Ana səhifə / Cəmiyyət / Rövşən Lənkəranski ilə “Lotu Quli”nin düşmənçilik TARİXÇƏSİ – SAVAŞ NECƏ BAŞLADI?

Rövşən Lənkəranski ilə “Lotu Quli”nin düşmənçilik TARİXÇƏSİ – SAVAŞ NECƏ BAŞLADI?

”Lotu Quli” (Nadir Səlifov) ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb. Belə ki, “Quli” oğru etiketlərinə zidd olaraq “böyük qardaş” – “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarova əl qaldırıb. Məhz bu hadisədən sonra digər azərbaycanlı oğrular da bu və ya digər dərəcədə tərəf tutmağa başlayıblar”.
Bu sözləri “Lotu Quli” və “Rövşən Lənkəranski”nin düşmənçilik tarixiylə bağlı danışan kriminal ekspertlərdən biri deyib. Bu düşmənçiliyin indi yenidən xatırlanması isə təsadüfi deyil. Söhbət ondan gedir ki, ötən gün Azərbaycan mətbuatında hələ 7 il əvvəl, 2009-cu ilin dekabrında “Lotu Quli”nin Lənkəranski tərəfindən öldürülməsi planıyla bağlı yazı dərc edilib. Bu iddialar həm də müəmmalı səs yazıları ilə müşayiət olunub.
Telefon danışıqlarından məlum olur ki, “Lotu Quli”nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını Rövşən Lənkəranskinin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. O, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla (Sabiraabadlı Hikmətin ad-soyad adaşı) hansısa yolla yaxın münasibət qurub. Daha sonra “Lotu Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Ancaq plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.

Bəs Lənkəranski Nadir Səlifovla niyə düşmən olub?

Yuxarıda qeyd etdiyimiz kimi bu düşmənçilik məhz “Quli”nin hərəkətindən sonra hələ “Sabirabadlı Hikmət”in sağlığında Moskvada 9 “oğru”nun toplaşdığı “sxodka”da qəbul edilən qərarla bağlıdır. Həmin qərar “Quli”dən “oğru” adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada Azərbaycanın əksər “zon”larına paylanılıb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib. Öldürülənlər sırasında bir çox “qanuni oğru”lar “Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” və başqaları olub.
Həmin “sxodka”da iştirak edənlərdən biri də Rövşən Lənkəranski olub. Bir sözlə, “sxodka”nın qərarını Lənkəranski də dəstəkləyib.
Təbii ki, belə olan halda onunla “Quli” arasında münasibətlər korlanmalı idi. Digər tərəfdən, kriminal aləmdə Gürcüstan klanı “Quli”ni “oğru” kimi qəbul edirdi. Rövşən Lənkəranskinin bu klanın xaç atası sayılan Aslan Usoyanla (“Ded Xasan”) problemi olduğu isə heç kimə sirr deyildi.
Bundan sonra “Lotu Quli” də hərəkətə keçmişdi. Yuxarıda adlarını qeyd etdiyimiz nüfuzlu azərbaycanlı qanuni oğrular qətlə yetirildikdən sonra həmin “sxodka”dan sağ qalan təkcə “Lənkəranski” idi deyə, “Quli” onun haqda Azərbaycan və Rusiya həbsxanalarına “proqon” göndərir. Həmin “proqon”da “Rövşən Lənkəranski”nin qanuni oğru adından məhrum edildiyi bildirilir.
Azinforum.az  internet resurslarının və mənbənin köməkliyi ilə həmin “proqon”un mətnini də əldə edib. Orada deyilir:
“Hər vaxtınız xeyir olsun, məhbuslar. Sizə və Oğru Evinizə rifah və sülh diləyirəm. Ən xoş hisslərlə sizi oğru qardaşlar adından salamlayıram. Əvvəlcə sizlərə bir-birinizlə mehriban və ayrılmadan yaşamağı arzulayıram. Oğru qanunlarına uyğun nümunəvi məhbus həyatı yaşayan məhbus kimi sizlərin də bu müqəddəs qanunlara hörmətlə yanaşdığınızı bilirəm. Həmçinin, bildiyiniz kimi, oğru proqonları məhz oğrular tərəfindən verildiyinə görə, bir oğru kimi mənim proqonuma da hörmətlə yanaşacağınızı bilirəm.
Kim oğru qanunlarını tapdalayacaqsa, onun cəzası da oğru qanunlarıyla veriləcək. Aramızda bir sıra problemlər olub, var və olacaq. Amma biz bütün problemləri öz qanunlarımızla həll edəcəyik.
İndilikdə isə sizə Rövşən Lənkəranskiylə bağlı məqamı çatdırmaq istəyirəm. Hamınız biləsiniz ki, Rövşən Lənkəranski heç kimdi və o, adı öz üzərinə götürə bilməz. Bu, oğruların qərarıdır. O ki qaldı Hacı (“Beyləqanski”) və Rüfətə (“Gəncinski”) onlar yalançıdırlar. Belə yaramazlar bütün zamanlarda olub və onlardan bütün ciddiliklə hesab sorulacaq.
Sizə uğurlar və qızıldan da qiymətli olan azadlığı arzulayıram. Özünüzü və oğru ideyalarınızı qoruyun. Bu proqon Azərbaycanın və Rusiyanın bütün həbsxanalarına yayılsın. Ən xoş arzularla Oğru Quli”.
Məhz bundan sonra Azərbaycanlı “qanuni oğru”lar Moskvada qanlı “razborka”lara start verirlər. Və bu “razborka”lar hətta indi də – “Lənkəranski” öldürüləndən sonra belə davam edir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın