Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Rusiya-Gürcüstan-Ermənistan-İran dördbucağında yarımqapalı proseslər və Azərbaycan…

Rusiya-Gürcüstan-Ermənistan-İran dördbucağında yarımqapalı proseslər və Azərbaycan…

Son vaxtlar Azərbaycanın əhatəsində olan dövlətlərlə bağlı bəzi narahatedici məqamlar üzə çıxır. Xüsusilə də Azərbaycanın daim yardım etdiyi və özünə strateji partnyor saydığı Gürcüstanı bu sıraya aid edə bilərik.
Azərbaycanla həmsərhəd olan 4 ölkənin sanki ölkəmizin başı üstündən hansısa bir iş çevirdiyi nəzərə çarpır. Gürcüstanın son vaxtlar etdiyi gedişatlara nəzər salaq. Sözügedən dövlət İranla vizanı ləğv etməyə təşəbbüs göstərir ki, Cənub qonşumuz da buna ikəlli razılığını ifadə edib. Bununla yanaşı, strateji partnyorumuz Rusiyadan Azərbaycan qazından daha yaxşı şərtlərlə enerjidaşıyıcısı almağın yollarını arayır. Özü də həmin çabaları yarıgizli şəkildə həyata keçirir. Bununla yanaşı, son dövrlər Gürcüstanın xarici siyasətində Ermənistana ciddi şəkildə meyillənmə nəzərə çarpır. İran isə, öz növbəsində, Ermənistan vasitəsilə Gürcüstana qaz nəql etməyin mümkünlüyünü və buna hazır olduğunu dilə gətirir.
Bütün bunlar Azərbaycana nə vəd edir və ola bilərmi ki, bu cür siyasətlə Azərbaycanı hansısa beynəlxalq layihələrdən təcrid etmək istəyirlər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev açıqlamasında bildirdi ki, bu məsələlərdə birbaşa Rusiyanın barmağı var: “Düşünürəm ki, bu məsələ Rusiyanın regionda həyata keçirmək istədiyi planın tərkib hissəsidir. Sadəcə olaraq, bunu İran vasitəsilə leqallaşdırmağa çalışır. Təsəvvür edin ki, İranla Gürcüstan arasında viza ləğv edildi. Nə olacaq ki? Onsuz da İranın biznes adamları Gürcüstanda layihələrdə iştirak edir, sadəcə olaraq təhlükəsizlik baxımından viza tətbiq edilir.
İranla Gürcüstanı eyni zamanda birləşdirən daha bir amil hazırda yüz illərdir İranda məskunlaşmış, daha doğrusu 1617-ci ildə Şah Abbas tərəfindən köçürülən yerli gürcülər-fereydanlardır. Yəni tarixi bir birləşmə də yoxdur.
Qaz danışıqları da təsir vasitəsidir. Bu gün Gürcüstan Azərbaycan tərəfindən yetərincə imtiyazlı qiymətlərlə qaz alır. Bundan başqa, Ermənistana ötürdüyü tranzit qazın hesabına da xeyli qaz əldə edir. İranın qaz yataqları Fars körfəzi ərazisindədir. Və onun Gürcüstana nəqli elə də ucuz başa gəlmir və təbii ki, Ermənistan vasiatəsilə bu daha baha başa gələ bilər.İnandırıcı deyil ABŞ imkan versin ki, Gürcüstan Ermənistanla strateji cəhətdən yaxınlaşsın, son danışıqlarda da NATO-da hərbi hazırlıq məsələsi ilə bağlı biz bunun bir daha şahidi olduq.
Bir sözlə, bunun arxasında, təbii ki, Azərbaycana da müəyyən təzyiq etmək məqsədi var,lakin istər Qərb, istərsə də Gürcüstan Azərbaycanı qaz ixrac edən dövlət və portnyor kimi görür və İranla bağlı layihələr, hələ ki,danışıqları belə başlamadığından, perspektivi aydın olmayan xəyallardır. Eyni zamanda, Gürcüstan ümumiyyətlə regional layihələrdən daim özü üçün qazanc əldə etməyə çalışan bir dövlətdir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın