Ana səhifə / Cəmiyyət / SEYMUR SÜLEYMANOV FAZİL MUSTAFANIN İTTİHAMLARINA CAVAB VERDİ – “Atam Qarabağ qazisidir”

SEYMUR SÜLEYMANOV FAZİL MUSTAFANIN İTTİHAMLARINA CAVAB VERDİ – “Atam Qarabağ qazisidir”

“Həmin vaxt mənim atam könüllü olaraq Qarabağa müharibəyə yollanıb. Atam Qarabağ qazisidir”

Millət vəkili Fazil Mustafa ilə terefdar.az saytının əməkdaşı arasında baş verən xoşagəlməz dialoq medianın müzakirə mövzusudur. F.Mustafa ona zəng edən jurnalistə verdiyi cavabla bağlı aşağıdakı statusu yazıb:

“Bir jurnalist zəng vurub sual verir ki, tərəfdar.az (İran kəşfiyyatı ilə bağlı saytlardan biri) saytı yazır ki, bəs Fazil Mustafa gülənçidir. Buna münasibətiniz. Cavab verdim ki, mən də iddia edirəm ki, tərəfdar.az saytının redaktoru bic doğulub və qanundankənar atası da məhz Fətullah Güləndir. Jurnalist bir də təkrar soruşur ki, siz bu iddianızı sübut edə bilərsinizmi? Deyirəm ki, mən ancaq saytın iddiasına qarşı iddia ilə çıxış etmişəm. Buyurub, onlar iddialarını sübut etsinlər, ardınca mən də iddiamı əsaslandırım. Səs çıxmadı”.

Terefdar.az saytının redaktoru Seymur Süleymanov musavat.com-a açıqlamasında yaranmış vəziyyətdən narazılığını bildirdi. O dedi ki, F.Mustafa bir neçə gündür ki, öz millət vəkili statusundan sui-istifadə edərək, onu və ailəsini təhqir edir:

“Mən təəssüf edirəm ki, Fazil Mustafa onun barəsində yazılanlara cavab vermək əvəzinə, məsələnin mahiyyətindən tamamilə kənar mövzulara toxunur. Görürəm ki, əsas manipuliyasiya etdiyi məsələlər mənim yaşım və atamla bağlıdır. Məmuniyyətlə bu ittihamlara cavab verirəm. Əvvəlla, mənim yaşımın az olması yaradıcılıqla məşğul olmağım üçün problem yarada bilməz. Səhv etmirəmsə, Fazil Mustafanın özü də, orta məktəbdə oxuyarkən şer və ya məqalələr yazıb.12 yaşımdan həm yerli, həm də xarici mətbuatda siyasi yazılarım dərc olunur. 15 yaşında olarkən “Erməni kimdir?” adlı kitabım çapdan çıxıb. Jurnalistikaya çox böyük həvəsim var. Saytın kim tərəfindən idarə olunmasına gəldikdə isə millət vəkilinin bu ittihamı da yersizdir. Tərəfdar.az saytının rəhbəri ali təhsilli bir nəfərdir. Mən sadəcə orda yazılarımla çıxış edirəm. Atamın kimliyinə gəldikdə, mənə elə gəlir ki, Fazil Mustafa onu yaxşı tanımalıdır. Onların tələbəlik illəri bir dövrə təsadüf edib. Həmin vaxt mənim atam könüllü olaraq Qarabağa müharibəyə yollanıb. Atam Qarabağ qazisidir”.

S.Süleymanov terefdar.az saytının maliyyəsi ilə bağlı F.Mustafanın dediklərinə də cavab verdi. Sayt redaktoru dedi ki, millət vəkilinin sözügedən saytın maliyyəsilə bağlı narahatçılıq keçirməsinə ehtiyac yoxdur:

“Saytda işləyən şəxslər ictimai əsaslarla çalışır. Onun dediyi kimi maliyyə olsaydı, Terefdar.az-ın heç olmasa ofisi olardı. Bir daha xatırladıram ki, Terefdar.az saytının mənim atama heç bir aidiyyəti yoxdur. Fikir verin, son illər Fazil Mustafadan kim yazırsa, birmənalı olaraq həmin adamı İran agenti adlandırır. Bizim yazımızla bağlı da anoloji bir ifadə işlədib. Səhv etmirəmsə, Fazil Mustafa hüquqşunasdır. Yəqin ki, uzun müddət əsl ixtisasından ayrı düşdüyü və başı siyasətə qarışdığı səbəbindən işlətdiyi ifadələrin yarada biləcəyi hüquqi məsuliyyət barədə düşünmür. Məni reketçilikdə ittiham edir. Bilirsiniz ki, bu cinayət məcəlləsində təsbit olunan bir cinayət əməlidir. Yəqin ki, bu ifadələri sübut etmək Fazil Mustafa üçün asan olmayacaq. Çünki başdan ayağa böhtan fikirlərdir. Fazil Mustafa barədə hazırladığım yazı onun vaxtilə mediadakı çıxışları əsasında yazılıb. O vaxtkı müsahibələrilə indiki mövqeyi arasındakı təzada diqqəti yönəltmişik. Fazil Mustafanın razılaşmadığı məqam vardısa, əlaqə saxlayıb iradını bildirərdi. Əminəm ki, redaksiya onun mövqeyinə məmuniyyətlə yer verərdi. Bu olmasaydı səs-küy salmağına haqq qazandıra bilərdi. Həmin yazıdan sonra, Fazil Mustafanın vaxtilə Fətulla Gülənin saytında dərc olunan “Nursuzluğun bəlası” adlı yazısını terefdar.az saytı heç bir şərh vermədən təqdim etdi. Nəsə reaksiyasını müşahidə etmədik. Bir daha xatırlatmaq istəyirəm ki, bu mövzuya toxunmağım Fazil Mustafaya olan hansısa antipatiya və ya qərəzdən irəli gəlməyib. Bilirsiniz ki, hazırda Fətulla Gülən mövzusu həm Türkiyə, həm də Azərbaycan mediasının gündəmini daha çox məşğul edir. Mövzunun araşdırılmasına marağım bu faktorla bağlı olub”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın