Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / SİYASİ PARTİYA JURNALİSTİN MÜDAFİƏSİNƏ QALXDI – BƏYƏNAT

SİYASİ PARTİYA JURNALİSTİN MÜDAFİƏSİNƏ QALXDI – BƏYƏNAT

İstiqlalçı deputat, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyası “AzPolitika.info” saytına qarşı təzyiqləri pisləyən bəyanat qəbul edib.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun xüsusi ittiham qaydasında iddiası əsasında, yanvarın 14-də Xətai Rayon Məhkəməsinin hakim Habil Məmmədovun sədrliyilə keçirilən prosesdə “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli barəsində 1 il 6 ay islah işi cəzası kəsilib. Bu müddət ərzində baş redaktorun əməkhaqqının 15 faizi dövlət nəfinə tutulacaq. E.Məhərrəmli bu qərarı “qərəzli və sifarişli” adlandırıb.

Azad Demokratlar Partiyasının bugünkü bəyanatında bildirilir ki, cəmiyyətin və hökumətin azad sözə ehtiyacı olduğu bir dövrdə ictimai rəyin formalaşmasında ciddi rola malik olan xəbər portallarından birinin rəhbərinin belə absurd ittiham əsasında cəzalandırılması yolverilməzdir:
“AzDP demokratiya və insan haqlarının durumuna görə Azərbaycana qarşı beynəlxalq sanksiyaların gündəmə gəldiyi, ölkədə sosial narazılığın artdığı, eyni zamanda mətbuata, fikir və söz azadlığına qarşı saxta ittahamlarla qurulan məhkəmələrin səngidiyi bir dövrdə yenidən bu mövzunun gündəmə gətirilməsini ölkədə fundamental azadlıqların, o cümlədən ifadə azadlığının təmin olunması istiqamətində geriyə doğru atılmış bir addım kimi dəyərləndirir və yolverilməz hesab edir.  Çıxarılan hökm xüsusi narahatlıq yaradır və bu məhkəmə hökmü cəmiyyət tərəfindən söz və mətbuat azadlığının boğulmasını hədəfləyən bir addım kimi dəyərləndirilir.”

Bəyanatda o da bildirilir ki, “daima fundamental azadlıqları, o cümlədən ifadə azadlığını müdafiə edən AzDP, baş redaktorun barəsində qəbul olunmuş əsassız və qeyri-adekvat məhkəmə hökmünün ləğv edilməsini tələb edir”.

Qeyd edək ki, BDYP rəisi “AzPolitika.info” saytının 31 avqust tarixli buraxılışında yayımlanan “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib. E.Məhərrəmli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın