Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Şəhid olandan 2 ay sonra əkiz oğlanları dünyaya gəlib… – REPORTAJ

Şəhid olandan 2 ay sonra əkiz oğlanları dünyaya gəlib… – REPORTAJ

Peyğəmbər əfəndimiz Məhəmməd (S.Ə.S) şəhidlik haqqında buyurub: “Cənnətə girən şəxs yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istəyər”.

Ötən ilin fevral ayının 24-dən 25-ə keçən gecə erməni silahlı qüvvələri yenidən bütün cəbhə boyu irimiqyaslı təxribata əl atdılar. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında ağır toqquşma baş verdi. Sözügedən istiqamətdə pusquda duran silahlı qüvvələrimizin bölmələri düşmən hücumunun qarşısını cəsarətlə aldı.

Amma bu döyüşdə Azərbaycan ordusunun 5 hərbçisi həlak olaraq şəhidlik zirvəsinə ucaldılar. Onlardan biri 25 aprel 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya gəlmiş şəhid kəşfiyyatçı, baş leytenant Nəzərov Şahlar Yaşar oğludur.

Şəhidin əkiz övladları
© SPUTNİK / RAHİM ZAKİROĞLU
Şəhidin əkiz övladları

Sputnik Azərbaycan-ın bölgə müxbiri şəhidin ata ocağında olub, ailə üzvlərinin Şahlarla bağlı xatirələrini dinləyib.

Əvvəlcə şəhidimizin atası Yaşar Nəzərov oğlu haqqında danışıb: “Şahlar mənim üçün uşaqlıqdan, şəhid olana kimi oğul yox, yoldaş, sirdaş, hətta qardaş idi. O, mənə heç bir zaman problem, çətinlik yaratmayıb. Orta məktəbi oxuduğu dövrlərdə ona görə həmişə məni təbrik edərdilər, “elə oğul böyütdüyün üçün çox sağ ol” deyərdilər”.

Yardımlı rayonunun Peştəsər kəndində şəhid kəşfiyyatçı Şahlar Nəzərovun ata evi
Yardımlı rayonunun Peştəsər kəndində şəhid kəşfiyyatçı Şahlar Nəzərovun ata evi

O deyib ki, uşaqlıqdan hərbçi olmaq arzusunda olan Şahlar hələ 5-6 yaşı olanda ermənilərə qarşı döyüşmək, şəhidlərimizin intiqamını almaq istəyirmiş: “8-ci sinfi bitirdikdən sonra hərbçi olmaq arzusunu reallaşdırmaq istədi. Səhhətimdə problem olduğu üçün qoymadım, istəmədim getsin. Dedim ki, sənə çətin olar, əziyyət çəkərsən. Az da olsa incidi məndən, ona görə indi də özümü bağışlaya bilmirəm”.

Atasının icazə verməməsi Şahları hərbçi olmaq istəyindən döndərə bilmir. Bir il sonra o, arzularının ardınca gedir: “9-cu sinfi bitirdiyi ərəfədə anasına hərbini istədiyini və mənim onu hərbiyə aparmağımı istədiyini demişdi. Mən də 9-cu sinfi bitirəndə onu apardım. Şahlar imtahanda yüksək bal toplayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu. Liseyi əlaçı kimi bitirdi. Lisey komandiri Şahlara bir sıra hədiyyələr vermişdi”.

Komandirin ürək sözləri
Komandirin ürək sözləri

Atası danışır ki, Şahlar liseyi bitirdikdən sonra hərbi sirləri daha da mükəmməl öyrənmək məqsədilə Hərbi akademiyaya daxil olur. Kəşfiyyatçı peşəsini seçir və oranı da müvəffəqiyyətlə bitirir: “Həmişə kəşfiyyatçı olmaq arzusunda idi. N saylı hərbi hissəyə də kəşfiyyatçı kimi getdi. Xidmət etdiyi vaxtda vəziyyətini, hal-əhvalını soruşanda həmişə “Ata, hər şey yaxşıdır. Heç bir çətinliyim yoxdur, burda da xidmət etməliyəm. Mən burdan niyə çıxmalıyam ki, kiminsə övladı gəlib mənim yerimə xidmət etsin?” deyirdi”.

Yaşar dayı övladının yaxşı ad qoyub getdiyi və qəhrəmanlıq göstərdiyi üçün fəxr etdiyini deyir: “Oğlumun dövlətçiliyimizə qarşı zərrə qədər də nöqsan buraxmayıb şəhid olduğu üçün fəxr edirəm və bunu böyük fəxarətlə deyirəm. İndi də Azərbaycanın bir neçə rayonundan — Qazaxdan, Tovuzdan, Salyandan mənə zənglər gəlir ki, elə qəhrəman oğul böyütdün, o cür qisas aldı, qəhrəmanlıq etdi”.

“Vətəninə çox bağlı idi. Hamı da bunu bilirdi. Şahların savadına və bacarığına görə onu 27 yaşında bölük komandiri təyin etmişdilər. Ara-sıra dost-tanışları mənə zəng edib deyirlər ki, “Biz fəxr edirik ki, Milli Ordunun tarixindən elə bir oğul keçdi”. Nə arzu etdisə, arzusuna çatdı. Dəfələrlə şəhid olmasını arzu etdiyini dilə gətirirdi. Anası şəhid olan əsgərlərimizə görə ağlayanda Şahlar anasının ağlamasına irad bildirirdi. Deyirdi ki, “Şəhidlərə ağlamazlar” — deyir şəhid atası.

Şəhidin medalları
Şəhidin medalları

Şahlar şəhadətə qovuşmazdan cəmi 7 ay əvvəl ailə həyatı qurmuşdu. Şəhidlik məqamına yüksələndən 2 ay sonra isə əkiz oğlanları dünyaya gəlib və indi Yaşar dayının ocağında daha bir Şahlar böyüyür: “Allah Şahlara əkiz oğlanlar qismət etdi. Birinə öz adımı vermişəm, Yaşar, digərinə isə atasını adını, Şahlar. Mənim canım nə qədər sağdır əkizləri böyüdəcəm, qayğılarına qalacağam”.

Şəhid Şahların atası bu gün dövlətdən heç bir dəstək istəmədiyini deyir. Bildiri ki, ərazi üzrə icra nümayəndəsi daim onların ailəsi ilə maraqlanır və buna görə ona minnətdardırlar: “Düzdür, rayon rəhbərliyi maraqlanır ki, nə çətinliyimiz var. Dövlət şəhidimizin də əmək haqqını onun övladlarına ödəyir. O da bəs edir, mən də təsərrüfatımızın və gücümüzün hesabına əkizləri böyüdüb başa çatdıracağam”.

“Dövlətdən sadəcə bir istəyim var. Şahların adını oxuduğu məktəbə versinlər. Bəlkə siz də bilirsiniz, bir çox şəhidlərimizin şəkli olan böyük plakatlar yaşadıqları kəndlərin girişində vurulub. Bunu, əslində, mən deməməliyəm. Şəhidimizin plakatı kəndin girişində vurulmalıdır. İnşallah, bunlar da həllini tapar” — deyə, gileylənir Yaşar dayı.

Şahların əmisi Cabir Nəzərov onunla, demək olar ki, həmyaşıd olduğunu deyir və qardaşının şəhid oğlu haqqında bunları deyir: “Şahlar barəsində, ümumiyyətlə şəhidlər haqqında danışanda bir qədər məsuliyyətli olmalıyıq. Ona görə ki, onlar seçilmiş insanlardır və onlar ölməyiblər, sağdırlar. Şahların kiçik əmisiyəm, aramızda cəmi 9 yaş fərq var. Demək olar ki, tay-tuş kimi böyümüşük. Çox ciddi insan idi. Böyüklə böyük, kiçiklə kiçik olan, yerini bilən oğul idi. Bu gün aramızda olmasa da, onunla şərəf duyuruq”.

Baş leytenant Şahlar Nəzərovun Türkiyədə qazandığı hədiyyə
Baş leytenant Şahlar Nəzərovun Türkiyədə qazandığı hədiyyə

Şəhidimizin qayınatası da Şahlar haqqında fəxarətlə danışır: “Bizim kənddə vətənə-torpağa olan sevgi daha üstündür. Hər övlad öz anasını qorumalıdır. Bizə belə öyrədiblər, biz də öz övladlarımıza belə öyrətdik. Ana Vətən dedik. Anasını qoruyan şəxs Vətənini qorumağa iki qat borcludur. Mən nə uzaqgörənəm, nə də yeznəm olduğu üçün deyirəm. Şahlar doğulanda şəhid doğulmuşdu”.

“Allah mənə qismət etdiyini heç kəsə qismət etməsin. Onun cənazəsini yerdən özüm götürdüm. O gün mənim ömrümün 58 ili qədər keçdi. Allah bütün şəhidlərimizin valideynlərinə can sağlığı versin” — deyir şəhidimizin qayınatası.

O, KİV-də şəhidlərimizə az diqqət göstərilməsindən gileylənir: “Bu gün Azərbaycan mediasında şou-əyləncə tipli verilişlərə ayrılan yer qədər Qarabağ müharibəsi haqqında olan verilişlərə yer verilmir. Mən istəmirəm ki, yeznəmin adı daim çəkilsin. Onun adı mənim qəlbimdədir və ölənə qədər də orada yaşayacaq. Doğrudanmı bir şəhidin adının oxuduğu məktəbə verilməsi üçün 28 medal alması lazımdır? Hanı bizim maarifləndirməmiz? Gələcək nəsillərə şəhidlərimiz haqqında heç nə ötürə bilməcəyik?”

Qeyd edək ki, şəhid olmuş baş leytenant Şahlar Nəzərov Türkiyədə keçirilən NATO təlimlərində 5-ci yeri tutmuşdu. Azərbaycan Silahlı Qüvvələri Kəşfiyyatçıları arasında keçirilən təlimlərdə isə 2-ci yeri qazanmışdı.

Həmçinin oxuyun

Bakıda yaşayan erməni qadın: “Öz uşaqlarını vəhşiliklə böyüdürlər” – Video

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində …