Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Siyasətçi və jurnalistlərdən kimlər oruc tutacaq?

Siyasətçi və jurnalistlərdən kimlər oruc tutacaq?

Təxminən 15 gün sonra Azərbaycanda Ramazan ayı başlayacaq.

Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatına görə bu il Ramazan ayı miladi təqvim ilə mayın 6-da başlayacaq. Mayın 5-i isə niyyət axşamıdır. Ramazan ayında xüsusi əhəmiyyətə malik olan Qədir gecələri bu il müvafiq olaraq may ayının 23-25-i, 27 və 31-i tarixlərində qeyd olunacaq. Ramazan bayramı isə iyunun 5-də qeyd olunacaq. İyunun 6-sı bayramın ikinci günü kimi qeyri-iş günüdür.

Məlum olduğu kimi müsəlmanlar üçün müqəddəs sayılan bu ayda insanlar oruc tutub, niyyət edirlər. Onların arasında sıravi vətəndaşlara yanaşı, dövlət məmurları, siyasətçilər, media kapitanları, jurnalistlər də var. Bəs bu Ramazan ayında kimlər oruc tutacaq?
Millət vəkili Fazil Mustafa oruc tutmağın vacib olduğunu vurğuladı: “Hər il olduğu kimi bu il də oruc tutacam, bu ənənəmə tərəddüdsüz davam edəcəm.

Millət vəkili Bəxtiyar Sadıqov: “Bir qədər uzaqdan başlamaq istəyirəm. “Paris Notr-Dam” kilsəsi yandı, bütün dünya buna təəssüf etdi, eyni zamanda mən də. Amma Ağdam məscidi dağılır, düşmən onun içərisində heyvan saxlayır, dünya onu görmür. Ağdam məscidi yeganə məsciddir ki, Sovet hakimiyyəti illərində dayanmadan fəaliyyət göstərib. Belə ki, “qırmızı repressiya”lardan keçə bildi, ona dəymədilər, sökmədilər. Amma indi erməni onu sökür, dağıdır. Həmçinin Sovet dövründə bizim hamımızı ateist kimi yetişdirməyə çalışırdılar. Lakin buna baxmayaraq biz gənclər Allaha olan sevgimizi qoruyub saxlayırdıq. Və biz bu inancımızı 732 illik repressiyalardan qoyub, çıxardıb müstəqillik dövrümüzə qədər gətirdik. Bu gün dini dəyərlərə çox böyük hörmətlə yanaşılır, yeni minarələr, məscidlər tikilir, təmir olunur.

Allah mənə qismət edib ki, 1993-cü ildə Kərbəla ziyarətində, 2000-ci ildə Həcc ziyarətində olum. Beləliklə 1997-ci ildən bu vaxta qədər hər il oruc tuturam. Çox şadam ki, millər vəkillərinin içərisində də çoxlu sayda oruc tutanlar var. Bu bizim dinimiz, inancımızdır. Orucluq dövründə hər kəs bərabərləşir. Yəni insanlar eyni oruc tutur, ac qalır, eyni vaxtda da yemək yeyir. Belə olan halda yoxsulların ac halını kifayət qədər dərk edə bilirik. Bu mənada bunun həm tərbiyəvi, həm də dini tərəfləri var.

Şəxsən mən bu günə qədər oruc tutanda bir dəfə də qəza etməmişəm. Hətta səfərlərə də gedəndə orucumu pozmamışam. Bu dəfə də sona qədər orucumu tutacam. Gündəlik namaz qıla bilməsəm də, ildə bir dəfə orucumu mütləq tuturam”
ADP sədri Sərdar Cəlaloğlu: “Mən gündə 5 dəfə namaz qılır, hər il Ramazan ayında oruc tuturam. Çalışıram ki, Allah verdiyi əmrləri bacardığım qədər yerinə yetirim”.

Ağ Partiya sədri Tural Abbaslı ənənəsinə sadiq qalaraq bu il də oruc tutacağını açıqladı: “Təbii ki, mən hər il olduğu kimi bu il də inanclı birisi kimi İslam dinimizin əmrlərindən olan Ramazan ayının orucunu tutacam. Ümumiyyətlə dinimizdə Ramazan orucu könüllü bir ibadət deyil, fərz olan bir ibadətdir. Təbii ki, sağlığında problemlər olan, səhhəti imkan verməyən, həkimlərinin oruc tutmasına icazə verməyən şəxslər bu ibadətdən azaddırlar. Sevindirici haldır ki, hər il Azərbaycanda oruc ibadətini icra edən şəxslərin sayı artır. Orucluğa yalnız qidadan imtina kimi baxılmamalıdır. Bu ayda insanlar dilləri ilə də, qulaqları ilə də, gözləri ilə də, hərəkətləri ilə də oruc olmalıdırlar.

Üzümüzə gələn bu müqəddəs ay münasibəti ilə bütün inanclı bacı, qardaşlarımızı təbrik edirəm və uca Allahdan hər kəsin dua və ibadətlərinin qəbulunu diləyirəm”.

Jurnalist Seymur Verdizadə 25 ildir ki, oruc tutduğunu dedi: “Mən 25 ildir ki, oruc tuturam. Amma bunu heç vaxt reklam etməmişəm. Oruc tutmaq Allahla bəndə aradında olan işdir, bunu ictimailəşdirməyə ehtitac yoxdur. Təəssüf ki, tutduğu orucu, qıldığı namazı reklam edən, oruc tutmadığı üçün hətta başqalarına irad bildirən adamlar da var.Biz tolernt ölkədə yaşayırıq. Heç kimin başqasının dini inancına qarışmağa ixtiyarı yoxdur.

Anadoluda bir söz var: hər qoyunu öz ayağından asırlar. Demək istədiyim odur ki, savabımız da, günahımız da bizə aiddir. Oruc tutanları oruc tutmayanlara münasibətdə dözümlü olmağa çağırıram. Şəxsən mən çox vaxt oruc tutduğumu gizlədirəm ki, ətrafımdakı insanlar rahat yemək yeyib, çay içə bilsinlər”.

“Avropa.info” saytının rəhbəri Ruslan Bəşirli: “Mən bir müsəlman olaraq hər il İslamın 5 şərtindən biri olan Oruc tutma borcumu yerinə yetirirəm. İnşallah bu il də oruc tutacam”. (musavat.com)

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …