Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Cəmiyyət / Sevinc Osmanqızı: ““Qatır Məmməd”in etirafından sonra Tamerlan Qarayev dindirilməli idi”

Sevinc Osmanqızı: ““Qatır Məmməd”in etirafından sonra Tamerlan Qarayev dindirilməli idi”

“Qürbətdəki məşhurlar” layihəsi davam edir. Layihəmizin bu dəfəki qonağı “Qarakənd” faciəsində həyatını itirmiş jurnalist Osman Mirzəyevin qızı, hazırda ABŞ-da yaşayan və fəaliyyətini davam etdirən tanınmış jurnalist Sevinc Osmanqızı oldu.
 
– Sevinc xanım, ilk öncə ondan başalayaq ki, hazırda ABŞ-da mühacir həyatı yaşayırsınız, yoxsa ki, sırf işinizlə bağlı oradasınız?
– Mən mühacir deyiləm. Nə zamansa Azərbaycana qayıdacağam. Bu gün yüzlərlə azərbaycanlı Vətəndən uzaqlarda yaşayır. İroniya burasındadır ki, son illər xaricdə diaspor yaratmaq adı ilə havaya külli miqdarda pul sovruldu.  Ortada isə bir nəticə yox. Amma son illər sosial ədalətsizlik, siyasi təqiblər, dözülməz iqtisadi durum üzündən Azərbaycandan “beyin axını” dalğası baş verdi. Sonuncu dəfə ən böyük dalğa təxminən bir əsr əvvəl inqilab zamanı olub. Özü də bu, keyfiyyətcə daha yüksək, oxumuş, ziyalı, vətənpərvər təbəqədir. Onların bir qismi Azərbaycana qayıdacaq, bir qismi isə qalaraq, bizim diasporumuzu formalaşdıracaq. Artıq bu gün Azərbaycanda kənarda mühacir jurnalistikası, mühacir ədəbiyyatı və s. inkişaf etməkdədir.
– Çox gənc yaşınızdan da ölkədə çoxlarının həsəd apardığı vəzifələrdə çalışmısınız. Nəyə görə sonradan iş həyatınızı qürbətlə bağladınız? Və nəyə görə məhz ABŞ-ı seçdiniz?
– Mən ABŞ-a 2012-ci ildə ANS-in Vaşinqton bürosunu açmağa ezam olunmuşam. Bir neçə il sonra ANS-lə yollarımız ayrıldı. ANS-dən aldığım son elektron məktubda mənə dair Azərbaycanda cinayət işinin açılması barədə qoşmalar vardı. Yəni mən ABŞ-ı seçməmişəm…
– Hazırda harada və hansı vəzifədə çalışırsınız?
– “Metropolitan Film” mediaşirkətində baş produser işləyirəm. Bu, sənədli filmdən ictimai çarxadək media məhsulu istehsal edən özəl şirkətdir. Eyni zamanda qiyabi elmi dərəcəm üzərində işləyirəm.
– Deyirlər ki, qürbət həyatı qadın üçün daha dözülməz olur. Sizdə necədir? Darıxırsınızmı Vətən üçün, yoxsa artıq öyrəşmisiniz?
– Amerika işləyən qadınlar üçün gözəl ölkədir. Doğrusu, anam sağ olanda daha çox darıxırdım. Yadımdadır, 90-cı illərdə BBC-də işləyir, İngiltərədə yaşayırdım. Məni saxlamaq mümkün deyildi, bir ayağım elə Bakıda idi. Anamı itirəndən sonra bu hiss sanki kütləşib. Həm də zamanla darıxmağa da alışırsız.
– Vətəndə qoyub getdiyiniz kimlərin və nələrin həsrətini daha çox çəkirsiniz? 
– Atamın və anamın məzarını ziyarət etmək istərdim. Bakıya gələndə ilk növbədə bunu edəcəyəm. Ümumiyyətlə, Bakı üçün darıxıram. Dünyanın ən gözəl şəhərlərində də Bakını fikirləşirsən. Yaxşı ki sosial media elə inkişaf edib ki, dost-tanışlarla ünsiyyətdə uzaq məsafəni hiss etmirsən.
– Sizlə indi tamamilə amerikalı biri kimi davrana bilərikmi, yoxsa ki, azərbaycanlılığınızı qoruyub saxlaya bilmisiniz?
– Dörd il insan həyatı üçün nədir ki? Məncə, Amerika məni daha da Azərbaycanlaşdırdı. Böyük – məsafədən görünür.
– Adət-ənənələrimizi, milli mətbəximizi, milli və tarixi bayramlarımızı unutmamısınız ki? Qürbətdə bunları yaşatmaq yəqin ki, o qədər də asan deyil…
– Nisbətən fərqlidir. Yeni mətbəxlər, yeməklər öyrənirsən, sərhədlər tədricən silinir. Əlbəttə, Novruzu 1 həftə bayram edə bilmirsən, amma Axır çərşənbə harada oluramsa, olum, bayram edirəm. Uşaqlığımın bir parçasıdır.
– Azərbaycanlılara xas hansı xüsusiyyətlər, keyfiyyətlər var ki, onları amerikalılarda və ya əksi olaraq amerikalıların hansı keyfiyyətlərini bizim millətdə görməyi arzulardınız? 
– Bizdə kasıb görünməkdən utanırlar. İmkansızın evinə gedirsən, süfrəyə kürü qoyar. Amerikalılarda yoxsul keçmişlərinə bir vurğunluq var. Hər kəsin öz hekayəsi var. Bu barədə sizə saatlarla danışa bilərlər. Necə məktəb partasından qab yumağa başladılar, çörək almağa pulları yox idi, necə əziyyətə qatlandılar və bu günə gəlib çatdılar və s. Görünür, bu, Amerika xəyalına vurğunluqdur. Zəngin, yoxsul, fərqi yoxdur, yeniyetmə yaşından hamının övladı işləyir. Mənim oğlum “mən işləyəcəyəm” deyəndə şok olmuşdum.  Sonra başa düşdüm ki, bu, məktəbin təsiridir. Deyir, məktəbimizdə bütün uşaqlar işləyib, təhsil pulunu özləri verəcəklər, sən niyə mənim yerimə verməlisən? Doğrusu, yeniyetmə yaşlarından zəhmətə qatlanmağı bizim cəmiyyətə də arzu edərdim.
 
– Sevinc xanım, keçmiş həyat yoldaşınızın şikayəti əsasında haqqınızda cinayət işi açılmışdı. Övladlarınızın atasının belə bir addım atması sizə necə təsir elədi? 
– Əlbəttə, sifariş idi. Bilirsiz, artıq heç xatırlamıram. Deyirlər, maşın sürəndə yan güzgüdən arxanı izləyirsən, əsas şüşə isə irəliyə baxmaqdan ötrüdür.
 
– Hazırda şəxsi həyatınız nə durumdadır, yenilik varmı? Övladlarınız necədir? Onları özünüzə, adınıza layiq tərbiyyə edə bilmisinizmi? 
– Böyük oğlum Ziya 18, kiçik oğlum Araz 10 yaşındadır. Böyüyür və məni sevindirirlər. Böyük oğlum instituta qəbul olunub. Bu günlər elə bunu bayram edirik. Böyük planları var. Həm oxuyur, həm işləyir. Dediyim kimi, burda yeniyetmə yaşlarından işləməyə başlayırlar. Bəlkə, Azərbaycanda olsaydıq, hələ də ələbaxan olardı.  Amerika həyatı onu müstəqil etdi.
Kiçik oğlum isə hələ məktəblidir. Bəzən gülürəm, sinifdə ingilis dili “daşıyıcısı” olanlara irad tuturlar ki, English comprehension, yəni dil  qavraması geri qalır, mənin oğlumunsa səviyyəsi 1 sinif yüksəkdir. Görünür, bizim uşaqlar bir deyil, bir neçə dilli mühitdə böyüdüklərindən, götürmə qabiliyyətləri güclüdür.
– Atanız, mərhum jurnalist Osman Mirzəyevdən sual vermədən keçə bilməzdik. Qarakənd faciəsiylə bağlı bəzi xəbərlərdə bir neçə şəxsin cəsədinin orada olmadığı deyilmişdi. Və həmin adamların sırasında atanızın da adı keçirdi. O xəbərdən yola çıxaraq hələ də atanızın yolunu gözləyirsinizmi? 
– Yox, gözləmirəm. Amma atama da, bütün Qarakənd faciəsi qurbanlarına da ədalət istəyirəm. Bu il faciənin 25 ili tamam olur.
– Bir ara həmin faciəylə bağlı Tamerlan Qarayevi sərt tənqid etmişdiniz. Paylaşımınızda bildirmişdiniz ki, Tamerlan Qarayevlə həmin faciəylə bağlı bir yox, bir neçə müsahibəniz olub. Hansı səbəbdən dəfələrlə müsahibə edirdiniz? Bəlkə həmin hadisəylə bağlı hələ də bizlərə məlum olmayan nələrisə eşitmişdiniz və dəqiqləşdirməyə çalışırdınız?
– Mən ilk gündən bu faciəni bir övlad kimi yaşamaqla yanaşı, bir jurnalist kimi başa düşmək və araşdırmağa çalışmışam. O vaxt belə bir versiya var idi ki, faciədə azərbaycanlıların yerli özünümüdafiə dəstəsinə rəhbərlik edən səhra komandiri “Qatır Məmməd”in əli olub. “Qatır Məmməd” həbsxanada ifadə verib ki, vertolyotu vurmağı bizə Tamerlan Qarayev tapşırıb və deyib ki, içərisində gələn ermənilərdir. Sonra “Qatır Məmməd” həbsxanada müəmmalı şəkildə öldü. Onun bu etirafından sonra Tamerlan Qarayev ən azı şübhəli qismində dindiriıməli idi. Bu, baş vermədi…
– Bu günlərdə oxuduğunuz məktəbdən Osman Mirzəyevin adının götürüldüyünü yazmışdınız. Necə xəbər tutdunuz bundan? Aidiyyati qurumlarla əlaqə saxlayıb dəqiqləşdirdinizmi? 
– Bu barədə məktəbimizin məzunlarının səhifəsindən öyrəndim. Şəhidlərin adını götürmək, bir sözlə, şərəfsizlikdir.
 
– Sevinc xanım, Osman Mirzəyevin adına layiq bir övlad, peşəsinə layiq bir jurnalist ola bildiyinizi düşünürsünüzmü? 
– Məncə, bu qiyməti başqaları verməlidir.
– Övladlarınızdan sizin peşənizi davam etdirmək istəyəni varmı? 
– Heç vaxt həvəsləndirməmişəm,  amma ikisində də bu həvəsi görürəm.
– Son olaraq, yaş irəlilədikcə köçüb vətənə qayıtmaq, işlərinizi burada davam etdirmək fikriniz varmı? 
– Bu istək məni heç vaxt tərk etməyib. Bilirəm ki, gec-tez qayıdacağam. Bu, yalnız vaxt məsələsidir.
Moderator.az

Həmçinin oxuyun

Aqşin Yenisey Elşad Mirini RİYAKARLIQDA İTTİHAM ETDİ — “Öz övladınızı ABŞ-a oxumağa göndərib…” – FOTO

Tanınmış şair Aqşin Yenisey sosial şəbəkədə yazdığı statusda ilhaiyyatçı Elşad Mirini gəncləri yanlış yönəltməkdə ittiham …

Bir cavab yazın