Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Səfər Əbiyev özünü və Elçin Xəlilovu necə təhlükədən xilas etdi

Səfər Əbiyev özünü və Elçin Xəlilovu necə təhlükədən xilas etdi

Sabiq müdafiə naziri 10 milyonluq “MəstDərgah” istirahət zonasını hansı vəsaitlə inşa etdirib?
Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəhbərinin şərti olaraq bir il azadlıqdan məhrum edilməsi heç də təsadüfi deyil

Sabiq müdafiə naziri Səfər Əbiyevlə “özəl münasibətləri” olan, onun yaxın adamı kimi tanınan, Müdafiə Nazirliyi Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəhbəri, seysmoloq Elçin Xəlilovun üzərindən bütün əsas ittihamlar götürülüb. Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 308.2.1 maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə təqsirli bilinmişdi və şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə məlumat verən Elçin Xəlilovun vəkili Fəxrəddin Mehdiyevin sözlərinə görə, məhkəmə araşdırması zamanı çoxlu sayda şahid, o cümlədən Müdafiə Nazirliyinin vəzifəli şəxsləri dindirilib. Bundan əlavə, məhkəməyə əlavə sənədlər, faktlar təqdim olunub və məhkəmə onları nəzərə alıb. Vəkil bildirir ki, məhkəmənin qərarı ilə Səfər Əbiyevin yaxın adamı barəsində şərti olaraq 1 il sınaq müddəti müəyyən edilib. Qərar 2 iyun 2015-ci ildən qüvvəyə minib.

Sabiq nazir Elçin Xəlilovun məsələsində kimin yardımlarına baş vurub, kimə minnətçi düşüb?

Məlumat üçün nəzərinizə çatdıraq ki, seysmoloq Elçin Xəlilovun hərbi xidmətdə “polkovnik”, bəzi məlumatlara görə, “general” kimi özünü təqdim etməsi ictimaiyyətə bəlli olmasa da, Müdafiə Nazirliyi sistemində çoxlarına məlumdur. O, Səfər Əbiyevlə yaxın münasibətdə olduğu üçün uzun müddət Elçin Xəlilovun cavabdeh olduğu sahəyə Müdafiə Nazirliyindən və Hərbi Prokurorluqdan heç kim müdaxilə etməyib. Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Elçin Xəlilovun cavabdeh olduğu sahəni “xüsusi əhəmiyyətli” kimi təqdim etməsi də digərlərinin onun işinə qarışmasının qarşısını alıb. Bu və digər önəmli məqamlarla bağlı bilgilərini redaksiyamızla paylaşan məlumatlı şəxsin iddiasına görə, tabeliyində olan hərbçi və mülki işçilər üçün “əlçatmaz” nüfuz sahibi kimi təqdim olunması Elçin Xəlilovun Müdafiə Nazirliyində uzun müddət neqativ hallara yol verməsini kimsənin “görməməsi” ilə nəticələnib: “Belə ki, birbaşa öz tabeliyinə aldığı hərbi hissənin bütün maliyyə-texniki fəaliyyətini yalnız özü yönəltməsi, illərlə Müdafiə Nazirliyindən bu hissəyə adi yoxlamanın belə, gəlməməsi Səfər Əbiyevin adamının “toxunulmazlığı”nın təminatı olmuşdu. Əslində, Səfər Əbiyevin görəvdən alınmasından sonra Elçin Xəlilovun vəziyyətinin ağırlaşması heç də təsadüfi deyil. Çünki o, məhz sabiq müdafiə nazirinin himayəsində olduğundan Müdafiə Nazirliyinin yetkili şəxsləri bəzi məsələləri görməzdən gəlirdi. Səfər Əbiyevin gedişindən sonra isə Elçin Xəlilovun fəaliyyəti, onun rəhbərlik etdiyi sahə ciddi yoxlamaya məruz qaldı və bu zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirildi. Məlum oldu ki, seysmoloq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra əyrintilərə rəvac verib. Bütün bunların qarşılığında indi onun şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilməsi heç də təsadüfi deyil. Görünür, sabiq müdafiə naziri Səfər Əbiyev məhz özünü sığortalamaq üçün geniş əlaqələrindən istifadə edərək yaxın adamı olan Elçin Xəlilovun cəzasını xeyli yüngülləşdirməyə nail olub. Əslində, bu, həm seysmoloqun, həm də Səfər Əbiyevin xilası kimi qiymətləndirilməlidir. Çünki Elçin Xəlilov sabiq nazirin bir çox əməllərindən məlumatlıdır və o, hər an hər şeyi ictimailəşdirə bilərdi. Buna görə də Səfər Əbiyev həm özünü, həm də adamını mümkün təhlükədən sığortalamağı bacardı. Maraqlıdır, görəsən sabiq nazir bu işdə kimin yardımlarına baş vurub, kimə minnətçi düşüb?..”

Bu arada, Quba rayonunun məşhur istirahət zonası olan Qəçrəş ərazisində yerləşən “MəstDərgah” istirahət mərkəzinin məhz Səfər Əbiyevə məxsus olduğunu vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, adıçəkilən istirahət zonası 2013-cü ildə tikilib: “14 kotecdən ibarət olan bu istirahət mərkəzi Quba-Xınalıq yolunun 28-ci kilometrliyində, Qrızdəhnə kəndində yerləşir. “MəstDərgah”ın ərazisi və ətrafı meşəlik, dağlar, şəlalə və çayla əhatə olunur. Kifayət qədər geniş sahəyə və təbii gözəlliklərə malik olan “MəstDərgah”a Səfər Əbiyevin xeyli pul xərclədiyi və süni gözəlliklər yaratdığı bildirilir. Ümumiyyətlə, adıçəkilən istirahət zonasının inşasının sabiq müdafiə nazirinə təxminən, 10 milyon manata başa gəldiyi vurğulanır. Görəsən, sabiq nazir bu boyda istirahət zonasını hansı vəsaitlə inşa etdirib?..” “MəstDərgah”da qiymətlərin kifayət qədər yüksək olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, burada bir dəfə gecələmək üçün 300 manata çatan qiymətlər mövcuddur: “İstirahət zonasında müştərilərə təklif olunan yeməklərin qiymətləri həddən artıq baha olduğundan bu, ora gələn qonaqlarda həm təəccüb, həm də narazılıq doğurur. Bir sözlə, “MəstDərgah”da qiymətlər fantastik həddədir. Bu isə adıçəkilən istirahət zonasının ölkənin yerli turizmini zəiflətdiyini deməyə əsas verir…”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Səfərbala Axundbala oğlu Əbiyevə bir sual? Çeçələ barmağın distal falanqası bilirsən nə deməkdir.

Gundelik-Baku.com

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın