Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Şərq qapısı” məktəbi: uzaqdan və yaxından

“Şərq qapısı” məktəbi: uzaqdan və yaxından

“Şərq qapısı”nın kollektivi… ölkəmizdə gedən cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsinə fəal qoşulmuşdur.

Heydər ƏLİYEV

Azərbaycan mətbuatı tarixində “Şərq qapısı” qəzetinin mühüm rolu və böyük xidmətləri vardır. Məsuliyyətli və şərəfli yol keçmiş “Şərq qapısı” qəzeti Azərbaycanın ayrılmaz hissəsini təşkil edən Naxçıvan Muxtar Respublikasında çap olunan və ölkə miqyasında qəbul edilən önəmli mətbuat orqanıdır.

Məlum olduğu kimi, Naxçıvan ziyalıları hələ XIX əsrin ikinci yarısından etibarən Azərbaycan, Rusiya və Şərq mətbuatında iştirak etmişlər. O dövrün mətbuatı ilə əlaqələrinin yaranması və genişlənməsi bu regionda milli maarifçilik hərəkatının inkişafına müsbət təsir göstərmişdir. Yerli ziyalıların təşəbbüsü ilə dünyanın müxtəlif yerlərindən alınan “Tərcüman” (Baxçasaray), “Həblülmətin” (Kəlküttə), “Sürəyya”, “Pərvəriş” (Qahirə), “Əxtər” (Tehran), “Novoye obozreniye” (Peterburq), “Kavkaz” (Tiflis) və sair mətbuat orqanları Naxçıvan maarifçiləri arasında geniş şəkildə oxunub müzakirə olunmuşdur. Axtarışlar göstərir ki, “Əkinçi” qəzeti də Naxçıvanda alınıb oxunmuşdur. Mətbuatla əlaqələrin genişlənməsində Məhəmməd ağa Şahtaxtlının nəşr etdirdiyi “Şərqi-Rus” qəzeti mühüm rol oynamışdır. Cəlil Məmmədquluzadənin baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalında da Naxçıvanın əhli-qələmləri fəal iştirak etmişlər.

Bütün bunlarla bərabər, Naxçıvanda ilk mətbuat orqanı yalnız XX əsrin ikinci onilliyində yaradılmışdır. Belə ki, 1 noyabr 1921-ci ildə Naxçıvan Sosialist Şura Cümhuriyyətinin Cavanlar İttifaqının Ölkə Komitəsinin orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə burada qəzetçilik işinin təməli qoyulmuşdur. “Cavanlar həyatı” qəzeti redaktoru Həmid Mahmudov olmuşdur. Vərəqə kimi çap olunan bu nəşr cəmi iki ay fəaliyyət göstərmişdir.

1921-ci ilin dekabr ayından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet çap olunmuşdur. Hər ikisi həftədə bir dəfə çap olunan bu qəzetlərin fərqi yalnız hansı rəsmi təşkilat tərəfindən təsis edilməsi ilə əlaqədar idi. Belə ki, “Cavanlar həyatı”, adından da göründüyü kimi, Naxçıvan gənclər təşkilatının orqanı olaraq çap edilmişdir. “Füqəra səsi” qəzeti isə Naxçıvan Ölkə Komitəsinin, Naxçıvan İctimai Şura Cümhuriyyətinin, Mərkəzi İcraiyyə Komitəsinin rəsmi mətbuat orqanı idi.

Naxçıvanda son bir əsrdə davamlı şəkildə nəşr edilən mətbuat orqanı “Şərq qapısı” qəzetidir. Bu qəzet 1922-ci ilin aprel ayından etibarən kiçik fasilələrlə bu günədək fəaliyyətini uğurla davam etdirməkdədir. “Şərq qapısı” qəzeti Naxçıvan Xalq Komissarlar Şurasının dəstəyi ilə nəşrə başlamışdır. Bu qəzetə keçən əsrin iyirminci– otuzuncu illərində Həmid Mahmudov və Əhməd Haşımov, Həsən Əlizadə, Əvəz Sadıq, Abbas Gülməmmədov və başqaları redaktorluq etmişlər. 1937-ci il ərzində “Şərq qapısı” qəzetində Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Xəlil Əminov və Musa İsmayılovun təyin olunub- işdən çıxarılması repressiya dalğasının əks-sədası idi.

Azərbaycanın Xalq yazıçısı Əli Vəliyev 1933–1935-ci illərdə “Şərq qapısı”nın redaktoru vəzifəsində çalışmış və onun ictimai təsir imkanlarını, vətəndaşlıq missiyasını artıran ciddi və kəsərli yazılar çap etmişdir. Görkəmli ədib və ictimai xadim, Xalq yazıçısı Mirzə İbrahimov da 1933–1934-cü illərdə Naxçıvanda çıxan “Sürət” adlı qəzetin redaktoru kimi fəaliyyət göstərmişdir. Mirzə İbrahimovun və müasirlərinin xatirələrindən aydın olur ki, “Sürət” qəzeti Naxçıvan MSSR Maşın-Traktor Stansiyası siyasi şöbəsinin orqanı olmuş, ictimai proseslərin işıqlandırılmasına daha çox diqqət yetirmişdir.

XX əsrin otuzuncu illərində qısa müddət Naxçıvanda “Ədəbiyyat qəzeti” adlı mətbuat orqanı fəaliyyət göstərmişdir. “Ədəbiyyat qəzeti”nə Mirzə İbrahimovun redaktorluq etməsi qeyd edilir. Bununla belə, “Ədəbiyyat qəzeti”nin “Şərq qapısı”nın əlavəsi kimi çap edildiyi də ehtimal olunur.

“Şərq qapısı” qəzeti Böyük Vətən müharibəsi dövründə yazıçı-publisist Məhəmmədəli Tarverdiyevin redaktorluğu ilə 1941-1945-ci illərdə arxa və ön cəbhə həyatını əks etdirmiş, səfərbərlik və vətənpərvərlik ruhunda yazılar çap etmişdir. Müharibədən sonrakı dövrlərdə “Şərq qapısı” qəzeti tarixi yolunu davam etdirərək Azərbaycanda gedən proseslərin zəminində Naxçıvan hadisələrini əks etdirmişdir. Müxtəlif illərdə “Şərq qapısı” qəzetinə redaktorluq etmiş Manaf Xudiyev (1953–1956), Fərman Tağıyev (1956–1960), Məmməd Bektaşi (1961–1962) və Hüseyn İbrahimov (1962–1965) dövrün ruhunu əks etdirməklə bərabər, regionda baş verən yeniləşmənin, digər ictimai meyillərin inkişafına da müəyyən diqqət yetirmişlər.

Rəsmi dövlət qəzeti, Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olmaqdan əlavə, “Şərq qapısı” “Ədəbiyyat və incəsənət” qəzetinin də funksiyalarını həyata keçirmişdir. Müharibədən sonrakı dövrdə, xüsusən də XX əsrin əllinci illərinin ikinci yarısından sonra “Şərq qapısı” qəzetində ədəbiyyat və incəsənət məsələlərinə diqqət daha da qüvvətlənmişdir. Bu, Məmməd Bektaşinin və yazıçı Hüseyn İbrahimovun qəzetə redaktorluq etdiyi illərdə daha çox nəzərə çarpır.

Qeyd olunan dövrdə “Şərq qapısı” qəzetində tənqid notları da artmışdır. Qəzetdə tənqidi xarakterli kiçik xəbərlərdən başqa, felyeton janrında yazılara da çox rast gəlinir. Bunlar siyasi sistemə aiddiyyatı olmayan, ideologiyaya toxunmayan, yerlərdəki nöqsanları göstərən və diqqəti irəliyə doğru inkişafa yönəldən yazılar idi. “Şərq qapısı”nda Stalin rejimindən sonra “Tənqid atəşi ilə”, “Müxbirlərin gözü ilə, “Molla Nəsrəddin”in sözü ilə”, “Düzü-düz, əyrini-əyri” rubrikaları ilə çap olunan materiallarda ümumi inkişafa xidmət etmək meyli əsas olmuşdur.

Ümumiyyətlə, XX əsrin altmış–yetmişinci illəri “Şərq qapısı” qəzetinin fəaliyyətində ideologiyanın təbliği ilə yanaşı, həm də ölkə həyatına, xalq amilinə, sadə insanların qayğılarına müəyyən dönüş dövrüdür. Bunu “Şərq qapısı”nın gələcək müstəqillik dövrü üçün hazırlıq mərhələsi də adlandırmaq olar.

XX əsrin yetmişinci illərindən etibarən “Şərq qapısı” qəzetinin həyatında yeni tarixi dövr başlanmışdır. Görkəmli dövlət və siyasət xadimi, ümummilli lider Heydər Əliyevin qısa müddətdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikaları səviyyəsinə çatdırması və milli-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirməsi mətbuatda gedən milliləşmə prosesinə də öz təsirini göstərmişdir. Bu dövrdə, bütövlükdə, Azərbaycan mətbuatında, o cümlədən də “Şərq qapısı” qəzetində Azərbaycan tarixi, Naxçıvanın keçmişi, çoxəsrlik ənənələrin və milli mədəniyyətin təbliği ilə əlaqədar məsələlərin işıqlandırılması zamanın əsas sifarişinə çevrilmişdir.

Həmin dövrdə ”Şərq qapısı”na redaktorluq etmiş Rəşid Qazıbəyov (1965–1970), Vahid Bağırov (1970–1975), Sənubər Kərimova (1975–1985), Akif Axundov (1986–1990) bu mətbuat orqanının fəaliyyətini dövrün ruhunun və yüksək dəyərlərin əks etdirilməsinə yönəltməklə qurucu-maarifləndirici istiqaməti yaşatmışlar.

Muxtar Respublikanın ədəbi-mədəni mühitinin işıqlandırılmasında da “Şərq qapısı” qəzeti mühüm rol oynamışdır. Fəaliyyətinin bütün mərhələlərində “Şərq qapısı” həm də regionun “Ədəbiyyat qəzeti” funksiyasını yerinə yetirmişdir. XX əsrin yetmişinci illərində artıq cavan yazıçı və şairlər kimi formalaşmış Elman Həbib, Asim Yadigar, Muxtar Qasımzadə, Vaqif Məmmədov, Xanəli Kərimli, İbrahim Yusifoğlu, Bayram İsgəndərov, Əbülfəz Ülvi və başqaları “Şərq qapısı” ədəbiyyat məktəbini keçmişlər. Sonrakı dövrlərdə ədəbi mühitə gəlmiş Rafiq Babayev, Hüseyn Bağır, Elxan Yurdoğlu və başqaları üçün də real olaraq “Şərq qapısı” ədəbiyyat məktəbi olmuşdur. “Şərq qapısı” qəzeti Naxçıvanda yaşayıb-yaratmış sənətkarları öyrənmək üçün ən mötəbər mənbədir.

Tanınmış tənqidçi və ədəbiyyatşünaslardan Lətif Hüseynzadə, Yavuz Axundlu, Məhərrəm Cəfərli, Hüseyn Həşimli, Əsgər Qədimov, Elbəyi Maqsudov, Fərman Xəlilov, Yusif Səfərov, Seyid Surə, İman Cəfər, Seyfəddin Eyvazov, Əbülfəz Əzimli, Ramiz Qasımov, eləcə də bu yazının müəllifi “Şərq qapısı” məktəbinin mühitində yetişib formalaşmışlar.

Tanınmış tarixçi və arxeoloq alimlər, dilçilər və təbiət elmlərini təmsil edənlərin də inkişafında “Şərq qapısı” qəzeti xüsusi yer tutur. Akademik İsmayıl Hacıyev, Tariyel Talıbov, Qadir Qədirzadə, Hacı Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Zəhmət Şahverdiyev, Sevindik Vəliyev, Vəli Baxşəliyev, Ağarza Rüstəmov, Musa Quliyev, Emin Arif, Nazim Bababəyli, Qadir Əliyev və onlarca başqaları da “Şərq qapısı”ndan böyük elmə vəsiqə almışlar. Xüsusən, son illərdə Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində elmin müxtəlif sahələrinin inkişafı öz növbəsində “Şərq qapısı” qəzetində elmi materialların və informasiyaların meydanının nəzərə çarpacaq səviyyədə genişlənməsinə təkan vermişdir. Beləliklə, “Şərq qapısı” muxtar respublikada elmi məktəb funksiyalarını da yerinə yetirir.

Azərbaycan mətbuatının “Şərq qapısı” jurnalistika məktəbi də mövcuddur. Qəzetçilikdə klassik ənənə ilə müasirliyin vəhdəti “Şərq qapısı” jurnalistika məktəbinin özünəməxsusluğunu müəyyən edir. Müxtəlif nəsillərdən olan qəzetçilərin birgə işləməsi ilə bərabər, gəncliyin üstünlük qazanması “Şərq qapısı” jurnalistika məktəbinin simasını əks etdirir. “Şərq qapısı”na əlavə kimi nəşr olunan “qəzet içində qəzet”lər yeni dövr Azəbaycan jurnalistikası üçün cəlbedici və orijinal hadisədir. Fotoya yaradıcı münasibət, illüstrasiyalarda zamanın gedişatını əks etdirmək marağı da “Şərq qapısı”nda sənətkarlıq səviyyəsindədir. Arabir karikaturalar çap etməsi də “Şərq qapısı”na rəngarənglik gətirir.

Nəhayət, çoxprofilli olmaq, yəni cəmiyyət həyatının demək olar ki, bütün əsas sahələrini əks etdirmək “Şərq qapısı” qəzetində çalışan jurnalistin, ən azı, bir neçə sahə üzrə ixtisaslaşması zərurətini meydana çıxarır. Ən başlıcası, istiqlal xəttinin qəzetin aparıcı istiqamətini müəyyən etməsi ilə “Şərq qapısı” müstəqil dövlətçilik ideallarının carçılarından birinə çevrilmişdir.

Muxtar Respublikanın mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin adı və mövqeyi regional funksiyaları deyil, böyük strateji mənaları ifadə etdiyi üçün sovet dövlətinin ən yüksək dairələrini düşündürməli olmuşdur. Ona görə də sovet hökumətinin bəhanə xarakterli qərarına əsasən “Şərq qapısı” qəzeti 30 oktyabr 1979-cu ildən “Sovet Naxçıvanı” adı ilə hər iki dildə nəşrini davam etdirməli olmuşdur.

Adının dəyişməsinə baxmayaraq, qəzetin yaradıcı kollektivi “Şərq qapısı”nın ənənələrini qoruyub saxlamış və daha da inkişaf etdirmişdir. Rus dilində çıxan “Sovetskaya Naxiçevan” qəzetindən isə yalnız ideoloji tribuna kimi yox, həm də Muxtar Respublikanın daha geniş miqyasda tanıdılması üçün istifadə edilmişdir. Yerli ziyalıların səyləri ilə nəhayət 1989-cu ildə “Şərq qapısı” adı yenidən bərpa olunmuşdur.

“Şərq qapısı” qəzetinin nəşri tarixində 1990-cı ildə daha bir tarixi addım atılmışdır. Yaxın tariximizdən məlum olduğu kimi, 19 yanvar 1990-cu ildə SSRİ dövlətinin dəstəyi ilə Ermənistan SSR Naxçıvan muxtar Respublikasını işğal etmək məqsədilə Muxtar respublikanın ərazilərinə genişmiqyaslı hərbi hücumlar təşkil etmişdir. Sovet dövlətinin rəhbərliyindən heç bir dəstək ala bilməyən yerli əhalinin tələbi ilə 20 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti həm də Bakıda baş vermiş qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nın tərkibindən çıxması haqqında qərar qəbul etmişdir. “Şərq qapısı” qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikanın mətbuat orqanı funksiyasını həyata keçirmişdir.

1990-cı ilin yanvar–fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışı ilə çap olunmuşdur. Bu, təkcə “Şərq qapısı” qəzetinin yox, sovet mətbuatının tarixində nadir hadisədir. Beləliklə, 1990-cı ildən “Şərq qapısı” Azərbaycanda ilk müstəqil qəzet kimi nəşr edilmiş, ölkənin və xalqın milli maraqlarına xidmət göstərmişdir.

Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra “Şərq qapısı” qəzeti xalqımızın milli dövlətçilik və maarifçilik yollarındakı tarixi hünərini, zəfərlərini və böyük əzmini salnaməyə çevirməkdə davam etmişdir. Azərbaycan mətbuatının tarixində və müasir inkişafında xüsusi yer tutan “Şərq qapısı” qəzetinə müstəqillik dövründə Səxavət Kəngərli, Məmməd Məmmədov, Rabil Kətanov redaktorluq etmişlər. Rabil Kətanov “Şərq qapısı” qəzetinin ideya-siyasi xəttini qoruyub saxlamış, qəzetin informasiya imkanlarını genişləndirmişdir. Məmməd Məmmədov “Şərq qapısı” publisistika məktəbinin yaradıcısı olmuşdur.

Bu illərdə “Şərq qapısı” qəzetinin əlavələri kimi çap olunmuş “Nəqşi-Cahan” və “Gəmiqaya” qoşa səhifələri Azərbaycan mətbuatı tarixində “qəzet içində qəzet” formatında meydana çıxmış qiymətli örnəklərdir. Hazırda “Şərq qapısı” qəzeti tutduğu şərəfli yolu uğurla davam etdirir. Davamlı ənənələrin daha da inkişaf etdirilməsi və müasirlik “Şərq qapısı” qəzetini daim irəli aparır.

“Şərq qapısı” məktəbi anlayışı, ilk növbədə, bu qəzetin mühitində yetişib-formalaşan yaradıcı nəsilləri əhatə etməklə bərabər, həm də muxtar respublikada yeni mətbuatın da formalaşması və inkişafına yol açan, işıq salan mayak mənasını daşıyır. Naxçıvan Muxtar Respublikasının rayon qəzetləri “Şərq qapısı” lokomotivinə qoşulmuşdur. “Şərq qapısı” bu böyük mətbuat qatarını inamla və yüksək məsuliyyətlə irəli aparır.

Mənim “Şərq qapısı” qəzeti ilə ünsiyyətim ibtidai məktəbdə oxuduğum illərdən başlanır. Atam, Şərur rayonundakı Danzik kənd məktəbinin müəllimi Əkbər Həbibbəylinin hər il abunə yazıldığı və mənim oxuduğum qəzetlərdən biri də “Şərq qapısı” olub. Mən 1967-ci ilin dekabrında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının birinci kursunda oxuyarkən “Şərq qapısı” qəzetində “Həkimsiz tibb məntəqəsi” adlı məqalə ilə çıxış etmişdim. Gənclik həvəsindən doğan ilk bədii yazılarım – “Dünya vəfasız deyil”, “Mənim səhvim” şeirləri (1968) “Şərq qapısı” qəzetində dərc olunub. Mən ilk dəfə elmi məqalə yazmağın sevincini də “Şərq qapısı” qəzetində dərc olunan “Naxçıvan tərənnüm olunur” adlı yazı (1969) ilə yaşamışam.

Nəhayət, elmi-ədəbi tərcümeyi-halımın mühüm hadisələrindən biri hesab etdiyim “Arpaçayı daşa bilməz” adlı vəznli sərbəst üslubda yazılmış esseni də birinci olaraq tam halda “Şərq qapısı” qəzeti (1970) ictimai həyatın geniş meydanına çıxarıb. Göründüyü kimi, mən hələ 1967–1971-ci illərdə “Şərq qapısı” qəzetində müxtəlif janrlarda çap etdirdiyim yazılarla ciddi yaradıcılıq və axtarış məşqləri keçmişəm. “Şərq qapısı”, sözün həqiqi mənasında, mənim qələm vərdişləri məktəbim olub. Hətta mən tələbə təqaüdündən bir qədər çox olan qonararın sevincini-bərəkətini də “Şərq qapısı” qəzetinin “səxavəti” sayəsində dadmışam.

İndi Bakıda yaşayıb, Azərbaycan Milli Elmlər Akademiyasında çalışdığım illərdə də burada “Şərq qapısı” qəzetini alıb oxuyur, həyatımın, taleyimin bağlı olduğu doğma torpaqda sürətlə baş verən böyük dəyişikliklər, mühüm ədəbiyyat və mədəniyyət hadisələri barədə bu qəzet vasitəsilə çox şey öyrənirəm.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan, Tural Səfərovun redaktorluğu ilə çap edilən “Şərq qapısı” qəzeti bu gün də Naxçıvan Muxtar Respublikasının canlı sözüdür. “Şərq qapısı”nın sətirlərində Naxçıvan diyarının ritmi döyünür. “Şərq qapısı”nda durmadan inkişaf edən, yeniləşən, müasirləşən günəşli Naxçıvan diyarının bu günü və daha parlaq sabahı aydın şəkildə ifadə olunur. “Şərq qapısı” ideyası və cəlbedici yazıları ilə Naxçıvanın mətbuat səmasında günəş kimi doğan qəzetdir. Bu qəzet onun hər sayını həyəcanla gözləyən insanları ifadə etdiyi mətləblərlə, canlı, təsirli sözü ilə işığa doğru aparır.

Naxçıvan diyarının inkişafının bütün mərhələlərini öyrənmək baxımından “Şərq qapısı”ndan mötəbər mənbə tapmaq çətindir. “Şərq qapısı”nın çoxcildlik külliyyatlarında Naxçıvanın taleyini, müqəddəratını, həyat ahəngini, çətinliklərini və uğurlarını yaşadıb nəsildən-nəslə çatdıran sanballı salnamələr yaşayır. “Şərq qapısı” – oxucuları üçün həm də böyük və etibarlı bələdçidir. Sabaha gedən çoxşaxəli yolların üfüqlərini də “Şərq qapısı”ndan baxanda aydın şəkildə görmək olar.

“Şərq qapısı” qəzeti artıq bir neçə ildir ki, mükəmməl və müasir poliqrafiya bazasına malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2016-cı ilin oktyabr ayında təqdimat mərasimində iştirak etdiyi ən müasir çap-mətbəə vadanlıqlarının istehsal proseslərinə daxil edilməsi ilə “Əcəmi” nəşriyyat-poliqrafiya bazası ölkədə bu sektor üzrə fərqli və geniş imkanlar qazanmışdır. Bütün bunlar muxtar respublikada ən yüksək səviyyədə kitab və jurnal çapı ilə yanaşı, ilk növbədə, “Şərq qapısı” qəzeti üçün də yaradılmış böyük imkanlardır.

“Şərq qapısı” qəzeti müstəqillik dövrünün yüksək tələblərinin işığında, milli mətbuatın inkişafı yollarında inamla irəliyə doğru gedir.

“Şərq qapısı”nın 95 yaşı ölkəmizdə mətbu sözün, milli maarifçiliyin, ziyalılığın, qələmlə ifadə olunan yaradıcı əməlin şərəfli tarixi və layiqli təntənəsidir.

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın