Çərşənbə , May 22 2019
Ana səhifə / Cəmiyyət / Sabunçu Adil Vəliyevin əsarətində…

Sabunçu Adil Vəliyevin əsarətində…

İcra başçısı rayonun demək olar ki, bütün qəsəbələrində özünə ticarət obyektləri tikdirib

Onun rəhbərliyi altında abadlaşma adı ilə külli miqdarda büdcə vəsaitinin havaya sovrulduğu iddia olunur

Rayon rəhbəri “Porsche”,”Audi”, “Seat” və “Wolksvagen” avtomobil satış mərkəzlərini itirəcəyindən əndişələnir

Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin bütün əndazələri aşan hərəkətləri, həyata keçirdiyi qanuna zidd işlər və ölkə rəhbərliyinin ona tapşırdığı işləri lazımi səviyyədə yerinə yetirə bilməməsi barədə əvvəlki sayımızda geniş məlumat vermişdik. Təəssüf hissi ilə bildirmək istəyirik ki, adıçəkilən məmur yazdığımız tənqidlərdən hələ ki, heç bir nəticə çıxarmayıb.

Belə ki, o, Sabunçu rayonunu hələ də öz bildiyi formada idarə edir, dövlət büdcəsindən rayonun abadlaşması məqsədilə ayrılan büdcə vəsaitlərini təyinatı üzrə xərcləmir. İcra başçısı ilə bağlı redaksiyamıza daxil olan yeni məlumatlara keçməmişdən öncə qısaca vurğulayaq ki, Adil Vəliyev bu vəzifəyə təyin olunana qədər aktiv biznes fəaliyyəti ilə məşğul olub. “Porsche”, “Audi”, “Seat” və “Wolksvagen” kimi avtomobil nəhənglərinin Azərbaycandakı satış mərkəzlərinin məhz icra başçısının nəzarətində olduğu bildirilir. Deyilənə görə, Adil Vəliyev icra başçısı keçəndən sonra biznesini oğlu Ənvər Vəliyevə həvalə edib. Sabunçu rayonunun durumu isə göz qabağındadır. Rayonun əksər qəsəbə və küçələrində acınacaqlı vəziyyət hökm sürməkdədir. Amma buna baxmayaraq, icra başçısı həmin problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmək istəmir. Aparılan araşdırmalar göstərir ki, Adil Vəliyev ötən müddət ərzində bir sıra birtəhər yollara baş vuraraq şəxsi varidatını xeyli artırıb. “Bir müddət əvvəl, daha dəqiq desək Adil müəllim vəzifəyə yenicə təyin olunanda Sabunçu rayonunda İcra Hakimiyyətinin sifarişi əsasında Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətində gedən yolun sol tərəfindəki mövcud hasarların yenidən qurulması və dekorativ-memarlıq üsulu ilə üzlənmə işlərinin satın alınması prosesi həyata keçirildi. Bu məqsədlə 548356 manat pul ayrılıb ki, işlərin də icrasını “VİP-Təmir-Tikinti” MMC-yə həvalə ediblər.

Qeyd olunan ərazidə yolun kənarındakı hasarların üzlənməsi prosesi adıçəkilən MMC-yə həvalə edilsə də, ayrılmış pulun onlara verilmədiyi deyilir. Belə ki, həmin ərazidə yerləşən bütün obyektlərin sahiblərindən tələb olunub ki, hər biri öz obyektlərinin qarşısının daşlanması prosesini həyata keçirsinlər. İşin ən ağır tərəfi isə Bakıxanov Çörək Zavodunun üzərinə düşüb. Çünki icra başçısı zavod direktorundan tələb edib ki, qısa müddətdə üzləmə işlərini başa çatdırıb ona hesabat verməlidir. Amma icra hakiminin işi bununla bitməyib. O yenə də eyni istiqamət üzrə yolun sol tərəfində yerləşən boş sahənin abadlaşdırılması işlərinə 117680 manat ayırtdırıb. “Yuni Star” MMC tərəfindən görülən işlərin durumu isə ondan ibarətdir ki, həmin ərazi hasara alınıb. Orada heç bir iş görülməyib. Rəsmi məlumatlarda vurğulanır ki, Sabunçu qəsəbəsinin E.Mehdiyev küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətdə gedən yolun son tərəfində “Çiçəklənən Doğma Azərbaycan” lövhəsinin tikilməsi üçün 117 700 manat pul ayrılıb. “Titan Qrup” MMC tərəfindən görülməli olan bu işin icrasının edilib, edilmədiyi də məlum deyil”, deyə yayılan məlumatda qeyd olunub. Sabunçunun icra başçısının adı bu günlərdə daha bir qalmaqallı hadisədə çəkilib.

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov prezident İlham Əliyevə və millət vəkili Mehriban Əliyevaya şikayət məktubu göndərib. Hərbçi məktubunda ona qarşı ədalətsizliklərin olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən qanuni torpağının zəbt edildiyini bildirib: “Mən uzun illər Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifələrdə xidmət aparmışam. I Qarabağ savaşının iştirakçısı kimi bir çox döyüşlərdə iştirak etmiş, Vətənimizin düşməndən azad olunmasında və dövlətçiliyimizin qorunmasında və möhkəmlənməsində xidmət göstərmişəm. Ömrümün 40 ilini hərbi xidmətə sərf etmişəm. Onun böyük hissəsini rəhbər şəxs olaraq çalışmışam (Hərbi hissə komandiri, Hərbi Polis İdarəsinin rəis müavini və rəisi). Bundan sonra da Vətənimizin və dövlətçilyimizin qorunmasına xidmət etmək kimi bir vəzifədə özümü borclu sayıram. Hər zaman Ali Baş Komandan kimi Sizin əmrlərinizi yerinə yetirməyə hazıram. Bu, həm də bir hərbçi olaraq mənim vəzifə borcumdur. Cənab Ali Baş Komandan!

Sizə müraciət etməkdə məqsədim uzun müddətdir üzləşdiyim qanunsuzluqla bağlıdır. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində mənə məxsus olan 6 sot torpaq sahəsi Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən qanunsuz olaraq zəbt olunub. Ona dəfələrlə etdiyim müraciətlərə baxmayaraq, heç bir xahiş və tələbimə məhəl qoymayıb. Əksinə, torpağımı zəbt edən icra başçısı indi də onu yaxınlarının adına sənədləşdirərək satışa çıxarıb. Mənim 10 illərlə, min bir əziyyətlə qazandığım pula aldığım torpaq sahəsini mənimsəyib, öz səlahiyyətlərini aşaraq hüquqlarımı kobud sürətdə pozub. Bununla da mənim bir zabit kimi şəxsiyyətimə toxunub. Siz hər zaman hərbçilərin yanında olmusuz, onların maddi-mənzil şəraitinin yaxşılaşdırılmasıyla yanaşı, həm də qürur hissinin qorunmasına xüsusi diqqət yetirmisiz. Adil Vəliyev isə ailəmin yaşadığı, Yasamaldakı mənzilimi satıb aldığım və 70 min manata yaxın pul xərclədiyim torpağı zor gücünə mənim əlimdən almaqla qüruruma toxunub. Mənim torpağımın torpaqlarımız üçün heç bir əziyyəti olmayan bir məmur tərəfindən işğalına dözmək çətindir. Biz işğal altındakı torpaqlarımızın azad edilməsi üçün ölməyə hazır adamlarıq. Bakıdakı torpaqlarımızı Adil Vəliyev kimi məmurdan isə yalnız siz azad edə bilərsiniz. Ümidimiz sizədir, cənab Ali Baş Komandan! Sizə güvənərək bu işdə mənə yardım etməyinizi, icra başçısı Adil Vəliyevin bu qanunsuz əməllərinə son qoyulması üçün Sizdən xahiş edirəm”.

Qeyd edək ki, icra başçısının adının hallandırıldığı bu tip problemlərin sayı-hesabı yoxdur. Yayılan məlumatlardan aydın olur ki, məmur tamamilə başqa yollardan istifadə edərək vətəndaşların hüquqlarını tapdalayır və onlara məxsus torpaq sahələrini qeyri-qanuni yolla ələ keçirib başqalarına verir. Belə deyirlər. Özəl mənbələr vurğulayır ki, Adil Vəliyev icra başçısı vəzifəsinə təyin olunandan sonra biznes şəbəkəsini daha da genişləndirib. Bizə verilən məlumatlara əsasən, başçı vəzifəyə keçən kimi Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində Neft Şirkətinin ərazilərini özəlləşdirməyə nail olub: “Bakıxanov qəsəbəsində, Mədəniyyət küçəsindəki parkda şəxsi “Şəhrizad” uşaq bağçası tikdirib. Həmin qəsəbədə İdman Təmayüllü İnternat Məktəbinin ərazisinin bir hissəsi də bu məmurun maraqlarına qurban gedib. “Vahid” şadlıq sarayının yaxınlığındakı 9 mərtəbəli binanın həyəti, Zabrat yolunun kənarında Balaxanı Neftin ərazisi, Bakıxanov qəsəbəsi İcra Nümayəndəliyinin inzibati binası, “Şahin” İdman Klubunun, Sülh küçəsindəki kiçik parkın, 2 saylı doğum evinin yanındakı parkın ərazisi də başçı tərəfindən ələ keçirilib. Bundan başqa, “Bakı Fəhləsi” zavodunun arxa tərəfindəki və Anaşkin küçəsindəki torpaq sahələri də Adil Vəliyevin gəlişindən sonra sürətlə verilib. İcra hakiminin bütün bu işlərini Rafael adlı işçisi həyata keçirir”. İcra başçısının fəaliyyətindəki qanunsuzluqlar bununla da bitmir. Gələn saylarımızda Adil Vəliyev tərəfindən tikildiyi vurğulanan “Bakıxanov Rezidens”, “Bərgüşad” və “21-ci əsr” tikinti şirkətləri, Yavər Əliyev küçəsində mühafizə polisi ilə üzbəüz obyektlər, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən “Nilufər” şadlıq sarayının qarşısındakı uşaq parkının ərazisinin kimə satılması haqda şok detalları açıqlayacağıq. Həmçinin Zaur adlı iş adamı ilə icra başçısının “sövdələşməsi” barədə də bəzi məqamlara aydınlıq gətirəcəyik. Bu arada, redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, Adil Vəliyev son günlər özü ilə bağlı mətbuatda gedən yazılardan sonra ciddi şəkildə narahat olmağa başlayıb. Deyilənə görə, məmur vəzifədən çıxarılacağı barədə yayılan xəbərlərdən daha çox biznes obyektlərini itirəcəyindən əndişələnir. Başqa bir iddiaya əsasən, yüksək rütbəli şəxslərdən biri Adil Vəliyevə məxsus “Porsche”, “Audi”, “Seat” və “Wolksvagen” avtomobil satış mərkəzlərinə göz dikib. Bu barədə gələn saylarımızda daha ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləyin.

Yazı ilə bağlı Adil Vəliyevin də fikirlərini çap etməyə hazırıq.

P.S. Görəsən, Adil müəllimin dayısı ilə münasibətləri niyə korlanıb?

(Ardı var)

 

gundelikbaku.com

Həmçinin oxuyun

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə …

Bir cavab yazın