Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Cəmiyyət / Siz Dubaya deyil, Şuşaya getmişdiz!

Siz Dubaya deyil, Şuşaya getmişdiz!

Bunu öz dilimizdə yazıram ki, düşmənlərimiz oxuya bilməsin…

“Xarıbülbül” musiqi festivalının 30 ildən sonra bərpa edilməsini, onun məhz indiki zamanda keçirilməsini mən tam dəstəkləyirəm! Ən azı ona görə ki, işğaldan azad edilməsindən cəmi yeddi ay sonra belə bir möhtəşəm tədbir dünyada mövcud olan 200-dən çox ölkənin maksimun bir-ikisində baş tuta bilərdi. 1000-ə yaxın qonaqların iki gün orada qalmasınına şərayit yaratmaq, 30 ilə yaxın işğalda olmuş bir məkanda onları yemək və otaqlarla təmin etmək, bir çox infrastrukturu (o cümlədən mobil rabitə və işıq) qısa müddətdə bərpa etmək, Şuşaya yeni yollar çəkərək, bu yolların təhlükəsizliyini daim nəzarət altında saxlamaq, vallah-billah bir çox nəhəng dövlətlər üçün də əlçatmaz bir arzudur! Və bütün bu sadaladığım faktorlara rəğmən Şuşaya gedib, nədənsə narazı qalmaq nə vətənpərvərliyə, nə də ümumiyyətlə məntiqə sığır! Hər hansısa bir “gedişlə” festivalın qonaqları arasına sızılaraq, sonra orada cəmi bir-iki gecə qalmaq üçün verilmiş otaqlardan narazı qalmaq hansı məntiqə sığır??

“İsti su niyə yoxdur”, “suyun rəngi pisdir”, “yeməyimizi niyə vermirlər” və ya “bu nə yeməkdir”, “bunlar niyə fonoqramla oxuyur”, “günün altında yandıq-öldük”, “yollar çox bərbaddır”, “şofer maşını niyə belə pis sürür” deyənlərin, minlərlə manat maaş alaraq (əlavə gəlirlərini demirəm) Şuşaya əliboş, əsgərlərə bir qutu siqaret və ya su belə almayıb, yolda min bir hoqqadan çıxanların nəzərinə çatdırmaq istəyirəm! Siz Dubaydakı kimi “zaqar”alsanız da, Dubaya deyil, ŞUŞAYA getmişdiniz! Anlayıram, siz “mən niyə bu oteldə qaldım, daha yaxşısında deyil” davalarına öyrəncəklisiniz. Amma bu, yalnız xaricdə, müftə tədbirlərə qatılanda keçərli ola bilər, burada yox! Və hətta cənab Prezident belə sizlə bərabər iki gün Şuşada, onu da sizin kimi yandıran günün altında saatlarla oturub (və bizlərdən fərqli olaraq kepkasız, zontiksiz, bukletsiz) festivalı izləyirdi və sizlərdən fərqli olaraq onun təkcə üzü-başı deyil, ÜRƏYİ də bu festivalla yanırdı!

Bəli, hesab edirəm ki bu festivala ürəyi ŞUŞA ilə, Azərbaycan ilə döyünən, jurnalistlər, deputatlar, KİV rəhbərləri, mədəniyyət xadimləri getməli idi. Və nə yaxşı ki, orada belələri var idi və heç də sizin kimilərdən az deyildi. Mənsum İbrahimov, Flora Kərimova, Firəngiz Mütəllimova, Alim və Fərqanə Qasımovlar,Təyyar və Kənan Bayramovlar, Murad Adıgözəlzadə, Siyavuş Kərimi, Fərhad Bədəlbəyli kimi insanlar getməli idi bu tədbirə. Və yaxşı ki getdilər də! Şəhid ailələrinin üzvləri, Şuşanın o murdar düşmənlərdən azad edilərək onların qoxusunu belə ordan təmizləyən igidlər qatılmalı idi bu tədbirə və nə yaxşı ki qatıldılar da! Bunu Bakıda, Moskvada, Fransada, Almaniyada oturub, o festivalın təşkilatına ağız büzənlər üçün deyirəm. Siz “görmək istəmədiyiniz” məqamları, insanları, hissləri mən gördüm! Və mən bunları yazmağa özümə borc bildim – həm bu tədbirə qatılmağa layiq olmayanlar, həm bu festivalın keçirilməsnə ləkə salmaq istəyənlər, həm də ümumiyyətlə haqiqətin nə yerdə olduğunu bilmək istəyənlər üçün!

“Azərişığ”a şəhərin hər tərəfinə operativ qaydada çəkdiyi işığa görə, “Bolşoy prazdnik” şirkətinə möhtəşəm, ermənilərə od qoyan atəşfəşanlığa görə, Heydər Əliyev Fondunun tədbirə qatılan bütün işçilərinə qonaqların bütün problemlərini operativ şəkildə həll etdiklərinə, onların kaprizlərinə dözdüklərinə görə və şəxsən Prezidentin köməkçisi Anar Ələkbərova – tədbirdə baş verən bütün proseslərin keçirilməsini daim nəzarət altında saxladığı, hər hansısa bir nöqsanı operativ şəkildə aradan qaldırılması üçün düzgün qərarlar verdiyi və ümimiyyətlə, tədbirin böyük uğurla keçirilməsində danılmaz əməyi olduğu üçün “çox sağ olun” deyirəm!

Əlbətdə ki, bir dərin təşəkkür etməsəm özümə heç zaman bunu bağışlamaram. Bir günlük belə müəyyən çətinliklərə dözməyib zırıldayan bəzi qonaqlardan fərqli olaraq, günlərlə, aylarla qarın, yağışın altında, hazırda isə günün altında yerindən tərpənməyib belə saatlarla dayanan xüsusi təyinatlılara, bizim Şuşaya qovuşmağımızda qan və can haqqı olan hərbçilərə, onlarla birgə Şuşada çalışan polislərə DƏRİN TƏŞƏKKÜRÜMÜ bildirirəm. Bilin, biz sizin üçün, Şuşanı bizə qaytaranlar, hazırda onu göz bəbəyi kimi qoruyanlar üçün nə etsək belə azdı! Sizin qarşınızda baş əyirəm, İGİDLƏR!

Vüqar Vüqarlı

Həmçinin oxuyun

Dükanlara borclu qalan Xalq artistimiz: Yerişini də itirmək üzrədir… – Fotolar

Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. 1964-cü …