Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Cəmiyyət / Sərhəd hərəkatı – 34

Sərhəd hərəkatı – 34

Beşguşəli başının, gündoğandan günbatana uzanan cüssəsinin vahiməsi ilə dünyanı lərzəyə gətirən, önünə gələni əlindəki oraqla kəsən, çəkiclə əzən sovet imperiyası… Ağzından qıpqırmızı alov püskürən, cəvcələrindən köpük yerinə qan şoralanan bu imperiyanın qabağında duruş gətirə bilmək… Hər an onun KQB və milis adlı qan süzülən iki dəmir pəncəsinin kölgəsi altında öz həyatı ilə bərabər yeddi göbək sülaləsinin də gələcəyini təhlükəyə ataraq istiqlal məfkurəsi uğrunda durmadan, dayanmadan mübarizə aparmaq… Fəaliyyətləri aşkar olunacağı təqdirdə kommunist nomenklaturasının ətrafında formalaşdırılan “sovet insanının” ictimai qınağına tuş gələcəklərini bilərək başları ətəklərində, üçrəngli kəfən qəlblərində, ruhları azadlıq dirəyindən asılı halda mübarizə aparmaq… Bəli, məhz bu idi həyatlarını heçə sayıb, dar ağacına salam verənlərin, canlarını milli məfkurə yolunda qurban verənlərin, istiqlal fədailərinin həyat yolu…

Nə yazıq ki, istiqlalı cənnət, istibdadı cəhənnəm bilən, idealları, amallarından başqa gözlərinə bir şey görünməyən o igidlərin xatirələri kağıza köçürülüb qəhrəmanlıqları layiqincə qiymətləndirilmədən, keçdikləri şərəfli həyat yolu tədqiqat obyektinə çevrilmədən birər-birər dünya adlı səhnəni tərk edib getməkdədirlər… Ölümün gözünə dik baxdıqları, tankların qarşısına əliyalın çıxdıqları, sinələrinə tuşlanmış silahların gətirə biləcəyi ölümü mətanətlə qarşıladıqları, haqdan-ədalətdən əsər olmayan səhnədən…

Bu gün yurdumuzdakı rus işğalına, sovet istibdadına son qoyan milli azadlıq hərəkatımızın önəmli mərhələlərindən birinin, sərhəd hərəkatının otuz dördüncü ildönümüdür…

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd etdiyimiz əziz bayramımızın əsasında dayanan, səbəbkarı olan sərhəd hərəkatının ildönümü…

O gün Naxçıvanı vətənimizin Güneyindən ayıran “dəmir pərdə” boyunca arxalarındakı zirehli texnikalardan aldıqları dəstəklə ürəklənib əyinlərində zirehli gödəkcə, başlarında dəbilqə, əllərində hər an atəş açmağa hazır avtomatlarla silahlanmış minlərlə sovet əsgərləri düzülmüşdü… Amma nə istiqlal fədailərinin inadını qırmaq mümkün idi, nə də şüuraltında “mən” baryerini qıraraq “biz” zirvəsinə yüksəlmiş on minləri yolundan döndərmək… 

Ya sərhəd boyunca düzülmüş igidlərimizin cismi ana torpağa, ruhu göylərə qovuşacaq, ya da dünya tarixində bir pərdə enəcəkdi…. Və endi də. Artıq 31 dekabr 1989-cu ildən sonra heç nə əskisi kimi olmayacaqdı. Necə ki, olmadı da… Sərhəd boyuna toplanmış on minlər dünya tarixini əbədiyyən dəyişdirdilər…

İndi DTX-nın adı gələndə sarısını udan bəziləri o günlərin üzərindən on illər keçdikdən sonra, başımız üstündə qürurla dalğalanan üçrəngli bayrağımızın kölgəsi altında əllərindəki son model telefonlarla yumşaq kreslolarında ayaqlarını ayaqlarının üstünə atıb milli azadlıq və sərhəd hərəkatını xor görərək status yazmağa çalışırlar… Bundan gözəl paradoksmu var?

Sərhəd hərəkatı nağıl deyildi, heç röya da deyildi, gerçək bir əfsanə idi. Qəfəsə salınmış Boz qurd misalı doğulduqları, böyüdükləri dəmir qəfəsə alışa bilməyən, boğulan, qəlbləri təngə gəlib ruhları sıxılan, azadlıq eşqiylə ya onu parçalayıb dağıtmaq, ya da məhv olmaq istəyən kişilərin əfsanəsi…

Əllərindəki məftilkəsən qayçılarla, kəlbətinlərləirəliləyən – ya hamımız öləcəyik, ya vətənimizi bölən, qardaşı qardaşdan ayrı salan bu lənətə gəlmiş istehkam qurğularını dağıdacağıq, – deyib inadından dönməyən kişilərin əfsanəsi…

Bu gün-sabah igidlərimizin geriyə boylandıqca mümkünsüz kimi görünən qəhrəmanlıqları əsasında mifik hekayələr yaranacaq. Real hadisələr əfsanələşdirilərək anlatılacaq, riyadan çəkilmiş duman buludu arxasında görünməz olacaq.

Və bir şair istəyirəm, o qəhrəmanları tərənnüm edəcək bir poema yazsın, adı da “Millət haqqında ballada” olsun… Olacaqmı? Bilmirəm…

Zaur Bayramoğlu

Həmçinin oxuyun

“4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? İnanmıram!”

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. …