Ana səhifə / Cəmiyyət / “Şəmsəddin Hacıyev həbsxanada olmalı idi” – ŞOK İTTİHAMLAR

“Şəmsəddin Hacıyev həbsxanada olmalı idi” – ŞOK İTTİHAMLAR

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, Dövlət Mükafatı laueratı Bədirxan Musayev universitetin keçmiş rektoru Şəmsəddin Hacıyevdən ölkə Prezidentinə şikayət edib. Modern.az-ın məlumatına görə, B.Musayevin şikayəti “Reytinq” qəzetində dərc edilib.

O, bildirir ki, son 4 ildə 100-dən çox mətbuat, 200-dən çox müvafiq orqanlar vasitəsi ilə, 4000 nəfərdən çox ziyalı və onu tanıyanlar İqtisad Universitetinin sabiq rektoru, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyevin əməlləri haqda yazıblar: «Həmin məktublarda cənab Prezidentdən məni qəbul etməsi xahiş olunsa da, Şəmsəddin Hacıyevin pulu və bağlı olduğu qruplar bunların prezidentə çatmasına imkan verməyib”

Bədirxan Musayev ölkə başçısına müraciətində bildirib:

“Hörmətli cənab Prezident! Şəmsəddin Hacıyev rektor işlədiyi dönəmdə universiteti talan elədi. Bununla yanaşı, o, müəllimlərin və büdcənin pulu ilə özünə dost və hamilər də qazandı. Elə universitetin müəllimləri üçün tikilən binada aidiyyatı olmayanlara “su qiyməti”nə mənzillər təşkil etməklə, el dili ilə desək, hamam suyu ilə özünə dostlar qazandı.

Belə  bir adam YAP Səbail rayon təşkilatının sədri vəzifəsinə gətirildi. Əlbəttə, bu ortaya haqlı sual çıxarır. Axı, prezidentin işindən narazı qalaraq rektorluqdan azad etdiyi bir adama YAP-da niyə etimad göstərilməlidir?».

Şəmsəddin Hacıyevin İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almasını, təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni oğurlamasını ifşa etdiyini deyən B.Musayev bildirir ki, elə buna görə sabiq rektor onu vaxtı ilə işlədiyi vəzifələrdən əsassız azad edib:

«Şəmsəddin Hacıyev pulun gücünə və mafioz birləşmələrinə arxalanaraq, universitet tarixində yeganə Dövlət Mükafatı laureatı, Türk Dünyasının akademiki, iqtisadi kibernetika ixtisasının yaradıcısı, İqtisad Universitetində 15 rektorla 60 il bütün vəzifələrdə işləmiş mənə (B.Musayevə) “vətən xaini” damğası vurub, bir həftə ərzində İqtisadi Kibernetika kafedrasının müdiri və rektorun müşaviri vəzifələrindən azad etmiş, əmr vermədən professor vəzifəmi yerinə yetirmək üçün binalara daxil olmağa qadağa qoymuşdur. Bu, artıq faşizmin əlamətidir. O, bu cür cinayət tərkibli əməllərini məhkəmələrdə də davam etdirib. Hakimləri satın alaraq istədiyi qətnamələri çıxartdırıb. İş o yerə çatıb ki, hazırda YAP-da “qoltuğu”nun altına aldığı keçmiş köməkçisi Zəfər Bayramovu da “qanunun caynağı”ndan xilas etməkdən çəkinməyib. Sizə Şəmsəddinin dövründə universitetin fakültə elmi şuralarında mənə qarşı təşkil edilən əxlaqsız kampaniyalar və iclaslarda səslənən və küçə səviyyəli insanlara xas olan ifadələrin yer aldığı protokolları da göndərirəm.

Baxın, bu protokollarda Şəmsəddin Hacıyevin qudası Müzəffər Məmmədov başda olmaqla, onlar hansı oyunlardan çıxıblar! Şəmsəddin Hacıyev, Yalçın Hacızalov, Əlixan Əliyev, Ağadadaş Qafarov, Damət Bağırov, Müzəffər Məmmədov, Həsən İsrafilov, (sonuncu iki şəxs onun Dərbənd filialı vasitəsiylə qurduğu qanunsuz tələbə qəbulu şəbəkəsində xüsusi yer alıblar) və digərləri vasitəsiylə mənə qarşı əxlaqa sığmayan çirkin iftira və böhtanlarını atdırıb, məni təhqir etdiriblər. Ancaq nə yazıq ki, buna nə dövlət, nə də məhkəmə hakimiyyəti qiymət verməyib.

Çünki Şəmsəddin Hacıyev yuxarıda qeyd etdiyim “əməliyyat”lar hesabına yığdığı pullar hesabına dövlətin və məhkəmənin üzvlərinin çoxunu satın alıbdır. Belə olmasaydı, indi o, həbsxanada olmalı idi».

Sonda isə Bədirxan Musayev bildirib ki, hazırda Şəmsəddin Hacıyev bütün gücüylə yenidən deputat olmağa çalışır:

«Hörmətli cənab Prezident! Şəmsəddin Hacıyev yenidən Milli Məclisə deputat seçilmək və ya yüksək vəzifə zəbt etmək arzusuna düşüb. Bunun üçün hesab edir ki, yığdığı milyardlar çatmaz. Ona görə də müəllimlər üçün tikilən universitetin yaşayış binasının özəlləşdirdiyi 1-ci mərtəbəsini 4 milyona, Pirşağada zəbt etdiyi 10 hektar torpaq sahəsinin bir sotunu 8 min manata satır. Bundan başqa, şəhərin ayrı-ayrı məkanlarında aldığı 11 yaşayış mənzillərinin 10-nu kirayə verməyə məcbur olub. Onun əmlakları bundan ibarət deyil. Bu onun sahibi olduğu sərvətin çox kiçik bir hissəsidir. Axı, YAP və dövlətə zərbə gətirən bu adama niyə yeni imkanlar açılmalıdır?».

Bədirxan Musayev Şəmsəddin Hacıyevin akademik Əli Abbasovdan qisas almaq üçün onun yaratdığı optimal strukturu necə dağıtmasından, 4 qiyabi fakültəni 12 əyani fakültəyə necə birləşdirməsindən, bununla nə qədər dərs saatı artırmaqla pul qazanmasından, Maliyyə kredit fakültəsini iki yerə bölüb, müxtəlif binalarda yerləşdirməsi nəticəsində tədris yükünü süni olaraq 80 min saat artırmaqla universitet üzrə 155 ştatdan kənar əməkdaşı hansı meyarla işə qəbul etməsinindən və filial vasitəsiylə kimlərin övladlarını tələbə etməsindən, evinə göndərilən minnətəçilərin kimliyindən və onların israrlı yalvarışlarla yazdığı barışıq məktubları və sair kimi çox ciddi sənədli faktlardan da söz açıb…

Modern.az saytı məsələ ilə bağlı dəfələrlə Şəmsəddin Hacıyevlə əlaqə yaratmağa çalışsa da buna nail ola bilməyib.

Yuxarıda səsləndirilən ittihamlarla bağlı onun mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın