Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Cəmiyyət / Şənbə-bazar qadağasını hansı ağıllı kəşf edib?

Şənbə-bazar qadağasını hansı ağıllı kəşf edib?

Mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə açıqlanan müsbət qərarlardan metronun və şəhərlərarası nəqliyyatın fəaliyyətinin bərpa olunmasını qeyd etmək olar. Amma təəssüf ki, şənbə-bazar günləri ictimai nəqliyyat yenə işləməyəcək. Bunun səbəbi barədə inandırıcı, əsaslı izahat verilməyib.

Məsələn, belə bir sual ortaya çıxır: əgər ölkədə bütün ticarət mərkəzlərinin, AVM-lərin fəaliyyətinə icazə verilirsə, istirahət günləri insanlar ora necə gedəcəklər? Bütün məkanlar işləyirsə, ictimai nəqliyyatda yoluxma təhlükəsi nə qədər əsaslıdır? Vətəndaşlar nəyə görə əlavə xərc çəkib taksilərdən istifadə etməlidir?

Təəssüf doğuran qərarlardan biri də dəmir yolu ilə sərnişindaşımaya hələ də icazənin verilməməsidir. 40-50 sərnişin tutumlu avtobuslar işləyəcəksə, hansı məntiqlə qatarlar işləməyəcək? Yeri gəlmişkən, bu sektorda əsas gəlir daşımadan formalaşdığına görə son aylar dəmir yol işçiləri maaşlarını ala bilmirlər.

Aidiyyatı qurumlar bu və ya başqa reallıqları niyə nəzərə almayıblar?

İqtisadçı Samir Əliyev hesab edir ki, həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir. Onun sözlərinə görə, bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə, sosial zərər yaradır. Ekspert fikrini əsaslandırmaq üçün bir neçə məqama diqqət çəkib:

– Yoluxmanın qarşısı alınmır. Taksilərə 4 nəfər oturur və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar;

– Gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı ən azı 1 manat olduğundan, vətəndaş avtobusdan (30 qəpik) 3 dəfə çox gediş haqqı ödəməli olur. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir;

– Tıxaclar yaradır. Şəhər yerlərində tıxacların qarşısının alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə “1 manatlıq” taksilər hesabına tıxac yaradır. Təsəvvür edin, 40 nəfər aparan 1 avtobus əvəzinə 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl, həftəsonları şəxsi maşınlardan istifadə artır.

– Nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Təsəvvür edin, şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ “1 manatlıq” taksilərə qismət olur. Həmin vəsait faktiki olaraq vergidən kənarda qalır. 

S.Əliyev qeyd edib ki, eyni məsələni rayonlararası nəqliyyatın işləməməsinə də şamil etmək olar. O, əlavə edib ki, böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir.

Həmçinin oxuyun

Erməni etirafı və Bəxtiyar Vahabzadə

Mənim adım Mahirdir. Bu adı mənə 44 saylı məktəbdə müəllim işləmiş anam Hacıbəyim verib. Böyüyəndə …