Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / “Sən kimsən ki, mənim yazdıqlarıma “qiymət” verirsən?” – Qafar Çaxmaqlı

“Sən kimsən ki, mənim yazdıqlarıma “qiymət” verirsən?” – Qafar Çaxmaqlı

Avqustun 20-də dərc edilən “Ermənişünas alim: “Arazdəyən tarixi Azərbaycan torpağıdır”” başlıqlı məqalə deputat Əziz Ələkbərli və alim Qafar Çaxmaqlı arasında mübahisəyə səbəb olub. 

Belə ki, saytda məqalənin dərc edilməsindən sonra əslən Qərbi Azərbaycanın Vedi mahalından olan deputat Əziz Ələkbərli Qafar Çaxmaqlının səsləndirdiyi “Arazdəyən və Zəngəzur Qarabağ məliklərinin yerləşdiyi ərazilər olub” fikirlərinə etiraz edib və onu savadsızlıqda ittiham edib. 

Əziz Ələkbərlinin fikirləri saytda və digər media orqanlarında yayımlanandan sonra Qafar Çaxmaqlı saytımıza müraciət edərək, tənqidlərə cavabının dərc olunmasını xahiş edib. 

Qafar Çaxmaqlının müraciətini olduğu kimi təqdim edirik: “Saytınız fəaliyyətə başlayandan daim əməkdaşlıq içərisində olmuşuq. Sizin saytda mənim çox sayda köşə yazım, məqalə və açıqlamalarım dərc olunub və bu gün də  əməkdaşlığımız davam edir. Həmişə hesab eləmişəm ki, mənim adım gələn yerdə “Modern.az” ən azından sayğı ilə yanaşacaq. Bu gün saytda yer alan bir yazının başlığı məni üzdü: “Əziz Ələkbərli Qafar Çaxmaqlını savadsızlıqda ittiham etdi”. 

Bir neçə gün əvvəl saytınızın əməkdaşı Aysel Aslana “vatsapp” üzərindən səsli olaraq verdiyim bir açıqlamada indiki Ermənistandakı Arazdəyən yaşayış yeri ilə bağlı fikirlərim yer alıb. Azərbaycan türklərinin məskun olduğu bu yerlə bağlı ötəri bir fikir bildirmişdim. Həmin açıqlamadan sonra deputat Əziz Ələkbərlinin də eyni məsələyə münasibətini yayınlamısınız… Ola bilər. Sözügedən mövzu indi də mənim üçün o qədər prinsipial məsələ deyil. Müxbir xanım aldığı müsahibədə  Arazdəyənin indi  ermənicə olan adını -“ Yerasx” kəlməsini yanlış da eşidə bilər.  Bir açıqlama yazısında bu ərazinin hansısa məlikliyin ərazisi olduğu detalları ilə açılmaya da bilər.  Amma bunların Əziz Ələkbərliyə nə dəxli var?  Bu şəxsin etik normaları aşaraq, mənim dediklərimi “təftiş” etməsi, məni savadsızlıqda suçlaması və bu ifadənin başlığa çıxardılması başadüşülən deyil. Bu adam “İrəvan Türk Cümhuriyyəti” elan olunandan bəri onu həzm edə bilmir. Dəfələrlə onunla söhbətlərimiz olsa da, Əziz müəllim qısqanclıq mərəzinə qalib gələ bilmir. Onun nəzərinə bunları  çatdırmışıq və guya ki, hər şeyi anlayıb. Lap bu yaxınlarda onunla rastlaşıb söhbət etmişəm,  həmin söhbətdə bir mövqe, aradan bir neçə gün keçəndən sonra başqa bir addım atması göstərir ki, bu adamın müstəqil fikri yoxdur, hansısa dairədən gələn tapşırıqları yerinə yetirmək öhdəliyi onu düzəlməyə qoymur. Ona deyən lazımdır ki, sənin bu  mənasız cəhdlərin heç nəyi dəyişdirməz. Mən istəmirəm “köhnə palan içi” töküb Qərbi Azərbaycandan olan qaçqınların bu gün düşdükləri  durumu (qaçqın statusunun ləğvindən tutmuş arxiv sənədlərinin məhv edilməsinə qədər) dəyərləndirim və ortaya çıxacaq acınacaqlı  mənzərədə bu işi 30 ilə yaxın monopoliyaya almış şəxsi və şəxsləri hədəf göstərim. Amma savadı “qıcqırmış” bu şəxsə xəbərdarlıq etmək istəyirəm. Özünü yığışdır Əziz Ələkbərli!  Kimə özünü göstərirsən? Sən kimsən ki, mənim yazdıqlarıma “qiymət”  verirsən? Sənin özünün savadının nə səviyyədə olduğunu bütün ictimaiyyət bilir”.

Həmçinin oxuyun

Keçmiş icra başçısı ECMO-ya qoşuldu

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin …