Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Rüstəm İbrahimbəyovun “varisi” məlum oldu

Rüstəm İbrahimbəyovun “varisi” məlum oldu

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun vəfatından sonra boş olan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədrliyinə namizəd müəyyənləşib. İttifaqın katibi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib ki, qurumun İdarə Heyəti yeni sədrin seçilməsi məsələsini müzakirə edib və yekdil qərarla Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb.

B.Vəziroğlu vurğulayıb ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsini tutan R.Balayev Azərbaycan kinosunun brendidir və alternativi yoxdur: “Rasim müəllim ittifaqın sədri olmağa bir az tərəddüd edirdi. Dedi ki, yaşlıyam, səhhətimdə də problemlər var, amma biz razılaşmadıq. Bildirdik ki, ittifaqın yaşaması və inkişafı üçün onun kimi rəhbərə ehtiyac var. İdarə Heyətinin bütün üzvləri Rasim Balayevin namizədliyini dəstəklədi. O, seçkidə sədrliyə tək namizəd olacaq”.

Məlumata görə, mayın 12-dək ittifaqın İdarə Heyətinin iclası keçiriləcək və ümumi yığıncağın dəqiq tarixi müəyyənləşəcək. Ümumi yığıncaq isə iyunun 1-nə qədər olacaq. Toplantıda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.

Qeyd edək ki, bu məlumat yayılandan bir neçə saat sonra Rasim Balayevin xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu haqda informasiyalar yayıldı. APA-ya danışan Xalq artisti səhhətində problemlər yarandığını bildirib: “Mədəmdə nasazlıq hiss elədim. Gəlmişəm, xəstəxanadayam, balaca bir polip var imiş, onu götürüblər, bir azdan evə buraxılacam”.

Bəs Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsi hansı yeniliklər gətirə bilər? Uzun illərdir iki kino ittifaqı arasında yaranmış buzların əriməsi mümkündürmü?

Ayaz Salayev: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı digər  ittifaqla birləşsə, mən çıxacam”

Ayaz Salayev: “Şəxsən mən həmin ittifaqın ideoloji düşməniyəm”

Mövzu ilə bağlı tanınmış kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a danışıb: “Rasim Balayevə Allahdan şəfa diləyirəm. Lakin onun gəlişi ilə heç nə dəyişməyəcək, heç nə. Çünki faktiki olaraq ittifaqı başqaları idarə edəcək, Rasim Balayev isə viziti olacaq. Dəfələrlə bu haqda demişəm və indi də qeyd edirəm, həmin ittifaqın üzvləri ilə normal dostluq əlaqələrim var. Lakin bir təşkilat kimi o mənim üçün mövcud deyil. Əgər iki ittifaq birləşərsə, mən oranı tərk edəcəyəm. Ümumiyyətlə, bu iki ittifaq çətin ki birləşsin. Artıq kino aləmi parçalanıb və onu parçalayanın da adı məlumdur. Bu artıq mənim üçün ideoloji məsələdir. Şəxsən mən həmin ittifaqın ideoloji düşməniyəm”.

Rəşad Qasımov — Vikipediya

Rəşad Qasımov: “Bu bir faktdır ki, kinonun iki cəbhəyə ayrılması kino aləmində parçalanma yaradıb”

Azərbaycan kinoprodüseri, kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov: “Bir dəfə gürcü kinematoqraf mənə sual verdi ki, ”sizcə bu ittifaqlar Sovet dövründən qalma ideologiya deyilmi, onların fəaliyyətini nə qədər düzgün hesab edirsiniz?” Mən isə bununla əsaslandırıb bildirdim ki, əslində bu cür ittifaqlar yaradıcı insanlar üçün bir doğma ocaq funksiyasını yerinə yetirməlidir və onlar bu qurumun ətrafında toplanmalıdırlar. Yəni, qurum yaradıcı  insanların sosial, məişət problemlərinin qabartmalı, qayğıları ilə maraqlanmalıdır. Bir sözlə, qurumun işi təkcə yaradıcılıqla bitməməlidir, həm də sənət adamlarına dayaq olmalıdır. Dayağın olması üçün də qurumda Rasim Balayev kimi həm cəmiyyətdə, həm kino aləmində təsir gücü, nüfuzu yüksək olan insanların təmsil olunması vacibdir. O ki, qaldı ittifaqın iki olmasına, sayın 2 deyil, 22 olmasının fərqi yoxdur. Təbii ki, bir ittifaqın olması, hamının ora yığışması daha yaxşı olardı, amma indi vəziyyət başqadır. Əsas odur ki, niyyətləri yaxşı olsun, kinoya xidmət etsin. Bəli, bu bir faktdır ki, kinonun iki cəbhəyə ayrılması kino aləmində parçalanma yaradıb. Ümumiyyətlə, kino aləminin evini həmişə intriqalar “yıxıb”. Bu intriqa hələ Sovet dövründə, 40-50-ci illərdə  mövcud olub. Lakin düşünürəm ki, ittifaqlardan daha çox fərdlər önəmlidir”.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …