Ana səhifə / Cəmiyyət / Samir Şərifov hər şeyi təkzib edir…-  RƏSMİ

Samir Şərifov hər şeyi təkzib edir…-  RƏSMİ

Azərbaycan Maliyyə Nazirliyi Londonda maliyyə naziri Samir Şərifovla Qazaxıstanın Milli Bankının sədri Daniyar Akişev arasında keçirilmiş görüşə dair bu gün informasiya agentliklərindən biri tərəfindən yayılmış xəbəri təkzib edib. Həmin xəbərdə deyilirdi ki, Qazaxıstan Milli Bankının sədri bu ölkənin Vahid Yığım Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılmış 250 milyon dollarının geri qaytarılmasına dair üç variant təklif edib. Lakin Samir Şərifov bildirib ki, Qazaxıstan Milli Bankının bu pulu geri tələb etməyə hüquqi əsasə yoxdur və təkliflər qəbul edilmir.

Bu məlumatla bağlı Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev virtualaz.org-a bildirib ki, Samir Şərifovun Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev arasında hər hansı görüş keçirilməyib.

Piriyev əlavə olaraq bildirib ki, ümumiyyətlə ötən gün kreditorlarlar ilə keçirilən görüşdə Qazaxıstan Milli Bankının sədri iştirak etməyib, Beynəlxalq Bankın restrukturizasiya proqramının təqdimatı çərçivəsində S.Şərifovun xarici kreditorlarla hər hansı təkbətək görüşü də keçirilməyib. Maliyyə nazirinin yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovla birgə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən “Bloomberg”, “Reuters”, “Financial Times”, “The Wall Street Journal” və başqaları, eləcə də “Fitch Ratings”, “Standard & Poor’s” və “Moody’s” beynəlxalq reytinq agentliklərinin nümayəndələri ilə görüşləri keçirilib.

O ki qaldı Londonda ABB-nin bütün kreditorlarına, o cümlədən Qazaxıstan Milli Bankına təqdim olunmuş xarici kreditorlar qarşısında olan öhdəliklərin restrukturizasiyası proqramının detallarına M. Piriyev bildirib ki, bu barədə ABB-nın dünən, mayın 23-də yaydığı press-relizdə ətraflı məlumat verilib.

Bəzi mətbu orqanlarda investorlara istinadən ortaya atılan “investorların qırxılması” xəbərinə də münasibət bildirən mətbuat katibi deyib ki, əksinə Beynəlxalq Bankın kreditorlarına bankın onlara olan borcunun əvəzinə daha yüksək kredit reytinqinə və etibarlılığa malik Azərbaycan dövlətinin xarici valyutada istiqrazlarının verilməsi təklifi həmin kreditorların mənafeyinə xidmət edəcək.

M.Piriyev restrukturizasiya proqramının elan olunmasının Azərbaycanın uzunmüddətli maliyyələşməsinə mənfi təsirinin olacağı barədə iddiaları da şərh edib: “11 may tarixində ABB-nın sağlamlaşdırılmasının növbəti mərhələsinin başlanması ilə əlaqədar məlumatların dərcindən sonra Azərbaycanın xarici bazarlarda ticarət olunan dövlət qiymətli kağızlarının gəlirliliyində, əsasən də spekulativ addimlar səbəbindən müəyyən artım (4.35% səviyyəsindən 4.61% səviyyəsinədək) müşahidə olunsa da 23 may tarixində restrukturizasiya planının ətraflı açıqlanmasından sonra qeyri-müəyyənlik aradan qalxdığından gəlirlilik dərəcəsi əvvəlki səviyyəyə qədər enmiş və hal-hazırda 4.35-4.40% həddində ticarət olunur. Bu isə Azərbaycan dövlətinin buraxdığı istiqrazlara marağın yüksək qalmasının göstəricisidir”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın