Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Şərurun keçmiş icra başçısı biznesmeni küçənin ortasında döyüb

Şərurun keçmiş icra başçısı biznesmeni küçənin ortasında döyüb

“Şərurlu İsfəndiyar”ın qardaşı oğlu, icra başçısı və general 3 milyon 600 min dollar faizə verdikləri pulu geri ala bilmirlər

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə mənimsəmə və dələduzluqda təqsirləndirilən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İttiham aktına görə A.Eyvazov “Şərur” tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanına İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundovdan, Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovdan, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev və MTN işçisi kimi təqdim olunan Emin adlı şəxslərdən ümumilikdə 3 milyon 600 min manat alıb.

Alınan pullara görə, A.Eyvazov faizləri ödəyib. Pulun böyük hissəsi – 2 milyon 770 min manat E.Axundovdan alınıb. İttiham aktında yer alan sənədlərdən belə aydın olur ki, pullar A.Eyvazova hər hansı bir sənəd tərtib olunmadan verilib. Pulun faizlərinin verilməsində problemlər yaranandan sonra borc müqavilələri bağlanıb. Belə bir halda borca görə A.Eyvazovu dələduz kimi məhkəmə qarşısına çıxarılması sual doğurur…

Məlumat üçün qeyd edək ki, Araz Eyvazov restoran biznesi ilə məşğul olub. A.Eyvazov borc aldığı şəxslərə faziləri verə bilməyəndə aralarında ciddi narazılıq yaranıb. 2013-cü ilin noyabrında Rafael Rəsulov, oğlu Orxan Rəsulov və Tağı Nağıyev Xətai rayonunda yerləşən “Optimal” servisin qarşısında Araz Eyvazovla görüşüblər. Görüş zamanı icra başçısı Rafael Rəsulov onu döyüb. Pulu qaytarmayacağı halda əlindəki bıçaqla öldürəcəyini, ailə üzvləri ilə haqq-hesab çəkəcəklərini deyib. Bu yolla ondan borc və faizləri ilə birgə 720 min dollar tələb ediblər. Məsələ Xətai Prokurorluğunda araşdırılıb, hədə-qorxu, şantajla tələb etmə maddəsi ilə cinayət işi başlanaraq araşdırılması üçün rayon polis idarəsinə göndərilib. İstintaq zamanı hər 3 şəxs A.Eyvazovun ailəsini təhdid etməyəcəkləri haqda iltizam veriblər…

Dünənki proses də şahid ifadələri ilə davam etdirilib. Avropa İqtisadiyyat Məhkəməsinin hakimi, Azərbaycanda hüquqşünas kimi xidmət göstərən Rasim Orucov ifadəsində qeyd edib ki, zərərçəkmiş Eldəniz Axundovla 2013-cü ildən işləməyə başlayıb: “Araz müəllimi yaxşı tanıyıram. Dəfələrlə görüşmüşük. Bilirdim ki, Araz müəllim Azərbaycana çox tələbatlı mallar gətirir, biznesmendir. Bizi Eldəniz müəllim tanış edib. Onu da bilirdim ki, Araz Eldənizdən külli miqdarda – 2 milyon manata yaxın pul almışdı. Pulu qaytaracağını bilirdik. Eldəniz müəllim dedi ki, get onunla görüş, pulu qaytarması üçün bir şey elə. Mən onunla görüşdüm. O, məni Sabunçuda evinə aparıb, evinin sənədlərini, özü və yoldaşının şəxsiyyət vəsiqələrini verdi. Səmimi olduğunu düşündüyümüz üçün hüquqi işlər görmədik. Dedik ki, normal adamdı, pul gələn kimi qaytaracaq. Bir müddət keçəndən sonra Araz müəllimlə görüşdüm. O, Eldəniz müəllimə olan borcu barədə iltizamı yazılı şəkildə mənə verdi. Mən bunu hüquqi müstəvidə sənədləşdirdim. Birlikdə notariusa getdik. Təhvil-təslimlə bağlı müqavilə imzaladıq. Orada Arazın Eldənizdən borc aldığını və tez bir zamanda qaytaracağı ilə bağlı müqavilə imzaladıq. Həmin idarədə onun vəzifə borcları və pulun məbləği izah olundu. Bir müddət keçəndən sonra onunla yenidən görüşdüm. Bu məbləğdə pulu nə etdiyini soruşdum, o isə mənə Eldənizdən aldığı pullarla əvvəlki borclarını, faizlərini qaytardığını bildirdi. Yaxın zamanlarda vəziyyətin yaxşılaşacağını dedi. Notariusda təhvil-təslim haqda aktı onun yadına saldım ki, bu, hüquqi sənəddir. Verilən pulu vaxtında qaytarmalısan. Həmin akt 2014-cü il fevralın 6-da imzalanmışdı. Orda məbləğ 1 milyon 155 min manat göstərilmişdi”.

Növbəti şahid Kənan Buludzadə oldu. Şahid əvvəllər Eldəniz Axundovun restoranı olan “Aqat” şadlıq evində nəzarətçi işləyib. Hazırda isə müstəqil şəxs kimi fəaliyyət göstərdiyini dedi: “İndi xırda bizneslə məşğulam. O, zaman restoranda nəzarətçi idim. Bir gün rəhbərlik mənə zəng edib dedi ki, Araz müəllim ora gələcək, anbarın açarını ona ver. Mən də verdim. İçəridə mal var idi. Həmin malları götürdü, axırda mənə bir qaimə verdi ki, bunu çatdırarsan. Anbarın açarı elə o vaxtdan Araz müəllimdə oldu. Anbardan nəsə lazım olanda zəng eləyib çağırırdım, gəlib açırdı. Həmin qaiməni məhkəməyə təqdim edirəm”.

Təqsirləndirilən Araz Eyvazov qaiməni qəbul etməyib. Deyib ki, qaimə saxtadır: “Burda nə mənim qolum var, nə də bu yazı mənim xəttimlə yazılıb”.

Məhkəmə həmin qaimənin surətinin ekspertiziya göndərilməsi ilə bağlı qərar qəbul edib.
Növbəti şahid AMEA-nın Arxelogiya və Etnoqrafiya İnistutunun elmi işçisi Şövqi Həsənov oldu. O, ifadəsində 2004-cü ildən həmin institutda elmi işçi olduğunu bildirib: “Mən elmi işçiyəm, heç bir ticarətim yoxdur, vergi ödəməmişəm. Mən Arazı dostum Vüsal sayəsində tanımışam. Onlar biznes qurduqlarını bildirirdilər. Məni də bu işə cəlb etdilər. Birlikdə Eldəniz müəllimin yanına getdik. Danışdıq. Mənim işim gələn malların qiymətləndirilməsini çıxarıb, bazar qiymətinə uyğunlaşdırmaq olub. Başqa heç nədən xəbərim olmayıb. Qalan şeylərlə Araz məşğul olub. Vüsal da xarici ölkələrdən malları göndərib. 3 ay işləmişəm. Həmin dövrdə bircə dəfə Eldəniz müəllimlə İstanbula ”Atlas” firmasına iş görüşünə getmişəm”.

Hakim Azad Məcidov şahidin təqsirləndirilən şəxslə birlikdə ittiham olunacaq qədər qanunsuz işlər gördüyünü bildirib. Proses oktyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Araz Eyvazova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb. Ölkələr …

Bir cavab yazın