Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Rizvan Vahabov Rəsul Quliyevə 300 min dollar pul verib?

Rizvan Vahabov Rəsul Quliyevə 300 min dollar pul verib?

Neft Kəmərləri İdarəsinin sabiq rəisindən şikayətçi olanlar onun 2005-ci ildə Rəsul Quliyevə 300 min dollar pul verdiyini xatırladır
“Yeni Müsavat”ın ötən saylarında Neft Kəmərləri İdarəsinin (NKİ) sabiq rəisi Rizvan Vahabov haqda yazılar dərc etmişdik. Redaksiyamıza müraciət edən Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov bildirmişdilər ki, keçmiş məmurun qanunsuz hərəkətləri bu gün də davam edir.

Məsələ bundadır ki, şikayətçilər 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Sonradan onlar Rizvan Vahabovun qanunsuz iddiaları ilə rastlaşıblar. Şikayətçilər redaksiyaya R.Vahabovla bağlı olan və ona yönəlik çox ilginc ittihamlar yer alan materiallar təqdim ediblər. Ötən sayımızda NKİ rəisi olaraq R.Vahabovun Azərbaycan benzinini Ermənistana göndərməsinin bəzi təfərrüatlarını təqdim etmişdik. Şikayətçilərin redaksiyamıza təqdim etdikləri materiallar sırasında R.Vahabovla eks-spiker Rəsul Quliyevin əlaqələrindən bəhs edən materiallar da var. Bu mövzuda 19 may 2015-ci ildə “Unikal” qəzetində “Rizvan Vahabovun adı 200 minlik maxinasiyada” sərlövhəli yazı dərc olunub.

Həmin yazıda NKİ-nin sabiq rəisinin hakimiyyətlə problemləri üzündən ölkədən getmiş Rəsul Quliyevlə əlaqələrindən, həlledici məqamlarda R.Vahabovun R.Quliyevə dəstək verməsindən söhbət açılır.

Həmin yazıdan sitat:

“Xüsusən də onun 2005-ci ildə Rəsul Quliyevin gəlişi üçün pul verməsi ilə bağlı iddialar hələ də təkzib olunmayıb. Burdan da aydın olur ki, Rizvan Vahabov həmin dövrdə 300 min dollar xərcləyib. İddiaya görə, Rəsul Quliyev hakimiyyətə gələrsə, Rizvan Vahabov ARDNŞ prezidenti postuna təyinat alacağı təqdirdə əlavə 30 milyon dollar da verəcəkmiş. Biz bu iddialardan yola çıxıb bəzi maraqlı qənaət, fərziyyə və ehtimallarla çıxış etmişdik; yazı dərc olunduqdan sonra isə redaksiya rəhbərliyi ilə əlaqə saxlayan Rizvan Vahabov barəsindəki iddiaları yalan adlandırıb. Amma R.Vahabov konkret arqumentlər gətirərək təkzib etməyib”.

Maraqlıdır ki, iddiaların yalan olmasını deyən ARDNŞ-in sabiq idarə rəisinin hansı səbəbdən həmin “yalan və iftiraların müəllifi”nə qarşı hüquqi yollara baş vurmayıb.

Qəzet R.Vahabovun qanunsuz əməllərinin bununla bitmədiyini qeyd edir, R.Vahabovun Yasamal rayonu, M.Muxtarov küçəsi, 145 saylı binanın bir qrup sakininin əmlakına əl qoymaq istəyindən yazır: “Bir müddət əvvəl sakinlər prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya və ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlamışdılar. Müraciətdə bildirilir ki, ARDNŞ-in Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP Səbayel rayon təşkilatının İdarə Heyətinin üzvü, iş adamı Rizvan Vahabovun ”dələduz əməlləri” nəticəsində onların mülkiyyət hüquqları pozulub. Belə ki, Bakı şəhəri Yasamal rayonu, 442-443-cü məhəllə ilə M.Muxtarov 145 və Ə.Hüseynzadə küçələrinin kəsişməsində “Günəş” İKF-yə təhkim olunmuş torpaq sahəsində ticarət mərkəzinin tikintisi nəzərdə tutulsa da, sonradan “Volbak” MMC-nin vəsaiti hesabına tikilmiş binanın təyinatı dəyişdirilmiş və həmin ərazidə yaşayış binası tikilmişdir. Tikintini aparan “Volbak-H” MTK şikayətçilərlə müqavilə bağlayıb və şikayətçilər tikilən 6 mərtəbəli binanın payçıları qismində çıxış ediblər”.

Qəzet “Günəş” İKF-nin Rizvan Vahabovun 80 yaşlı qayınanası Anna Qoloveşkinanın adına sənədləşdirildiyini qeyd edir: “Günəş” İKF Rizvan Vahabov tərəfindən idarə olunur və daha əvvəl də “Günəş” İKF Rizvan Vahabov tərəfindən başqa bir sahibkardan dolandırıcılıq yolu ilə əldə edilib. Faktiki olaraq Rizvan Vahabovun “Günəş” İKF-ni “oğurlayaraq” qayınanasının adına keçirdiyi iddia olunur. İddiaya əsasən sözün həqiqi mənasında milyoner olan keçmiş məmur Rizvan Vahabovun sərmayəsinin və mülklərinin böyük bir hissəsini 80 yaşlı qayınanasının adına rəsmiləşdirərək idarə edir. Belə ki, Rizvan Vahabovun Bakı şəhərində yanacaq doldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz 80 yaşlı qayınanası Anna Qoloveşkinanın adına rəsmiləşdirilib. Lakin bütün bu sadalananların hamısı Rizvan Vahabovun mal varlığını tam əks etdirmir. Bildirilir ki, Rizvan Vahabov bütün bu vəsaitləri ARDNŞ-in Neft Kəmərləri İdarəsinin rəisi işlədiyi zaman dövlət vəsaitlərini mənimsəməklə əldə edib. Elə bu üzdən də tutduğu vəzifədən azad olunub. Lakin buna baxmayaraq, Rizvan Vahabov hamilərinin səyləri nəticəsində cinayət məsuliyyətindən yaxa qurtararaq mənimsədiyi milyonları qayınanasının adına rəsmiləşdirə bilib”.

Qəzetdə son illərin ən səs-küylü qətllərindən birində Rizvan Vahabovun adının hallandığı da qeyd olunur. “Unikal” qəzeti yazır: “Rizvan Vahabovun adı ”AzərRoss” cinayətində hallanıb. O, cinayətin sifarişçisi olaraq həbs olunan Hümmət Məmmədovun, cinayətin qurbanı Əflatun Piriyevin və “Avesta” Şirkətlər Qrupunun prezidenti Hacı İbrahim İbrahimovun şəriki olub. Elə yuxarıda adı çəkilən “Volbak” MMC-nin və “Volbak-H” MTK-nın təsisçiləri “AzərRoss” cinayətində öldürülən Əflatun Piriyev və Rizvan Vahabov olublar.

Əflatun Piriyev öldürüldükdən sonra isə Rizvan Vahabov təsisçiliyi qayınanasının adına keçirərək digər payçılarla bağlanmış müqavilələrin qüvvədən düşməsi haqda saxta sənəd əldə edib. Bundan sonra isə çoxsaylı məhkəmə proseslərinin keçirilməsinə baxmayaraq, 145 saylı binanın sakinlərinin mülkiyyət hüquqları bərpa olunmayıb. Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2013-cü tarixli 17297/17471 saylı rəyində Anna Qoloveşkinanın “Volbak” MMC-nin hesabına köçürdüyü 3482000 manat və 200 min dolları ilə bağlı kassa-mədaxil orderi saxta elan olunsa da, payçıların mülkiyyət hüququ məhkəmə tərəfindən təmin olunmayıb”.

Yada salaq ki, “Yeni Müsavat”a müraciət edən vətəndaşlar 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Az sonra isə R.Vahabov qayınanası A.Qoloveşkina vasitəsi ilə vətəndaşların qanuna uyğun şəkildə əldə etdikləri əmlakları onlardan almağa çalışıb. Vətəndaşlar həmin əmlakları qanuni şəkildə əldə etmələrini təsdiqləyən çıxarışları da redaksiyamıza təqdim ediblər. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı məlum olub ki. R.Vahabovun 80 yaşlı qayınanasının məhkəmələrə təqdim etdiyi sənədlər saxtadır. 4 il davam edən məhkəmə çəkişmələrindən sonra iş növbəti dəfə Ali Məhkəməyə göndərilib. Vətəndaşlar inanırlar ki, bu məhkəmə instansiyasında nəhayət ki, ədalətli qərar veriləcək. Bununla da R.Vahabovun bir qanunsuzluğunun qarşısı alınmış olacaq…

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …

Bir cavab yazın