Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Sərhəd hərəkatını öznünküləşdirmək cəhdi Nemətin tariximizə ən böyük xəyanətidir”

“Sərhəd hərəkatını öznünküləşdirmək cəhdi Nemətin tariximizə ən böyük xəyanətidir”

Ramiz Tağıyev:“Nemət cəmi bir həftə sonra “ordu”sunu başlı-başına buraxaraq İrana tərəf tozanaq qopardı. Bununla da Nemət Milli Azadlıq hərəkatının fərarisinə çevrildi”

 

Özünü “azadlıq aşiqi” adlandıran Nemət Pənahlı yenə AXC iqtidarı barəsində “odlu-alovlu” danışıb. O, 1993-cü il 4 iyun qiyamından söhbət açaraq həmin zamanın iqtidarını xəyanətlərdə suçlamaga çalışıb. Milli Azadlıq Hərəkatının tanınmış nümayəndələrinin Nemət Pənahlıya cavabı gecikmədi.

Millətim.info-ya bu mövzuda söhbət açan Milli Azadlıq Hərəkatının öndərlərindən biri,1991-95-ci illərdə Culfa rayonuna rəhbərlik etmiş Ramiz Tağıyev Neməti tarixi təhrif etməkdə, dostlarına xəyanətdə günahlandıraraq, onu qeyri-ciddi biri adlandırıb: “Bu adam nə danışdığını, nə istədiyini özü də bilmir. Utanıb-qızarmadan özünü Milli Azadlıq Hərəkatının lideri adlandırır. Nemət Azadlıq meydanına 3 gün sonra-meydanı həmin günlər ərzində Elmlər Akademiyasının Cografiya institunun əməkdaşı Ənvər Əliyev idarə etdikdən sonra gəlib. Pis-yaxşı meydanın sonrakı 13 gününü Sabir Rüstəmxanlı və digər tanınmış isimlərlə birgə idarə edə bilib. Sonradan Sabir bəyi və meydanın aparıcı simalarını xəyanətdə suçlamağa girişib. Hansı ki, Nemətin bütün həyatı S.Rüstəmxanlının yazdıgı bir cümlə dəyərində deyil. Nemət tarixi təhrif etməyi ən böyük xəyanət adlandırır. Bəli, danışdıqlarının içində yeganə qəbul etdiyim budur. Ancaq o,unudur ki, tarixi yalnız öz şəxsi mənafeyinə uyğun saxtalaşdıraraq ən böyük xəyanətə imza atır.

 

“Nemətin ilk əməkdaşlığı Vəzirov və Polyaniçkoyla olub”

 

Təəssüf ki, Nemət meydanda yaratdığı otur-durun eyforiyasından bu gündə xilas ola bilməyib.Savadsızlığını nəzərə almadan daima öndə olmaq xəstəliyinə tutulub. İndi də iddia edir ki, Əbülfəz Elçibəyə, böyük siyasət və dövlətçilik uzmanı Heydər Əliyevə məsləhətlər verib. Absurd bir iddiadı, xəstəlik əlamətindən başqa bir şey deyil. Nemət maymaq Əbdürəhman Vəzirov və əli Əfqanıstanda müsəlman qanına bulaşmış rus canişini Viktor Polyaniçko ilə əməkdaşlıq edib. O, iddia edir ki,guya 1989- cu ilin noyabrında cəbhədən istefa verib. Bu adam bizləri bu qədərmi yaddaşsız hesab edir. Nemət 1990-cı ilin 6-7-si tarixində AXC idarə heyətinə seçkilərdə uduzduqdan sonra təşkilatdan üz döndərib. Məhz bundan sonra V.Polyaniçkonun tövsiyyəsiylə AXC-yə alternativ sayıla biləcək Milli Müdafiə Şurasını yaratmaq sevdasına düşdü. Çünki,imperiya sahibləri bilirdilər ki, müdafiə işi öz ətrafında çoxlu sayda vətənpərvəri toplamaqla AXC-ni yetərincə parçalaya bilər. Bəs nə oldu? Pafosla Azadlıq meydanında Səttərxan zavodunun silah istehsalına başladıgını elan edib, xal toplamağa çalışan Nemət cəmi bir həftə sonra “ordu”sunu başlı-başına buraxaraq İrana tərəf tozanaq qopardı. Bununla da Nemət Milli Azadlıq hərəkatının fərarisinə çevrildi.

 

“Nemətin İran macəraları”

2

Bəli, Nemət İrana üz tutdu. Sonradan yeni nağıllar uydurmağa başladı ki, guya İran həbsxanasına salınıb.Hətta “qoçaq” ordan qaça da bilibmiş. O da sirr deyil ki, Nemət nağıl, dastan həvəskarıdı. Danışdıqlarından hiss olunur ki, kitabxanasında “Ağ atlı oğlanın nağılı” önəmli yer tutub. Yoxsa bu adam İran həbsxanasından qaçdığını iddia etməzdi… Şər-böhtan “azadlıq aşiqi”nin həyat kredosuna çevrilib. Belə ki, Nemət İrana qaçışına bəraət qazandırmaq üçün, sonradan fədakarlıq edib onu Arazın o tayına keçirmiş insanları “KQB” adamları adlandırmaqdan da çəkinmədi. İranda isə Nemət şad-xürrəm həyat sürürdü. Axı, onu himayə edən Urmiya imam cüməsi, on minlərlə o taylı qardaşımızı qanına qəltan etmiş ayətullah Həsəni olmuşdu. İran Nemətin siyasi baxışlarında xeyli korrektələr etdi ki, bunun zaman-zaman şahidi olduq. Sirr deyil ki, Gəncə qiyamında İranın rolu kifayət qədər olmuşdu. İranın o dövrkü səfirinin həmin ərəfədə Gəncəyə mütəmadi səfərlər etməsi bunu söyləməyə əsas verir. Nemətin AXC-yə münasibəti də İran mollarının münasibətindən heç nə ilə fərqlənməyib.

 

 

“Nemətin Milli Azadlıq Hərəkatındakı rolu 1988-ci ildən o yana addamayıb”

3

 

Əfsuslar olsun ki, Nemətin özünü Milli Azadlıq Hərəkatının lideri adlandırmasına çoxları susqunluq nümayiş etdirir. Fakt odur ki,1988-ci ildən sonra Nemət hərəkata addım-addım xəyanət edib. O, AXC-nin liderinə çevrilmək istəsə də, təbii ki, o zaman on minlərlə ziyalının,tanınmış alimin təmsil olunduğu AXC-də onun bu arzusu gerçəkləşə bilməzdi. Nemət AXC-də nüfuz sahibi olmaq üçün Yaqub Zürufçunun Azadlıq meydanında xeyriyyə konsertini təşkil edib, toplanmış pulun bir hissəsini AXC-yə təqdim etdi. Bu da səbəbsiz deyildi, o, bununla cəmiyyətə mesaj vermək istəyirdi ki, guya,1988-ci ildə meydanda toplanmış pulların da taleyi belə şəffaf olub. Yəqin ki, Nemət Yaqub Zürufçunun konsertini nə zaman təşkil etdiyini unutmayıb. Görəsən o zamana qədər AXC-ni nə üçün xəyanətkar təşkilat kimi təqdim etmirdi?

 

“Sərhəd hərəkatını öznünküləşdirmək cəhdi Nemətin tariximizə ən böyük xəyanətidir”

4

Bu adam nə danışdığını, ən ucuz formada plagiatlıq etdiyini anlamaq qabiliyyətinə malik deyil. Bir adam da tapılıb buna sual vermir ki, Nemət bunu necə etdin? Bu hərəkat necə baş verdi? Sadəcə, sərhədlər açılandan sonra adəti üzrə bir videkamera götürüb, gəlib Naxçıvana. Durub Arazın qırağından yenə özünə məxsus iddia ilə o taya mikrofon vasitəsilə yalnız Neməti tərifləyib. Sonra da tikanlı məftildən bir hissə götürüb, gəlib Azadlıq meydanına ki, getdim,Naxçıvanda sərhəd simlərini sökdüm, qayıtdım. Bununla da bütün dünyaya təqdim etmək istəyib ki, guya Sərhəd Hərəkatı xaotik bir hərəkat olub. Yox, Nemət! Biz sənə iki il ərzində SSRi imperiyası rəhbərliyi ilə apardığımız mücadilənin böyük qələbəsi sayılan Sərhəd Hərəkatı haqqımızı yedirdəcək qədər aciz birisi deyilik. Əgər dediyin kimi tarixi saxtalaşdırmaq xəyanətdirsə, onda ən böyük xəyanətkar elə özünsən. Bu plagiatlığın sənin qıldığın namazın bir idman, tutduğun orucun isə sadəcə pəhriz olduğunun təsdiqidir. Allahı tanıyan kəs bu qədər yalan danışmaz, bu qədər şər-böhtana imza atmaz. Bir daha xatırladıram Nemət, Sərhəd Hərəkatı mənim ideyam olub və Culfada SSRİ-də ilk olaraq başlamış, Sovet imperiyasını sözün əsil mənasında lərzəyə salan Dəmiryolçuların tətilləri, tələbləri sayəsində baş tutub. Həmin mövzuda imperiyanın bir çox rəhbərləri, marşalları ilə qarşı-qarşıya gəlsəmdə mövqeyimizdən bir an belə çəkilməmişəm.

Sual edirəm; Nemət, bu proseslərdə iştirak etmişdinmi? Yaxud bizimlə birgə Culfada keçirilən Sərhəd hərəkatıyla bağlı ümumrespublika mitinqlərində iştirak etmişdinmi? Araz qıqağında qurulmuş çadırlarda bircə gün gecələdinmi? Ayıbdır, Nemət, özüdə çox böyük ayıb!  Sənin bu mövzuda söhbət açmağın ən böyük xəyanətdir. Yalanlarını qəbul edib, ardınca bir sual verirəm; “Sərhəd hərəkatı neçə mərhələdən ibarət olub? Qanlı Yanvar hadisəsindən sonra Cənubi Azərbaycana gediş-gəlişin sadələşdiriməsi tələbiylə 1990-cı ilin mart ayının18-nə qədər Culfa dəmiryolçuları tətili davam etdirəndə sən harada idin?

Yaddaşını təzələyim… Biz Culfaya ezam edilmiş mənfur “KQB”-nin Alfa qrupuyla ölüm-dirim savaşı aparanda sən ayətullahlarla yağlı plov yeyirdin. Yəqin ki, Vəzirovun kabinetidən dəmiryol tətillərini dayandırmağımız tələbiylə mənimlə telefon rabitəsi qurmağını da unutmamısan? Həmin dəmiryol tətillərinin ki, onun birinci tələbi sərhəd məftillərinin götürülməsi, Cənubi Azərbaycana sadələşdirilmiş gediş-gəlişin təşkili olub. Sən isə Vəzirovun “Nemət,o yanda oturma yerin narahat olar” jestlərindən məsti-xumar olmuşdun. “AXC iqtidarı bütün səhvləri,düzləri ilə tariximizin ən parlaq səhifələrindən biridir” Milli Azadlıq hərəkatında AXC-nin rolunu inkar edənin bir adı var-Nadan!!!

Tarix onuda təsdiq edəcək ki, SSRİ imperiyasının süqutunda AXC-nin inkaredilməz rolu olub. O da faktdır ki,AXC imperiya xarabalıqları üzərindən gəldi. Ötən əsrin 70-ci illərinin sonundan imperiyanı bürümüş iqtisadi böhran, sonradan müstəqillik əldə etmiş respublikaların həyatına da təsirsiz ötüşməmişdi. AXC iqtidarı xalqın öz iqtidarı olduğundan ondan gözləntilər də çox idi. Bu istəkləri yerinə yetirmək üçün zaman lazım idi. Əlbəttə, rus və fars şovinizmi onu ifşa edən AXC-nin “ayaq tutub yeriməsinə” imkan verə bilməzdi. Təbii ki, daxili xəyanətkarlardan istifadə etməklə… Mən, Əbülfəz Elçibəyin və bütövlukdə AXC iqtidarının ən düzgün addımlarından biri kimi Heydər Əliyevin Bakıya dəvət edilməsini hesab edirəm. Yoxsa, Sürət prezident, Nemət də baş nazir olacaqdı. Azərbaycanın müstəqilliyinə bununla da son qoyulardı. Heydər Əliyev o qədər təcrübəli dövlət xadimi idi ki, Nemət və surətkimilər onun yanında duruş gətirə bilməzdilər. Sonunda onu da demək istəyirəm; Nemət, faktlarım, sənədlərim var deyə illərdi milləti yordun, çıxar görək axı papkanda olanları…”

 

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın