Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Cəmiyyət / “Rövşən, həsrətin üzür…” – Lənkəranskinin məzarından reportaj (FOTOLAR)

“Rövşən, həsrətin üzür…” – Lənkəranskinin məzarından reportaj (FOTOLAR)

2016-cı ilin 18 avqust gecəsi cəmiyyət eyforiya içindəydi və şok terapiyası keçirirdi. Məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) İstanbulda öldürülməsi ölkəni silkələmişdi.

Minlərlə insan qəhrəman kimi qəbul etdiyi Rövşənin cənazəsinin doğma torpağına gətirilməsinə görə Lənkəran hava limanına axın etmişdi. Hava limanından “Kiçik bazar” məscidinə qədər izdiham yaşanırdı. Toplum nüfuzlu avtoriteti son mənzilə yola salmaq üçün səhərə qədər yatmamışdı, küçələr qaynayırdı.

Bu gün R.Lənkəranski “Kiçik bazar” məzarlığında uyuyur. Musavat.com-un əməkdaşı onun qəbrini hər gün ziyarətə gələnlərin olduğunu müşahidə edib. Həmin şəxslər arasında yerli adamlar da var, kənardan gələnlər də.

Onun abidəsinin önündə qoyulmuş gül çələnglərindən  də məlum olur ki, Lənkəranskini məzarını ziyarət etməyə kimlər gəliblər.

Gül çələnglərinin üzərindəki lentdə Ateş Çelik, Eser Yerlikaya, Halil İbrahim Özgüven, Cüneyt Yılmaz, Elburs Dərbəndin adları yazılıb.  

Müşahidələrimizə görə deyə bilərik ki, Lənkəranskinin abidəsi son dərəcə təmiz saxlanır, tez-tez silib-süpürürlər, yerə isə xalça səriblər.

Yeri gəlmişkən, bu yaxınlarda onun məzarını ziyarət edən birinin qəbiristanlıqdan fotosu yayılmışdı. Zahirən Rövşənə bənzəyən adamın özü olduğu, sağ qaldığı da iddia edilirdi.

Sosial şəbəkələrdə yayılmış kadrın fotoşop olduğu, yoxsa sadəcə ona bənzəyən birinin lentə alındığı bəlli deyildi. Lakin yalan olduğu aydın idi.

Hətta Lənkəranski haqda şayiələr yayırlar ki, guya Vatikanda yaşayır. Amma lənkəranlılar buna inanmırlar və mərhumun ruhuna hörmətsizlik edilməsinə, sosial şəbəkələrdə fotoşop yayıb, lazımsız müzakirələr açılmasına son qoymağa çağırırlar.

İyunun 12-də yayılan son xəbərə görə, Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər.

Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar.

Çeçen əsilli kriminal avtoritet, Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirov isə bir neçə gün qabaq Bakıda güllələnərək qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlu ilə bağlı paylaşım edib.

Çeçen qanuni oğru bu cür hadisələrin baş verməsinin səbəbi kimi Lənkəranskinin yoxluğunu göstərib.

O, yaxın dostunun həsrətinə çox üzüldüyünü öz paylaşımında qeyd edib: “Rövşən, sənin yerin görünür. Sənin həsrətin üzür”.

2016-cı il 18 avqust gecəsi Canıyev İstanbul mehmanxanalarından birinin restoranında öz briqadasının üzvləri ilə bir araya gəlmişdi. O, restorandan çıxıb oradan azca aralanandan sonra qatillər onun maşınını atəşə tutmuşdular.

Qeyd edək ki, R.Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində anadan olub. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib.

Onun atası Rafiq Canıyev 1992- ci ildə öldürüldükdən sonra o, anası Hacı Məsudə xanım, qardaşı Emil və Namiq Canıyev ilə birlikdə yaşayıblar. Onların ata-baba yurdu Lənkəranda “Kiçik bazar” məhəlləsindədir.  
Musavat.com

Həmçinin oxuyun

Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ… – FOTOFAKT

Dünən Azərbaycanda yeni tədris ilinin ilk dərs günü idi. 1 525 016 şagird təhsil müəssilərinə …