Şənbə , May 28 2022
Ana səhifə / Cəmiyyət / Səfirin “Mən qadınam!” hayqırtısı və 8 Mart – Şərif Ağayarın yazısı

Səfirin “Mən qadınam!” hayqırtısı və 8 Mart – Şərif Ağayarın yazısı

Ukraynadakı səfirimizin məlum hadisələrlə bağlı verdiyi açıqlamada işlətdiyi ikicə kəlmə əməlli-başlı partlayış doğurdu:

“Mən qadınam!”

Müdafiə məqsədi ilə deyilmiş bu ifadə haqlı etiraz doğursa da, bu etirazların bir çoxu ondan daha betər idi.

Biz 21-ci əsrin 22-ci ilində belə müasir qadın anlayışına lazımınca qiymət verə bilmirik. Yüz illərin kompleksi bizi heç cür tərk etmir.

Mən qadınam!

Əlbəttə, ilk baxışdan burada polemik heç nə yoxdur. Qadınsan, qadın ol, buna etiraz edənmi var? Lakin haqlı tənqidin hədəfinə çevrilməmək üçün qadınlıqdan sui-istifadə edirsənsə, rənglər dəyişir.

Axı dünyanın heç yerində qadınlıq məsuliyyətsizliyi simvolizə etmir. Həm də bu ifadəni nədənsə çəkinən, qorxan, yaxud özünü çəkinmiş, qorxmuş kimi göstərən sadə bir qadın işlətsəydi, ciddi qıcıq doğurmazdı. Söhbət xalq yazıçısından, neçə çağırış millət vəkilindən və Ukrayna kimi dünyaya cəsarət dərsi keçən ölkədəki səfirdən gedir.

“Qadınsan get bozbaşını bişir!”

Bu isə reaksiyalar arasında ən çox rast gəlinən fikir…

Üzrün günahdan betər olduğu məqam…

Şüuraltının ekstremal partlayışı…

Bəzən iş icabı “qadın yazarlar”, “qadın ədəbiyyatı” ifadələrini işlədirik. Etiraz doğurur. Hətta yadımdadır “şairə” sözü feministlərin qəzəbinə səbəb olmuşdu. Sənətin cinsi olmur. Haqlı iraddır. Bəs yazılan əsərin analizi zamanı müəllifin məxsus olduğu cins haqqında məlumat vermək zərurəti yaranarsa?

Ayrı-seçkilik olmaz. Bunu hələ də yaxşı-yaxşı oxumadığımız Konstitusiyamız deyir. Elmi metodologiyada isə bir nəsnəni öyrənmək üçün təsnifatlaşdırmaq zərurəti yarana bilir.

Dövrlərə görə, cərəyanlara görə, sosial mənsubiyyətə görə, siyasi dünyagörüşünə görə…

Təbii, bəzən də cinsi mənsubiyyətə görə…

Demək, məqsəddən çox şey asılıdır. Müəllifin qadın olduğunu bildirmək onun yaradıcılığını daha dolğun izah etmək məqsədi daşıyırsa, zərərli deyildir. Vurğu səbəbsiz yerə, yaxud “kötü niyyətlə” cinsi mənsubiyyət üzərinə düşürsə, yolverilməzdir.

Səfirimiz (səfirəmiz yox – Ş.A.) elə bir şəraitdə “Mən qadınam!” ifadəsini işlədə bilərdi ki, hamımız alqışlayardıq. Bir örnək deyim. Səfir yolla gedir, yaxınlıqdakı binaya bomba düşür, dağıntı baş verir, birdən dağıntıların altından uşaq səsi gəlir, heç kim qorxudan yaxınlaşa bilmədiyi halda bizimki irəli durub uşağı xilas edir, tozun-torpağın içində geri qayıdarkən jurnalistlər tökülüşüb gəlir, onun elə o cür də fotosunu çəkib yayırlar, sonra müsahibəsini oxuyuruq:

“Mən qadınam, anayam, uşağın səsinə dayana bilməzdim!”

Doğrudur, həssas feministlər bu misalda da nəsə tapa bilərlər, lakin sözün təsir effektinin tamam dəyişdiyini etiraf etməliyik.

Mövzu yetərincə həssasdır!

Məsələ budur ki, bizim mentalitetdən gələn “qadına hörmət” anlayışı, “qadına hörmətsizlik” anlayışının astar üzüdür. Çünki biz əksər hallarda qadına layiq olduğu haqq və hüququ vermək əvəzinə ona sahiblənməyə çalışırıq.

Qadına sahibləndiyin an onun haqqını tapdamağa başlayırsan və bu gün sahib çıxdığına sabah cəza kəsmək cəsarəti göstərirsən.

Hətta adi bir jestdə, misal üçün, metroda qalxıb yer verəndə qadına sahiblənmək instinkti baş qaldırır. Bunun altındakı gizli istəkləri çözməyə iki-üç Freyd kimi alim lazımdır.

Daha bir ciddi sual da var qarşımızda: Azərbaycan kimi orta əsr dəyərləri ilə yaşayan və idarə olunan ölkələrdə qadına sahiblənmədən keçinmək olarmı?

Nəzərə alaq ki, biz əri olmayan qadına hələ də “başsız qadın” deyirik…

Hətta o özü də özü haqda bu ifadəni çəkinmədən işlədir.

Çətindir, amma çıxış yolu var: qadın da daxil olmaqla hər kəsə qanunun – dövlətin sahib çıxması…

Qadının özünü sözün həqiqi mənasında azad hiss etdiyi bir cəmiyyət arzusu ilə…

Bayramınız mübarək!

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …