Ana səhifə / Cəmiyyət / Sabiq MTN zabiti agenturanın ifşasını dövlətçilik üçün zərərli faktor sayır

Sabiq MTN zabiti agenturanın ifşasını dövlətçilik üçün zərərli faktor sayır

 

Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb. Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, fakt üzrə qurumda araşdırma başlanılıb: “Həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır”.

Məsələ ilə bağlı “Şərq”ə danışan sabiq MTN zabiti, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev belə məlumatların yayılmasının doğru olmadığını deyib. A.Nağıyev məhkəmələrdə və bəzi saytlarda məxfi əməkdaşlığa cəlb olunmuş şəxslərin adının açıqlanmasının təəssüf doğurduğunu söyləyib:

“Agent kimi adları çəkilən şəxslərin siyahısına baxdım. Onların agentliyindən söhbət getmir. Sadəcə olaraq etibarlı əlaqələr qurulan bəzi şəxslər var. Bu məslələrin açıqlanması doğru deyil. İş üzə göstərilən məbləğlər də inandırıcı görünmür. Əməliyyat işçisi ilə mənbə arasındakı münasibət mübhəmdir və onun açılması əməliyyat işçisinə başucalığı gətirmir. Həmçinin, əməliyyat təsərrüfatında olan məsələlərin açıqlanması bu sahənin gələcəyini şübhə altına alır. Yayılan siyahılarda elə şəxslərin adları çəkilir ki, onlar əvvəllər hüquq-mühafizə orqanlarında çalışıblar. Sovet hökuməti dağılanda agentlərin adlarının açıqlanması məsələsi geniş şəkildə müzakirə edilirdi. Hətta elə bir vəziyyət yarandı ki, bir qərarla agentlərin adları açıqlana bilərdi. Amma son anda bundan vaz keçildi. Çünki bir çox cinayətlərin açılmasında, önlənməsində məlumatı verən şəxslərin kimliyinin açıqlanması onların zərbə altına qoyulması deməkdir”.

Ekspert bildirib ki, agentlərin adlarını, kod adlarını yazmaq yanlışdır, ancaq digər tərəfdən məsələnin başqa tərəfi də var:

“Dövlətin pulu mənimsənilib. İstintaqçılar pulun mənimsənilməsi faktını təsbit etmək üçün mücərrəd adlardan istifadə edə bilməzdilər. Bu məsələlərin araşdırılması vacibdir, amma elə bir üsulla edilməliydi ki, “nə şiş yansın, nə kabab”. A.Nağıyev deyib ki, agentlərin adlarının hər hansı bir şəkildə açıqlanması onların gələcək fəaliyyətlərini sıfıra endirir: “Kim agent olduğunu bildiyi şəxsin yanında hər hansı bir əhəmiyyətli məlumatı danışar? Adların açıqlanması dövlətə ziyan verməkdir. Bəlkə agentlərin mükafatı hansı məlumatları verdiklərinə görə aldıqlarını da açıqlasınlar?! Belə olmaz”.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatı İlqar Altay da “Şərq”ə deyib ki, agent – hər hansı dövlət, ya özəl təşkilat üçün iş-əmək ştatında, ya da əlavə razılaşma ilə əməkdaşlıq edənlərə deyilir. Ekspertə görə, agent sığorta firmasında və ya hüquq-mühafizə orqanlarında da ola bilər:

“Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlər daha çox diqqət cəlb edirlər. Ona görə ki, gizli xidmət göstərirlər. Gizli xidmətin isə səbəbi odur ki, xüsusi xidmət orqanlarının işi, fəaliyyət prinsipi məxfidir. Hər bir dövlətin xüsusi xidmət orqanlarının əsas mahiyyətini agentura təşkil edir. Bu, ayrıca oturuşmuş sistemdir, strukturdur. O baxımdan həmin orqanın agentura şəbəkəsini açıb tökmək qurumun işini iflic etməkdir”.

Ekspert bildirib ki, dövlətçilik sistemini və onun mahiyyətini bilməyən insanlar məsuliyyətsiz çağırışlar edirlər:

“Onlar rahat şəkildə deyirlər ki, dövlətin məxfi xüsusi xidmət orqanları ləğv edilsin. Əgər agentura sistemi açılıb-tökülürsə, deməli, həmin sistem bütün daxili və xarici düşmənlər üçün ifşa olur. Bu da bizim DTX-nin “JEK” səviyyəsinə endirilməsi kimi bir şeydir. Agenturanın ifşa edilməsi yalnız fövqəladə hallarda ola bilər. Ancaq burada bir məsələ var. Bir sıra hallarda xüsusi xidmət orqanları daxildən, ya xaricdən gələn təhdid, təxribat və terrorla məşğul olmaq əvəzinə fəaliyyətini öz xalqına, cəmiyyətinə qarşı yönəldir. Korrupsiya və cinayətkarlıqla məşğul olur. Belə hallarda da qanunsuz olaraq xüsusi agentlərdən istifadə edilir. Fikrimcə, xüsusi xidmət orqanlarının ifşası halında qanunsuz fəaliyyət üzrə istifadə olunmuş agentlər də ifşa olunmalıdır. Əgər ifşa olunmuş keçmiş MTN şefi Eldar Mahmudovun əlaltıları – Elçin Quliyev və Akif Çovdarovun əməlləri ifşa edilirsə, onların istifadə etdikləri üzdəniraq “agentlər” niyə ifşa edilməsin?”.

İsmayıl

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın