Ana səhifə / Cəmiyyət / “Sədərək” məscidində “dini elitanın” qarşıdurması

“Sədərək” məscidində “dini elitanın” qarşıdurması

Noyabr ayında “Sədərək” Ticarət Mərkəzində yerləşən məsciddə qarşıdurma olması və axundun dəyişdirilməsinə etiraz edən vətəndaşın döyülməsi ilə bağlı saytlarda xəbər getmişdi.

Xəbərdə qeyd olunurdu ki, məscidin “Sədərək”də işləyən sahibkarların pul toplayaraq tikdirdiyi və özlərinin seçdiyi şəxsin axund kimi fəaliyyət göstərən hacı Əkrəm və hacı Eldəniz adlı şəxslər məsciddən uzaqlaşdırılıb, Fərid İsmayılzadə adlı şəxs axund təyin olunub.

Bundan sonra “Sədərək”də işləyən və məsciddə namaz qılan şəxslər ticarət mərkəzinin sahibi Yusif Qədimbəyliyə etirazlarını bildiriblər. TM-nin rəhbərliyi isə narazı şəxslərə axundu Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyini deyib.

Məsciddə isə Aydın Nağıyev adlı inanclı şəxs məscidin içində axundun dəyişdirilməsinə görə “Sədərək” TM-nin  rəhbərliyinə etiraz etdiyi üçün ticarət mərkəzinin mühafizəçiləri tərəfindən döyülüb.

QMİ-dən isə “Qafqazinfo”ya bildiriblər ki, həmin məscid qurumun balansında olmadığı üçün İdarə tərəfindən ora heç bir axund təyin edilməyib.

Sədərək "İmam Cəfər Sadiq" məscidi

Ancaq maraqlıdır ki, cəmiyyətin diqqətini cəlb etməyən bu hadisə əlaqədar dövlət qurumlarını da narahat etməyib. Məsələ ondadır ki, Azərbaycanda məscidlərə imam təyinatını QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə həyata keçirir. Yəni formal olaraq QMİ təyin edir, ancaq qanuna əsasən QMİ bu zaman müvafiq dövlət qurumu ilə razılaşdırmalıdır. Amma “Sədərək” TM məscidi ilə bağlı məsələdə QMİ yaxasını kənara çəkdi, DQİDK isə ümumiyyətlə mövzuya qarışmadı. Bununla da, məsələ, necə deyərlər, bağlandı.

Lakin bu günlərdə məscid ətrafında baş verənlərlə bağlı yeni təfərrüatları məlum olub. Heç demə, ticarət məscidində qarşıdurma və gərginliyə səbəb heç də iki din xadiminin məsciddən uzaqlaşdırılması deyilmiş. İşin arxasında “dini elitanın” qarşıdurması varmış. Bu səbəbdən də indi əlaqədar qurumlar yaxasını kənara çəkməyə çalışır.

Bakının iki ən böyük ticarət mərkəzindən biri olan “Sədərək” bazarında məscid və ya ibadət evi hələ 20 il əvvəl, bazar Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən zaman dindar ticarətçilər tərəfindən inşa olunub. Daha sonra “Sədərək” bazarı Lökbatan qəsəbəsi ərazisinə köçdüyü üçün ticarətçilər yeni yerdə də məscid inşa edirlər. Amma bu zaman bazarın sahibi Yusif Qədimbəyli özü də ibadətə başladığı üçün bazar məscidinin tikintisinə ciddi dəstək verir. Təbii ki, bundan sonra həm də məscidi öz nəzarətinə götürür, məscidin idarəsini öz adamlarına tapşırır. Hətta təmirdən sonra məscidin adını “Qüds” məscidi (məscidin yeni dizaynı Qüds şəhərindəki müqəddəs məscidə oxşardır – müəllif.) qoysa da, İsraillə münasibətlərə görə hakimiyyət orqanları məscidin adını dəyişdirir.

Qədimbəylinin növbəti addımı isə məscidin keçmiş imamlarını oradan uzaqlaşdırıb, məscidin idarəsini QMİ sədrinin müavini və hazırda “Heydər Məscidi” kompleksinin rəhbəri olan dostu Hacı Sabir Həsənliyə vermək olur. Qədimbəyli köhnə imamların hər ikisinin Şeyxə yaxın adamlar olduğu üçün məscidi onlardan alıb Hacı Sabirə bağışlamaq niyyətinə düşür. Ancaq bunun üçün müvafiq səbəb tapmaq lazım olur və elan olunur ki, axundları çıxarılması məscidə yeni qaydaların gətirilməsi ilə bağlıdır. Bundan sonra Hacı Sabirin rəhbərlik etdiyi “Heydər məscidi”ndən “Sədərək” bazar məscidinə axund transfer olunur. Və məscid camaatına elan olunur ki, bundan sonra məsciddə artıq vəhdət namazları qılınacaq, bu məscid də Bakıdakı digər məscidlərdən fərqli olacaq. Yəni “Heydər məscidi” kompleksində olduğu kimi, burda da vəhdət namazları qılınacaq. Hər həftə bir imam namaz qıldıracaq.

1_251.jpg (39 KB)

Amma bu planı reallaşdırmaq mümkün olmayıb. Daha doğrusu, görünür ki, əslində belə bir plan da olmayıb. Sadəcə bu xəbəri dövriyyəyə buraxmaqla ictimai rəyi sakitləşdirmək istəyiblər. Bir qədər sonra isə yeni təyin olunan imam başqası ilə əvəzlənib. Ancaq məscidin idarəsi Hacı Sabirin nəzarətində qalıb. Məsciddə isə ənənəvi qaydada davam edib.

Məscidin keçmiş icması isə ibadət evinin TM rəhbəri Qədimbəylinin nəzarətinə keçməsi və biznesmenin ibadət ocağında oyunlar qurmasına etiraz edib. O da deyilir ki, ənənəvi icma artıq məscidə toplanmır. 

Maraqlıdır ki, məscidə axund-imam təyinatını QMİ həyata keçirsə də, “Sədərək” TM məscidində baş verənlərə QMİ qarışmayıb. Görünür. Şeyx əsl hədəfin özü olduğunu bildiyi üçün hələlik sakit qalmağı üstün tutub.

Seyid Amuli kimdir ki, Şeyx ona cavab versin" - Şeyxin müavinindən İranın  din xadiminə Sərt Sözlər Manset.az

O da maraqlıdır ki, yaşayış məntəqəsi olmadığı üçün ticarət mərkəzi məscidində dini icma yaradılmayıb. Başqa sözlə ölkə qanunvericiliyinə əsasən məscidin faktiki olaraq statusu yoxdur. Üstəlik tarixi abidə olmadığı üçün də Mədəniyyət Nazirliyində qeydiyyatda yoxdur. Görünür, Şeyx kimi DQİDK də nəhəng ticarət mərkəzi rəhbəri ilə qarşıdurmaya getmək istəməyib. Yoxsa, dövlət orqanları məscidə, özü də Bakının ən aktiv nöqtəsində yerləşən bir məsciddə baş verənlərə sakit müşahidəçi qalmazdı.

Baş verənlərin “Sədərək” TM sahibi Yusif Qədimbəylinin həmyerlisi Hacı Sabir Həsənliyə “eloğlu dəstəyi” olduğu, yoxsa hakimiyyətdəki hansısa qrupun Şeyxi zəiflədib ona qarşı köhnə rəqibi (Şeyx və Hacı Sabir qovğası keçmiş illərdə çox məşhur idi) Hacı Sabir kartını irəli atması cəhdi olduğu dəqiq məlum deyil. Ancaq bir şey məlumdur ki, bu cür gizli “rəqabətlərin” məscidlərə sıçraması ölkənin sabit dini mühiti üçün heç də yaxşı nəticələr vəd etmir.

yusif-qedimbeyli.jpg (14 KB)

Yeri gəlmişkən, “Report” Agentliyi İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınacağı ilə bağlı xəbər yayıb. Xəbərdə qeyd olunur ki, “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Bu qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”.

Başqa sözlə, məscidlərə imam təyinatı artıq QMİ-dən alınaraq dövlət komitəsinə veriləcək. Görünür, “Sədərək” məscidində baş verənlərə QMİ-nin susqunluğunun arxasında da bu səbəb yatırmış.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …