Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Şiə İran nədən İŞİD hədəfləri sırasında nəzərdən keçirilmir?

Şiə İran nədən İŞİD hədəfləri sırasında nəzərdən keçirilmir?

Arzu Nağıyev: “Yəqin ki, oxşar bəyanatların verilməsində səbəb və məqsəd var”

“Bunlar da sülhməramlı istək və dost xatirinə edilmir”

“İŞİD-in bu gün Qafqazda bir hədəfi də şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər”.
İranın Azərbaycandakı səfiri Mohsen Pak Ayin müsahibəsində belə deyib. Ancaq səfir onların Azərbaycanda uğur əldə edəcəklərinə inanmadığını da bildirib: “Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır”.
Səfir onu da deyib ki, “İslam dövləti” yaraqlı qrupu təbliğatda öz gücünü 5 qat şişirtməyə çalışsa da, əslində zəifdir:
“İŞİD-ə çoxlu yardım göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyib. Yəməndə bunlar “əl-Qaidə” adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar”.
Səfir, həmçinin, İŞİD-in planında Rusiyanın cənubuna da hücumun nəzərdə tutulduğunu deyib.
Səfirin məlum açıqlaması birmənalı qarşılanmayıb və onun Azərbaycanın hədəfə gəlməsilə bağlı bildirdiyi fikrə elə Azərbaycan rəsmiləri tərəfindən cavablar verilib.
Məsələnin başqa bir maraqlı tərəfi isə İranın özünü hədəfdən kənara çəkməsidir. Söhbət İŞİD-in şiələri hədəfə almasından gedirsə, onda elə ən böyük şiə dövləti İrandır. Yox, səfir həm də ölkələrin qüdrət anlayışını tərəziyə qoyub bu qənaətə gəlirsə, onda Rusiyanın İrandan heç də zəif olmadığı nəzərə alınmalıdır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev  açıqlamasında bildirdi ki, Azərbaycan tolerantlığı ilə fəxr edə biləcək bir ölkədir: “Heç kim deyə bilməz ki, bu dövlət şiə və ya sünni dövlətidir. Bəli, tərkib baxımından şiə cərəyanına iman gətirənlərin sayı daha çoxdur, lakin bu o demək deyil ki, biz buna görə siyasət aparmalıyıq. İkinci bir tərəfdən, din dövlətdən ayrıdır və biz dünyəvi bir dövlətik. İŞİD-in ümumiyyətlə hədəfinin məhz şiələr olması absurd məsələdir. Məgər Tunis, Suriya və s. şiələrdir? Əlbəttə yox… Belə bəyanatlarla məzhəb məsələsinin qabardılması çox təhlükəli məsələdir. Yəqin ki, oxşar bəyanatların verilməsində səbəb və məqsəd var. Bunlar da sülhməramlı istək və dost xatirinə edilmir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın