Ana səhifə / Cəmiyyət / Space-də efir biabırçılığı – iki nəfər işdən niyə qovuldu?

Space-də efir biabırçılığı – iki nəfər işdən niyə qovuldu?

Qulu Məhərrəmli: “Bu, özbaşınalığın və laqeydliyin nəticəsidir”

Xəbər verildiyi kimi,  Space TV-nin “Hər səhər” proqramında müğənni Rüfət Axundov və Rəşad İlyasov fonoqrama oxuduqları zaman canlı efirdə biabırçı ifadələr işlədiblər. Nəticədə həmin görüntünü əks etdirən video sosial şəbəkələrdə yayılıb, telekanal ciddi problemlə  üzləşib. Proqramın aparıcısı Anar Vaqifoğlu  telekanaldan uzaqlaşdırılıb, səs rejissoru da işdən qovulub. Müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun isə bir daha efirə çağırılmaması barədə televiziya rəhbərliyi tərəfindən təlimat verilib.

Rüfət Axundov öz “İnstagram” səhifəsində  görüntülərin montaj edildiyini iddia edib. Onun sözlərinə görə, efirdə belə bir hadisə əslində yaşanmayıb: “Həmin video ilə mən də rastlaşmışam. Özüm də həmin videonu paylaşdım ki, orijinalını müəyyən edəsiz. Kimsə düşmənçilik və yaxud zarafat naminə belə bir şey edibsə, heç də yaxşı alınmayıb.

Məni tanıyanlar bilir ki, heç vaxt qalmaqalda olmamışam və olmayacam da. Bu söhbətin sonuna qədər də getməyi düşünmürəm. Bu, sadəcə, montajdır. Kim bu mahnını montaj edib, üstünə söyüş qoyubsa, ayıb olsun”.

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev ile ilgili görsel sonucu

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev mətbuata açıqlamasında qeyd edib ki, bu məsələdə əsas günah efirin səs rejissorunda olub: “Həmin vaxt heç rejissor da yerində olmayıb. Canlı efir bitəndə mikrofon bağlanılmalıdır. Halbuki bu, edilməyib. Çünki efir nəzarətsiz qalanda iş bu yerə gəlib çıxır. Ümumiyyətlə, efirə qonaq dəvət ediləndə diqqətli seçim edilməlidir ki, nəticədə belə hal yaşanmasın. Biz kanal rəhbərliyini şuraya dəvət edəndə məsələdən xəbərdar olmadıqlarını dedilər. Görüntüləri nümayiş etdirəndə bizimlə razılaşdılar”. Artıq televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilib, Rüfət Axundovun efirə çıxmasına qadağa qoyulub.

A.Hacıyev əlavə edib ki, iş Yasamal Rayon Məhkəməsinə göndərilib, qeyri-etik ifadələrin yer aldığı görüntürlərə baxılaraq araşdırma aparılacaq. Qeyd edək ki, hadisədən sonra  MTRŞ kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edib.

MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Yeni Müsavat”a  deyib ki, kanallar istəsə Rüfət Axundova da, Rəşad İlyasova da qadağa qoyar. “Biz, sadəcə, tövsiyəmizi vermişik ki, belə hallara yol verilməsin. Müğənnilərə qadağa qoyulması isə telekanalların işidir.

Bizim qurumun qarşısındakı öhdəlik müğənniləri deyil, telekanalın verilişini araşdırmaqdır. Qurum məsələni araşdırıb və telekanal barəsində tədbir görüb. Bizim qarşımızda müğənni deyil, telekanal cavab verir”.

Space-in efirində söyüş ile ilgili görsel sonucu

Bəs əməkdar artist Rəşad İlyasovun aqibəti necə olacaq?

Qalmaqallı veriliş zamanı Rüfətlə birlikdə mahnını zümzümə edən Rəşadın da onun söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi diqqətdən qaçmayıb. Xatırladaq ki, əməkdar artist AzTV telekanalında “Yaradanlar və yaşadanlar” verilişinin aparıcısıdır. Onun da AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr yayılıb. AzTV-dən bildiriblər ki, tezliklə bu məsələ barədə məlumat veriləcək.

Məlum olduğu kimi, bu cür hadisələr efirlərdə vaxtaşırı baş verir və haqlı olaraq cəmiyyət tərəfindən narazılıqla qarşılanır. Sonuncu qalmaqal bir məsələni yenidən gündəmə gətirmiş oldu – özəl televiziya kanallarında da Bədii Şura yaradılmalıdırmı? Xatırladaq ki, bir müddət bundan əvvəl “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin nəzdində Bədii Şura yaradılıb.

Qulu Məhərrəmli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Heç bir televiziya kanalında heç bir şura yayımın keyfiyyətinə, verilişlərin yaxşılaşmasına ciddi şəkildə təsir etmir. Yaradılan şuraların da sonradan formal olduğu məlum oldu. Bizdə Bədii Şura ənənəvi olaraq daha çox bədii musiqi əsərlərinin alınması, onun qəbul edilməsi, fonda salınması ilə məşğuldur. Yəni əsas vəzifə ondan ibarət olub. Televiziyalarda verilişlərin səviyyəsini yaxşılaşdıra biləcək konkret qurumlar, mexanizmlər, yaradıcı qruplar, verilişin efirə getməsinə razılıq verən konkret şəxslər var. Hansı ki, bu məsələlər bir neçə ”süzgəcdən” keçirilir. Verilişlərin rejissoru, prodüseri, səs rejissoru, müəllifi olur. Bu baxımdan bütün məsuliyyətin Bədii Şuranın boynuna qoyulmasını yanlış hesab edirəm.

Məsələn, son hadisə birbaşa məsuliyyətsizliyin, özbaşınalığın, laqeydliyin nəticəsidir. Kimdir günahkar? Əlbəttə ki, rejissor və səs rejissoru. Çünki əgər fonorqram efirə buraxılırsa, mütləq studiyanın səsi yığışdırılmalıdır. Rejissor niyə bu məsələyə məsuliyyətsiz yanaşıb? Ümumiyyətlə, həmin anda səs rejissoru yerində olubmu və ya səslərə nəzarət edibmi? Məsələ budur. Yəni işlər doğru-dürüst tənzimlənmir və nəticədə efirdə bu cür əcaib hadisələr yaşanır”.X

Həmçinin oxuyun

Cırtdan Tədris və İnkişaf Mərkəzindən maraqlı layihə – FOTO

Cırtdan Tədris və İnkişaf Mərkəzinin Xırdalan şəhəri və Abşeron Gənclər Şəhərciyində yerləşən filialında tədris keçən …