Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / Səadət Bənəniyarlı: “Narkotiklərlə bağlı baş verənlər xalqa qarşı təxribatdır”

Səadət Bənəniyarlı: “Narkotiklərlə bağlı baş verənlər xalqa qarşı təxribatdır”

2 il əvvəl, 2019-cu ilin aprelində Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC)keçirildi. Təşkilatçılar bəyan etmişdi ki, dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsi üçün təşkil olunub.

Azərbaycandan konfransa qatılan mütəxəssislərin tədbirdə əxz etdikləri bilikləri praktikada tətbiq edib-etmədikləri haqda məlumat yoxdur. Ortada acı mənzərə var. Azərbaycanın kəndlərindən, şəhərlərdən, rayonlarından narkotik istifadəçilərinin sayının durmadan artması haqda məlumatlar səngimir. Narkotik satanları hər kənddə, şəhərdə, rayonda xeyli tanıyan var. Səbəb də sadədir. Onları tanıyanlar əsasən narkotik istifadəçiləridir. O adamlar ki, narkotikdən asılı vəziyyətdədirlər. Narkotikdən aslılıq, həyatını narkotikə həsr etmə və məhv olma əsasən zəif iradəli fərdlərə xasdır. Yəni belə asılılıqdan əziyyət çəkənlər balaca bir narkotik dozasına görə istənilən məlumatı bölüşəcək qədər zəifdirlər. Belə olan halda ortaya sual çıxır: narkotik istifadəçisi ələ keçirsə, həmin o narkotiki satan azadlıqda necə qala bilir? 

Niyə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi antinarkotik tədbirləri yetərsizliyi ilə diqqət çəkir?  Narkotacirlərin “açıq bazarı”nın bağlanması üçün gərəkən addımlar da nəzərə çarpmır. Sanki ölkədə narkoticarətdən əldə olunan böyük pulların dövriyyəsinə sərhədlərimizi aşan narkomafiyaların himayəsi var və bu himayəçilik narkotacirləri əli qandallı həbsə göndərilməkdən hifz edir.

Narkomanların azad edilmiş Qarabağda basdırılan mina sahələrinə buraxılması tələbi var!

Nə etməli? Vəziyyətdən çıxış yolu varmı?  Digər tərəfdən də narkomanlarla bağlı çox ciddi tədbirlərin görülməsi tələbləri eşidilir. Cəmiyyət göz qabağında olan narkomanlardan, onların doza üçün oğurluqlarından, narkotikin təsiri altında atdığı xoşagəlməz addımlarda bezib. Hətta narkomanları azad edilmiş torpaqlardakı mina sahələrinə buraxmaqla problemi çözmək təklifi  də var.

“Sərtləşmə narkotikləri yayanlara, narkotik ticarəti ilə məşğul olanlara qarşı olmalıdır”

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a deyib ki, narkomaniya ağır xəstəlikdir: “Xəstə adamlara qarşı sərt tədbirlər görmək o qədər də düzgün addım deyil. Hesab edirəm ki, sərtləşmə narkotikləri yayanlara, narkotik ticarəti ilə məşğul olanlara qarşı olmalıdır. Azərbaycanda narkotikləri ölkəyə gətirənlərə, ölkədə satışını təşkil edənlərə qarşı sərt, təsirli tədbirlər görülməyincə, biz cəmiyyət olaraq problemi həll edə bilməyəcəyik. O qruplar ki, narkotikləri ölkəyə gətirirlər, onlar ifşa olunmalı, ən ağır cəzalara məhkum edilməlidirlər. Narkomaniya bəlasına düçar olanlara qarşı isə sərt tədbirlər əvəzinə reabilitasiya mərkəzlərinin açılması və ora müalicəyə göndərilməsi zərurəti var. Azərbaycanda narkotik asılılığı olan şəxslərin reabilitasiyasını professional səviyyədə həyata keçirən çox az mərkəz var. Azərbaycanda narkomanların rəsmi və qeyri-rəsmi sayını nəzərə alsaq, fəaliyyətdə olan reabilitasiya mərkəzləri çox azdır”.

“Buradakı müəyyən qrupları vasitəsilə narkotikləri ölkənin hər tərəfinə yayırlar”

Hüquq müdafiəçisi deyir ki, belə mərkəzlərin əlçatanlığı da istənilən səviyyədə deyil. “Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası var. Amma həmin komissiyanın işi görünmür. Sizcə, bu nə ilə əlaqədardır” sualına hüquq müdafiəçisi belə cavab verib: “Azərbaycanda təkcə bu komissiya deyil, digər xüsusi idarə də var, dövlət qurumları da var. Deyərdim ki, narkotiklərlə bağlı hazırda baş verənlər xalqımıza qarşı bir təxribatdır. Qonşu ölkələrdən Azərbaycana narkotik gətirirlər, özlərinin buradakı müəyyən qrupları vasitəsilə narkotikləri ölkənin hər tərəfinə yayırlar. Son vaxtlar bunun qarşısının alınması üçün nə qədər reydlər, tədbirlər keçirilir. Amma daha artıq işlənməli, orqanlar daha çox işlər görməlidirlər”.

“Narkoticarətlə mübarizədə birlik olmalıdır”

“Narkotiklərin dövriyyəsinin qarşısının alınması üçün aparılan mübarizə yetərlidirmi” sualına hüquq müdafiəçisi belə cavab verdi: “Mübarizə daimi, kampaniya şəkilində olmamalıdır. Mən istərdim ki, daha güclü mübarizə aparılsın, cəmiyyət səfərbər olunmalıdır. Əməli şəkildə cəmiyyət səfərbər edilməsə, vəziyyət daha da ağırlaşacaq. Cəmiyyət deyəndə həm də dövlət strukturlarını nəzərdə tuturam. Adıçəkilən Dövlət Komissiyasının işini nəzərdə tuturam. Narkoticarətlə mübarizədə birlik olmalıdır, birlik olmayan yerdə mübarizə səmərəli olmayacaq”.

“Narkotiklərlə mübarizə üçün yaradılan dövlət qurumları arasında sanki koordinasiya yoxdur. Qurumların əlaqəli işləməməsi bu problemin aradan qalxmasında çətinlik yaratmırmı” sualına hüquq müdafiəçisi “Əslində Dövlət Komissiyası məhz bu sahə ilə bağlı bütün fəaliyyətlərin koordinasiya olunması üçün yaradılıb. Görünən odur ki, koordinasiyaya ciddi ehtiyac var”, – deyə cavab verdi.  

Narkotiklərlə bağlı illik hesabatı Dövlət Komissiyasının saytında tapanlara mükafat

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının saytında 2021-ci ilin 6 ayı ərzində ölkə ərazisində narkotiklərlə bağlı görülən tədbirlər haqda statistik məlumatlar yoxdur. Komissiyanın işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov “Yeni Müsavat”a deyib ki, statistik məlumatlar yaxın günlərdə sayta yerləşdiriləcək. Komissiyanın saytında 2020-ci ilə aid statistik məlumatlar da ilk 3 ayı əhatə edir.

“Bu halda statistik məlumatlar niyə müvafiq bölümdə deyil, xəbərlər bölümünə yerləşdirilib?”

Tanrıverdi Aydınov illik statistik məlumatların saytdakı “Statistik məlumatlar” bölümünə deyil, “Xəbərlər” bölümünə yerləşdirildiyini deyib və bunun səbəbini belə izah edib ki, “2020-ci ilə dair ”İllik Hesabat” jurnal (https://www.nmdk.gov.az/files/2021_07_17_12_04_23_7e7e.pdf)formasında nəşr edilib. Jurnalın materiallarının genişliyi və ümumilikdə PDF formatında olan jurnal üzərindən axtarışın çətin olması hesabatı hazırlayanların gərək ki, marağında olmasın. Bu halda statistik məlumatlar niyə müvafiq bölümdə deyil, xəbərlər bölümünə yerləşdirilib? “Narkotacirlərin niyə azadlıqda qalması” sualı kimi bu sual da açıqdır.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …