Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / Şəhid əsgərin medalı ailəsinə təqdim edilib – FOTOLAR

Şəhid əsgərin medalı ailəsinə təqdim edilib – FOTOLAR

Bu ilin yanvar ayında düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olmuş əsgər Mənəfov İbrahim Möhsüm oğlunun ölümündən sonra təltif olunduğu medal Neftçala Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə ailəsinə təqdim edilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə neftçalalıların göstərdikləri qəhrəmanlıqlardan söz açıb. İ.Vəliyev rayon gənclərinin Silahlı Qüvvələrdə Vətənə sədaqətlə xidmət etdiklərini və hərb peşəsinə yiyələndiklərini qürur hissi ilə qeyd edib.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani çıxışında bildirib ki, Aprel döyüşlərindən iki il keçməsinə baxmayaraq, düşmən düçar olduğu uğursuzluqdan nəticə çıxarmaq əvəzinə yenə də atəşkəs rejimini pozmaqda davam edir. Həmişə olduğu kimi, Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və hər an döyüş növbəsində ayıq-sayıqdır.

Hərbi qulluqçu İbrahim Mənəfovun 23 illik ömür yolu haqqında məlumat verilərək bildirilib ki, o, 1995-ci il martın 31-də anadan olub, 2018-ci il yanvarın 19-da düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Qeyd olunub ki, şəhid Azərbaycan Milli Aviasiya Akademiyasının məzunu idi.

Şəhidin müəllimi Lətifə Rəhimova sevimli şagirdi haqqında xatirələrini danışıb.

Sonra Azərbaycan Respublikası Prezidenti adından, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə şəhidin təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailəsinə təqdim olunub.

Şəhidin valideynləri, eləcə də müddətli həqiqi hərbi xidmətini bu yaxınlarda başa vurmuş qardaşı Nicat Mənəfov göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək, şəhidlərimizin intiqamını almaq üçün hər an döyüşə hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda bir qrup hərbi qulluqçu, ictimaiyyət nümayəndələri və şəhidin ailəsi Bankə qəsəbəsinə gedərək şəhidin məzarını və buradakı Türk şəhidliyini ziyarət ediblər. (AzərTAc)

Həmçinin oxuyun

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanıb (FOTO)

Azərbaycanın “Zəfər” ordeninin detallı təsviri açıqlanıb.  “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan …