Ana səhifə / Cəmiyyət / SƏXAVƏT ƏLİSOY  MÜSAVAT DİVANININ QƏRARINI ALA BİLMİR

SƏXAVƏT ƏLİSOY  MÜSAVAT DİVANININ QƏRARINI ALA BİLMİR

“Bu gün məhkəməyə müraciət edənlər də görür ki, bütün ömrünü qoyduğu partiya bir qrup adam tərəfindən zəbt olunub”
Səxavət Əlisoy: “Mən partiyadan xaric olunmağımla bağlı Müsavat Divanının qərarını bu gün də ala bilmirəm”

Müsavatdan xaric edilən bir qrup narazı şəxs partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bu barədə partiyanın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli məlumat verib.
O bildirib ki, məhkəməyə təqdim olunan ərizədə partiyanın sonuncu qurultayında pozuntular olması əsas gətirilərək nəticələrin ləğv olunması, yenidən qurultay çağırılması tələb edilib.
İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın mərkəzi nəzarət-təftiş komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı, Müsavatın Surxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıb. Müsavatın rəhbərliyindən narazı olan şəxslər partiyadan xaric edilib, hazırda isə partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.
Qeyd edək ki, bundan əvvəl Müsavatdan partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlik isə müraciətə baxmaqdan imtina edib, məsələnin məhkəmə predmeti olduğunu bildirib.
Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüb.
Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib.
Hər halda, uzun müddət təmsil olunduqları partiyaya qarşı məhkəmə iddiasının qaldırılması bir çox mətləblərdən xəbər verir. Belə bir vəziyyətin yaranması Müsavatın bir partiya olaraq tam siyasi iflasa uğramasına dəlalət edirmi?
Müsavat Partiyası başqanının sabiq müşaviri, hazırda isə ADR hərəkatında sədr müavini olan Səxavət Əlisoy  “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, bu məsələnin hansısa qurumla əlaqələndirilməsi düzgün deyil:

“Bu vaxtilə bütün ömrünü Müsavata həsr etmiş insanların ayrı-ayrılıqda verdiyi qərardır. Biz onların seçiminə hörmətlə yanaşırıq. Partiyanın adı ilə edilən saxtakarlıq onlara çox ağır gəlir. Hüquqi dövlətdə mübahisəli məsələ necə həll olunur? Təbii ki, məhkəmə yolu ilə. Mən razıyam ki, bu son variantdır. Ancaq partiyanı ələ keçirmiş Arif Hacılının qrupu insanlara başqa seçim imkanı da qoymur. Mən ilk dəfədir sizə bunu açıqlayıram. Təsəvvür edin ki, mən partiyadan xaric olunmağımla bağlı Müsavat Divanının qərarını bu gün də ala bilmirəm. Dəfələrlə Gülağa Aslanlıya müraciət etsəm də, yenə də vermirlər. Etiraf edim ki, həmin qərarı bu gün əldə etsəm, verəcəm məhkəməyə.
Başqa çıxış yolum da qalmayıb. Bu gün məhkəməyə müraciət edənlər də görür ki, bütün ömrünü qoyduğu partiya bir qrup adam tərəfindən zəbt olunub. Onlar bunun davasını edirlər və hesab edirəm ki, tam da haqlıdırlar”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın