Ana səhifə / Cəmiyyət / Sərbəstliyə meylli şagirdlərlə necə davranmalı… – ŞƏRH

Sərbəstliyə meylli şagirdlərlə necə davranmalı… – ŞƏRH

Bakı şəhəri, 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi cəmiyyətdə böyük rezonans doğurub. Məsələ ilə bağlı müxtəlif reaksiyalar, günahlandırılan tərəflər var. Bəzən mətbuatda 14 yaşlı qızın ailəsində və şəxsi münasibətlərində problemlər, sərbəst yaşayış tərzinə meyilli olduğu barədə informasiyalar yayılır. İntiharın məhz bundan qaynaqlandığını irəli sürənlər də var.

Digər tərəflər isə Elinanın faciəsində məktəb rəhbərliyini, müəllimlərini, davranışları onu intihar həddinə çatdıran sinif yoldaşlarını günahkar sayır. Axar.az saytının yazdığına görə E.Hacıyeva intiharından sonra yerləşdirildiyi xəstəxanada son nəfəsində ondan nə istədiyini soruşan polisə bir də o məktəbə getmək istəmədiyini deyib. Polis Elina xəstəxanaya yerləşdirilən zaman onu sorğu-sual edib. Bu sorğu-sualın görüntüləri Elinanın anasının telefonunda əks olunub. Polis Elinadan nə istədiyini soruşur. Elinanın isə cavabı belə olub: “Heç nə, bircə onu istəyirəm ki, məni o məktəbdə saxlamasınlar, əvvəl oxuduğum 203 saylı məktəbə qaytarsınlar”.

Sonda isə rusca polisə bildirib ki, mən ancaq bunu istəyirəm, vəssalam. E.Hacıyeva özünü məktəbin pəncərəsindən atmamışdan bir neçə dəqiqə əvvəl dəftərinin kənarına belə bir cümlə yazıb:

“Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”.

Ola bilər ki, şagird sərbəstliyə meylli, xarakteri çətin olsun. Bəs məktəblərdə belə uşaqlarla necə davranılmalıdır ki, sonda faciələr yaşanmasın?

Картинки по запросу Məlahət Mürşüdlü



Mövzu ilə bağlı təhsil eksperti Məlahət Mürşüdlü “Yeni Müsavat”a danışıb. O deyib ki, Elinanın ailəsinin hansı səviyyədə olduğundan xəbərsizdir: “Əvvəllər çətin tərbiyə olunan uşaqlarla bağlı məktəblərdə xüsusi komissiyalar var idi. Orada uşaqlarla işləyən hüquq mühafizə orqanlarının nümayəndəsi, məktəb valideyn komitəsi var idi. Beləliklə həmin uşaqlar xüsusi qayğı ilə əhatə olunur və onlara xüsusi yanaşmalar olur, müəyyən tərbiyəvi işlər aparılırdı. Çox təəssüf edirəm ki, hazırda məktəblərimizdə çatışmayan cəhətlər məhz bu amildən irəli gəlir. Tərbiyədə 3 əsas amil var; məktəb, ailə və cəmiyyət, məktəbin ərazisində olan icmadır. Bu üçlük arasında əhatələr yoxdur. Yəni, onlardan biri çatışmayanda bu cür faciəvi nəticələrə gətirib çıxarır. 

Elinanın hansı ailədə tərbiyəsindən asılı olmayaraq hadisə məktəbdə baş verib. Əgər qız intiharı evdə və yaxud küçədə həyata keçirsəydi, məsələ başqa olardı. Məktəbdə, sinifdə ona qarşı aylarla laqeyd, etinasız münasibət diqqətdən kənarda qalması, digər emosionallığa gətirib çıxaran hərəkətlərə yol verilməsi və nəticədə faciənin baş verməsini dərindən araşdırmaq lazımdır. Axı səbəbsiz yerə 14 yaşlı qız özünü pəncərədən atmaz. Bu onu göstərir ki, məktəblərdə uşaqlar pedaqoji qayğı ilə əhatələnmir. Məktəb təkcə savad verən müəssisə deyil. Onun qarşısında daha geniş vəzifələr durur ki, onlardan ən əsası təhsil vermək və tərbiyələndirməkdir, cəmiyyətə doğru-dürüst insan yetişdirməkdir. Bütün bunlar müəllimlərin öhdəsinə düşmür. Bu məsələdə məktəbin köməkçiləri, valideynlər də dəstək verməlidir. 

Bəzən Elinanın çətin tərbiyə olunan, sərbəst yaşamağa meyilli olan şagird kimi təqdim edirlər. Amma bu cür olduğu halda belə məktəb psixoloqu, pedaqoji qurum, sinif rəhbəri, valideyn komitəsi bu məsələyə həssaslıqla yanaşmalı, onu xüsusi nəzarət altına almalı idilər. Natamam ailədən çıxan uşaqlar adətən istəyir ki, ətrafındakı olan mühit ona qayğı ilə yanaşsın, inam, güvən göstərsinlər. Çox təəssüf ki, şahidi oluruq ki, əksər hallarda belə uşaqlar “gözümçıxdıya” salınırlar”.

Xatırladaq ki, Elinanın intiharı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi intiharla bağlı araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevin Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Həmçinin oxuyun

Cırtdan Tədris və İnkişaf Mərkəzindən maraqlı layihə – FOTO

Cırtdan Tədris və İnkişaf Mərkəzinin Xırdalan şəhəri və Abşeron Gənclər Şəhərciyində yerləşən filialında tədris keçən …