması olub. Onu da bildirək ki, bu eyni tələblə və eyni ünvanda keçirilən ikinci aksiya olub. Bundan öncəki aksiyada sahibkarlara icarə haqqlarının azaldılması ilə bağlı vəd verilsə də hələ də yerinə yetirilməyib. Son vaxtlar ölkənin bir çox bölgələrindən aksiya xəbərləri yayılır. Bu baxımdan Sumqayıt şəhərindəki aksiya adi, digər etiraz toplanışlarından biri kimi görünə bilər. Amma bu yalnız ilk baxışda belədir. Məsələnin mahiyyəti isə tamamilə fərqlidir. Çünki baş verən son iki aksiyanın səbəbi yerli icra orqanları deyil, iri sahibkarlardır.
Oliqarxların birliyi
Əslində Sumqayıtda aksiya haqda hələ neçə gün öncə xəbərlər yayılmışdı. Bəzi rayonlarda sosial narazılıqla bağlı keçirilən aksiyaların Sumqayıtda da baş tutacağı haqda hətta sosial şəbəkələrdə də məlumatlar yayılmışdı. Ancaq bu xəbərlər təsdiqini tapmadı. Hələ o dönəmdə cumhuriyyet.az olaraq bildirmişdik ki, aksiya təxribatı Sumqayıt oliqarxlarının icra başçısına cavab jestidir. Sumqayıtda bir çox qanunsuz tikintilərə qarşı sərt tədbirlərin anonsun verən icra başçısına qarşı Sumqayıt oliqarxlarının bir araya gəlməsindən bəhs edərək yazaraq bildirmişdik ki: “Z.Fərəcov haqda mediaya və ictimai rəyə müxtəlif məlumatlar ötürmək, onun haqda “yuxarılar”da mənfi obraz yaratmaq və nəhayət son vaxtlar bəzi bölgələrdə baş tutan etiraz aksiyalarına Sumqayıtda da nail olmaq, bununla da yeni icra başçısına yerini göstərməkdən ibarətdir. Əllərində böyük kapital olmasına rəğmən “oliqarxlar birliyi”nin artıq öz məqsədlərinə çatmadığını söyləmək olar. Çünki “qara piar” kampaniyası gücləndikcə Z.Fərəcov da planladığı işlərin icrasında israrlı görünür. Digər bir tərəfdən hətta sosial şəbəkələrdə anonsu verilən “Sumqayıt üsyanı” baş tutmadı. Beləliklə hazırki durumu, oliqarxların iflası kimi xarakterizə etmək olar”.
Axı, bu oliqarxlar kimdir?
Bəlkə də biznes sahibi olan şəxslərin belə riskli siyasi təxribata imza atmaları inandırıcı görünmür. Amma bir faktı da unutmaq olmaz ki, Sumqayıt da qaunsuz tikililərə, uzun illər bu şəhərdə “hakimi-mütləq”ə çevrilmiş çeteyə qarşı bundan əvvəlki icra başçıları da “səlib yürüşü” elan ediblər. Nəticədə həm Vaqif Əliyev, həm də Eldar Əzizov bəlli qüvvələrin gücü qarşısında geri çəkilib. Hələ sovet dövründən şəhərdə ciddi kapital sahibləri kimi tanınan Zaman İsgəndərov (Sumqayıt Univermağının sahibi, hazırda onun biznesinin əsas idarəçisi oğlu Nizami İsgəndərov sayılır), Tofiq Hüseynov (Sumqayıt çörək zavodunun sahibi), Sabir Tanrıverdiyev (Sumqayıt maşın bazarının sahibi, bir neçə aydır ki dünyasını dəyişib, amma obyektləri varisləri tərəfindən idarə olunur) və Ağamirzə Əhədova (Sumqayıt kolxoz bazarının sahibi) və müstəqillik dövründə ortaya çıxmış bir neçə iş adamları sözün həqiqi mənasında Sumqayıtı işğal ediblər və illərdir ki, bu işğala son qoymağa kimsə cəsarət etmir.
Zakir Fərəcov da hədəfdədir
Sumqayıta təyinat aldıqdan dərhal sonra məşhur müşavirəsi ilə gündəmə gələn icra başçısı Zakir Fərəcov ciddi kadr islahatları həyata keçirmişdi. Belə ki, Sumqayıtın təhsil, səhiyyə, yol infrastrukturu, nəqliyyat sistemi ilə bağlı açıq tənqidi mövqe ortaya qoyan icra başçısı bu sahələrə məsul şəxsləri vəzifədən uzaqlaşdırdı. Bunun ardınca isə Sumqayıtın ümumi şəhər planı ilə bağlı işlərin anonsu verildi. Heç şübhəsiz baş verənlərin tamamən sakit şəraitdə ötüşdüyünü də düşünmək düz olmazdı. Əlbəttə, icra başçısı prezidentin sərəncamı ilə təyin olunan şəxs kimi yüksək səlahiyyətə malikdi və onun verdiyi qərarları həm də prezidentin iradəsi kimi qəbul etmək olar. Amma yuxarıda da göstərdiyimiz kimi, Sumqayıt oliqarxları buna qədər iki dəfə bu iradəyə qarşı çıxıblar, hətta məqsədlərinə nail olaraq toxunulmazlıqlarını belə qoruyublar. İndi də onlar asanlıqla təslim olmaq niyyətində deyillər. Şəhərdəki mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, bəzən bir-birinə qarşı olan bəzi qüvvələr indiki şəraitdə ortaq mövqedə birləşiblər. Bu birlik icra başçısının planlarını pozmaq üçün bəzi əməliyyatlara da start verib.
Süni narazılıqlar və aksiya görüntüləri
Beləliklə birinci aksiya uğursuzluğundan sonra məlum oliqarxlar komandası ikinci varianta əl atdılar. Bu isə narazılığı öz daxillərindən – yəni rəhbərlik etdikləri obyektlərdə xlrda ticarətlə məşğul olan sahibkarlar arasında yaratmaq idi. Başqa cür “Karvan” Ticarət Mərkəzində ivarə haqlarının yüksək olmasını əsaslandırmaq mümkün deyil. Qafqazın ən böyük və ən aktiv ticarət obyekti olan “Binə” və “Sədərək”də belə icarədarlara ciddi güzəştlər edildiyi halda Ağamirzə Əhədovun qiymət rinsipiallığına daha nə ad vermək olar? İcarədarlar hesab edir ki, əhalinin alıcılıq qabiliyyətinin getdikcə aşağı düşdüyü bir zamanda bu qiymətə dükan işlətməkdənsə, dünyanın biznes mərkəzlərindən hesab edilən Honq-Konqda icarədar olaraq çalışmaq daha sərfəlidir. Sahibkarların etirazlarına, ticarət mərəzinin sürətlə boşalmasına baxmayaraq rəhbərlik icarə qiymətlərinin azaldılması istiqamətində hər hansı addım atmayıb. Bu isə süni etiraz yaratmaqla açıqdan açığa sabotaj sayıla bilər. Eyni hal Sumqayıtın digər bir oliqarxın Nizami İsgəndərovun “Cavid” Ticarət Mərkəzində də yaşanır. Bu gün “Cavid” ticarət mərkəzində çalışan insanların böyük əksəriyyəti hesab edir ki, Z.İsgəndərov N.İsgəndərovdan fərqli olaraq əməkdaşların rahat bir ortamda fəaliyyətinə daha ciddi yanaşır, arenda pulu xaricində icarədarların heç bir işinə qarışmırdı. Lakin ticarət mərkəzlərinə rəhbərlik N.İsgəndərovun əlinə keçdikdən sonra vəziyyət tamamilə dəyişməyə başladı. Bu gün bəzi hallarda obyekti icarəyə götürən şəxsin yanında hansı işçinin çalışıb-çalışmayacağına da N.İsgəndərov və onun yanındakı şəxslər qərar verir ki, bu da icarədarın haqlı narazılığına səbəb olur. İcarədarlar hesab edir ki, ağır arenda şərtləri altında fəaliyyət göstərdikləri azmış kimi bu cür əlavə və yersiz problemlərin meydana çıxması onların ticarət fəaliyyətinə ağır ziyan vurur. Bu isə gec-tez icarədarın ticarət mərkəzini tərk edərək tamam başqa bir ortama daşınmasına səbəb olur. Əslində bir sahibkar üçün bütün bu sadalananlar biznes baxımından əlverişli görünə bilməz. Amma indiki şəraitdə bu şəxslərin əsas məqsədi biznes gəlirindən daha çox, siyasi maraqlarının təmin olunmasıdır. Bu maraqlar isə bu gün mediada “Sumqayıtda aksiya keçirilib” başlıqlı xəbərlərin yer almasıyla təmin olunur…

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …

Bir cavab yazın