Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / REYHAN HÜSEYNOVA İTTİHAMLARLA RAZILAŞMIR – O, HƏBSXANADAN BİZƏ NƏLƏRİ YAZDI ?

REYHAN HÜSEYNOVA İTTİHAMLARLA RAZILAŞMIR – O, HƏBSXANADAN BİZƏ NƏLƏRİ YAZDI ?

18.02.2016-ci il tarixdə Azinforum.az İnformasiya Portalında 11 nəfər şikayətçinin imzası ilə daxil olan materialın dərc edilib.

Xatırladaq ki, həmin yazının başlıca motivi təqsirləndirilən şəxslər olaraq istintaqa cəlb edilən  və hazırda barələrində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılan

Hüseynova Reyhan Musa  qızı və digərlərinin törətdiyi əməllər barədə olub. Qeyd edək ki, daima jurnalist obyektivliyini qoruyan bir informasiya portalı olaraq biz həmin məqalənin sonunda  qarşı tərəf üçün  fikirlərini  bildirməyə imkan verəcəyimizi qeyd etmişdik. Məqalənin dərcindən sonra,  hazırda həbsdə olan Hüseynova Reyhanın Esmira adlı qızı və onların hüquqlarını qoruyan vəkilləri redaksiyamızla əlaqə saxlayaraq, yazıdakı əksər məqamlarla razılaşmadıqlarını bildirərək, məqaləni saytdan silməyimizi təkidlə tələb etmişdilər.

Azinforum.az olaraq biz onların nəzərinə çatdırdıq ki, bu araşdırmada hər hansı bir tərəfə xüsusi simpatiyamız yoxdur, ola da bilməz. Redaksiyamızın qapısı istənilən şikayətçinin üzünə açıq olduğu üçün, hər bir adam qanunvericiliyin imkan verdiyi çərçivələrdən çıxmamaq şərti ilə saytımızda öz fikirlərini açıqlaya bilər. Reyhan Hüseynovanın qızı Esmira xanımın və onların hüquqlarını müdafiə edən vəkillərin diqqətinə bir daha çatdırırıq ki, həm onlardan şikayət edənlərə, həm də onların özünə yalnız bu prinsipləri rəhbər tutaraq , fikirlərini bildirmək üçün şərait yaradırıq. Bizim üçün bundan başqa hansısa meyar önəmli ola bilməz.

 

Xatırladaq ki, Azinforum.az-a hazırda sözügedən cinayət işi üzrə həbsdə saxlanılan Hüseynova Reyhan Musa qızının  imzası ilə cavab məktubu və çoxlu sayda sənədlər təqdim edilib. Sözügedən şəxs onların barəsində şikayət məqaləsinə imza atmış hər bir şəxs barəsində və eləcədə, onun övladlarının adını hallandıran Sadıqova Səkinənin oğlanlarının hansı səbəbdən işdən azad olunması və s. faktlardan geniş bəhs edib. Hesab edirik ki, həmin məqamların və kimin hansı cinayətə görə əvvələr məhkum edilməsinin  bizim araşdırdığımız məsələyə heç bir aidiyyəti olmadığı üçün, biz məktubu zəruri redaktələrlə təqdim edirik:

er

“Mən Hüseynova Reyhan Musa qızı sizin və digər saytlarda mənim və qeyrilərinin haqqında araşdırılmadan, dəqiq məlumat əldə edilmədən bizə qarşı qərəzli mövqe tutan insanların şər, böhtan xarakterli məlumatların yayıldığı barədə məlumat almışam. İndi isə sizə dəqiqləşdirilmədən yazılan xəbərlərin əsl mahiyyətini açıqlayıram. Bildirmək istəyirəm ki, mənim Nəsimi rayonu ərazisində keçmiş Şəmsi Bədəlbəyli küçəsi, indiki “Qış Parkı” adlanan yerdə özümə məxsus olan mülküm var idi. “Qış Parkı” salınan zaman həmin evim plana düşdü və sökülərkən mənə dövlət tərəfindən kompensasiya ödənildi. Beləliklə, mən 2012-ci ilin aprel-may aylarında uzun illərdən bəri tanıdığım Sadıqova Səkinə Fərrux qızının evində kirayədə yaşamağa başladım. Bu ərəfədə yəni 2012-ci il tarixdə Şəmsi Bədəlbəyli küçəsində uzun illər ərzində qonşu olduğum Rüstəmova Ceyran Mikayıl qızı və onun tanışı olan Gülməmmədova Mətanət İnqilab qızının vasitəçiliyi ilə mən Babayeva Xavər Məmmədrəhim qızına məxsus olan Bakı şəhəri  X.Dadaşov 40 a-da yerləşən evi notarial qaydada alqı-satqı müqaviləsinə əsasən almışam.

Nəzərinizə onu da çatdırım ki, həmin ev mənə ilk dəfə təklif olunan zaman Əmrahbank ASC-yə 68000 manat borc müqabilində girovda olub, mən bunu biləndə o evi almaqdan imtina etmişəm. Bu təklifdən bir müddət keçdikdən sonra Ceyran xanım mənə zəng vurub onların evi girovdan azad edəcəyi təqdirdə mənim o evi almağa razı olub-olmayacağım barədə maraqlandı. Mən isə evin girovdan çıxarılacağı təqdirdə evi almağa razılaşacağımı bildirdim. Beləliklə, mən 08.12.2012 tarixdə alqı-satqı müqaviləsinə əsasən həmin evi aldım. Onlara evi boşaltmaq üçün yetərincə vaxt da verdim. Onu da qeyd edim ki, mən o ərəfədə Sadıqova Səkinə Fərrux qızının evində kirayədə qalmaqda idim. Lakin onlar mənim mülkiyyətimdə olan evi boşaltmadılar və Babayev Emil mənə zəng vuraraq özlərinin də bir çox ərizələrində və barəmizdə gedən məhkəmə proseslərində qeyd və etiraf etdikləri kimi dayısının pulu götürüb qaçdığını, bir az daha vaxt istədiyini bildirdi. Təbii ki, bütün bunlardan mənim uzun illərdən bəri rəfiqəm olan Sadıqova Səkinə Fərrux qızının ətraflı xəbəri var idi. Mən evimin boşaldılmadığını görüb bir müddət sonra Yasamal rayon məhkəməsinə müraciət etdim. 29.05.2013 tarixdə Babayeva Xavər Məmmədrəhim qızı və Babayev Emil Eyyub oğlunun Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi 40 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılmalarına dair mənim xeyrimə olan qətnamə qəbul edilmiş və bu iş icraya yönəlmişdi.

sak

 

Bütün bu problemlərdən xəbərdar olan Sadıqova Səkinə bir gün mənimlə söhbətində qeyd etdi ki, artıq bizim məşğul olduğumuz qadın geyimlərinin satışı işi zəifləyib və buna görə də qızıl satışı işi ilə şərikli məşğul olmağı mənə təklif etdi. Sonra əlavə etdi ki, özünün 40 kv.m. sahəsi olan iki otaqlı evini satıb bu işə maya qismində sərf etmək istəyir. Bu minvalla Sadıqova Səkinə Fərrux qızına özünün israrı ilə 01.11.2013 tarixdə notarial qaydada 100.000 manat borc müqaviləsinə əsasən pul verdim və o, evini də mənim vasitəçiliyimlə qabaqcadan tanıdığı Rüstəmova Ceyran Mikayıl qızına satdı.

Bundan bir neçə gün sonra həmişəki kimi Səkinə bizə qonaq gəldi, yeni quracağımız iş haqqında xeyli söhbət etdik və o normal şəkildə bizdən çıxıb evinə getdi. Səhəri gün tezdən təxminən saat 1000-1100 radələrində bacısı Firəngiz ağlayaraq mənə zəng vurub dedi ki, Səkinəgildəyəm, ona nəsə olub yuxudan ayılmır, çox narahatam. Mən bunu eşidən kimi özümü onlara çatdırdım. Orada mənə məlum oldu ki, bacısının Səkinəgilə belə tez saatda gəlməyinin səbəbi Səkinənin Yasamal rayonu polis bölməsinə çağırılması olub. Buna səbəb isə Yasamal rayonu polis bölməsinə Səkinə haqqında borclular tərəfindən şikayət ərizəsinin daxil olması idi. Səkinəyə təcili tibbi yardım çağırıldı və onu Musa Nağıyev xəstəxanasına apardılar. Səkinənin xəstəxanada qaldığı müddətdə mən mütəmadi olaraq ona baş çəkirdim. Lakin o, evə buraxıldıqdan sonra mənim telefon zənglərimə cavab vermədi və bu mənə çox qəribə gəldi. Mən bu hərəkətin səbəbini az sonra Nəsimi Rayon Məhkəməsinə çağırılandan sonra bildim. Sən demə, Səkinə Sadıqova Nəsimi Rayon Məhkəməsinə mənim barəmdə əsası olmayan şikayət ərizəsi ilə müraciət edib. Ərizəsində qeyd edib ki, guya onun intihara təşəbbüs göstərməsinə mən səbəbkar olmuşam. Lakin bu şikayət ərizəsinin əsassız olduğu tezliklə üzə çıxdı və həmin işə xitam verildi.

Bununla sakitləşməyən Səkinə Sadıxova digər saytlara da göndərdiyim məktublarda qeyd etdiyim kimi məni və Rüstəmova Ceyranı müvafiq orqanlara apartdırmağa başladı. Başda keçmiş Milli Təhlükəsizlik Nazirliyi olmaqla.

Beləliklə 26.11.2013-cü ildə Rüstəmova Ceyran Mikayıl qızı mənə zəng vuraraq bildirdi ki, onun vasitəsilə aldığım evin keçmiş sahibəsi Babayeva Xavər Məmmədrəhim qızının oğlu Babayev Emil Eyyub oğlu Ceyrana zəng vuraraq bildirib ki, satdığımız evi geri qaytarmaq istəyirik, pulunu düzəltmişik, sabah Axundov parkının qabağında görüşüb gedək notariusda alqı-satqını ləğv edək. Mən Ceyranla razılaşıb səhəri gün ora gedəcəyimi bildirdim.

Belə ki, 27.11.2013-cü ildə deyilən yerə getdim, saat təxminən 1530 radəsi olardı, lakin parkın yanında nə Babayev Emili, nə də Ceyranı görmədim. Ceyrana dəfələrlə zəng vurmağıma baxmayaraq, o zəngimə cavab vermədi.

 

S0

Həmin gün mən 1700-da Bakı İcra Hakimiyyətində qəbulda olmalı idim. Elə buna görə də parkın yanından öz avtomobilimə əyləşib birbaşa Bakı İcra Hakimiyyətinə tərəf getdim. Bu vaxt maşınımın önündə 10 XZ 300 DNN-li mercedes markalı avtomaşın mənə maneəçilik törətməyə başladı. Mən isə ona məhəl vermədən yoluma davam etdim. Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında maşınımı park etmək istəyirdim ki, elə bu vaxt qəflətən maşının qapıları açılaraq 4 nəfər naməlum şəxs mənim maşınıma soxuldu. Mən təşvişə düşərək qışqırdım ki: Siz kimsiz? Sizə nə lazımdı? Onlar isə mənə: Səsivi kəs, bizimlə gedirsən, nə deyiriksə onu da eləməlisən – dedilər. Mən maşınımın sol tərəfində bayaqdan məni izləyən və mənə maneçilik törədən 10 XZ 300 DNN-li mercedes markalı avtomaşını yenidən gördüm. Gördüm ki, o maşını idarə edən mənim uzun illərdən bəri tanıdığım və bu yaxınlarda borc müqaviləsi əsasında borc verdiyim Sadıqova Səkinənin oğlu Sadıqov Səməd Elçin oğludur. Yanındakılar isə anası Sadıqova Səkinə və Ceyranla məni anasından aldığım evin pulunu geri qaytarmaq bəhanəsi ilə Axundov parkına çağırtdıran Babayeva Xavər Məmmədrəhim qızının oğulları Babayev Emil və Babayev Elşad idi. Mən heç nə başa düşmədim, maşınıma soxulanların soyğunçu olduqlarını zənn edərək açarları belə maşının üstündə qoyub tez qaçıb Bakı Şəhər İcra Hakimiyyətinə girdim. Onlar da arxamca ora girdilər. Onlardan biri adını sonradan bildiyim Azər mənə yaxınlaşaraq dedi ki, biz MTN-in əməkdaşlarıyıq, bizimlə getməlisən. Mən onlardan səbəb soruşanda onlar bunun rəhbərliyin göstərişi olduğunu və hər şeyi orada biləcəyimi bildirdi.  Mən fürsət tapıb ailə üzvlərimə xəbər verə bildim və onlardan özünü təcili olaraq mənə yetirmələrini istədim. Mən 102 xidmətinə zəng vurmaq istəyərkən onlardan digəri adını sonradan bildiyim Natiq tez mənə yaxınlaşdı və mənə – telefonu söndür, yoxsa sənin üçün pis olacaq – deyə hədə-qorxu gəlməyə başladı. Telefonumu əlimdən aldı. Mən onların dediyini etməyib ailə üzvlərimin gəlməsini gözlədiyimi bildirdim. Elə bu vaxt mənim qohumum mənə tərəf gəlib həmin şəxslərə yaxınlaşaraq nə baş verdiyi barədə maraqlandı. Onlar isə bu xanım bizimlə getməlidir, orada ona hər şeyi başa salacağıq deyə cavab verdilər. Mən öz qohumumun maşınında, onlar isə mənim maşınımda getməyə qərar verdilər. Azər adlı MTN əməkdaşı isə bizimlə bir maşında getdi. MTN-nin binasına girdikdə orada məni yoxladılar, mobil telefonlarımı götürdülər, təxminən 2-3 saat aşağıda saxlanıldım. Sonradan Rüstəmova Ceyranın da orada olduğunu gördüm, Sadıxova Səkinənin qarşısında bizi orada çox incitdilər və tez-tez yalnız bir sualı təkrar etdilər: Sizin burada olduğunuzu kim bilir? Mən isə onlara ailə üzvlərimin hal-hazırda bayırda məni gözlədiyini bildirdim. Bizi oradan buraxmağın yeganə şərti yolu 200.000 manat pulu onlara çatdırmaq oldu. Lakin biz bu pulun yarısını tapa bildik və buna görə də bizim qara günlərimiz başlandı.

Bundan sonra Sadıxova Səkinə verdiyim pulu qaytarmaq əvəzinə mənə qarşı bir çox böhtan və şər xarakterli hərəkətlər edərək, müxtəlif orqanlara şikayətlər edir və ünvanıma əsassız yalanlar yağdırırdı və hələ də yağdırmaqda davam edir. Hətta müxtəlif hüquq orqanlarında bu məsələlərə baxılmış və onun bu cür yalanlarının bəzilərinin üstü açılmışdır. Mən Səkinənin bu hərəkətlərini görəndən sonra aidiyyatı üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişəm. 19.05.2014 tarixdə mənim iddiam təmin edilmişdir. Sadıxova Səkinə Fərrux qızından 100.000 manat pul vəsaiti tutularaq mənə ödənilməsi məhkəmənin qərarı ilə qət edilmişdir. Lakin Sadıxova Səkinə indi də evini aldığım Babayeva Xavərin oğulları olan Babayev Emil və Babayev Elşad ilə birləşib məndən uydurma bir şikayət ərizəsi ilə prokurorluğa şikayət etmişlər. Mənim əlimdə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olduğu halda, Suraxanı rayon prokuroru Sərdar İmanov tərəfindən mənim və mənim kimi Sadıxova Səkinənin qurbanları olan şəxslər barəsində AR cinayət məcəlləsinin 178.2.1 maddəsi ilə cinayət işi başlamışdır. Sonda isə şahid qismində Bakı Şəhər Prokurorluğuna çağırılmağıma baxmayaraq, təqsirləndirilən və istintaqdan yayınan şəxs qismində məsuliyyətə cəlb olunuram.

Mən necə istintaqdan yayınmışam ki, 01.09.2014 tarixdə Prezident Aparatından Bakı Şəhər Prokurorluğunun qəbuluna yazılıram, ayın 04.09.2014 tarixdə qəbulda oluram, 06.09.2014 tarixdə öz şikayət ərizəmi prokurorluğa təqdim edirəm, 09.09.2014 tarixdə bir daha ərizəmlə maraqlanmağa gedirəm, 12.09.2014 tarixdə istintaqdan yayınma adı altında həbs olunuram. Bu işlərin arxasında kimlərin dayandığı artıq hər kəsə məlumdur. Mən buna baxmayaraq, yenə də qanunun aliliyinə inanmağa və güvənməyə səbrlə davam etməkdəyəm. Ümidvaramki tezliklə haqqq ədalət öz yerini tapacaq, çünki heç bir sübut dəlil olmadan bu iş icraata götürülüb bizim haqqımızda əsassız cinayət işi başlandı. Onları da anlayıram, çünki o vaxtlar yuxarıda adlarını qeyd etdiyim sabiq yüksək çinli məmurların sözündən heç kəs çıxa bilməzdi. Sadıxova Səkinə tək mənə qarşı deyil, hətta mənim övladlarıma da qarşı qərəzli olduğunu bir daha ortaya qoydu. Mən həbs olunandan dərhal sonra onun evində kirayə qalan ailəmi evdən çıxartdırdı, hansı ki, 14.10.2014 tarixdə Ali Məhkəmə onun həyat yoldaşı İsmayılov Fikrətin xeyrinə qərar qəbul etmiş, məhkəmə qərarının qüvvəyə minməsi üçün tələb olunan 10 gün vaxt tamam olmadan, heç bir bildiriş göndərilmədən, xəbərdarlıq edilmədən 17.10.2014 tarixdə icraçılar ilə birlikdə gəlib mənim ailəmi evdən çıxarıblar. Maraqlısı da odur ki, həmin qərar 17.10.2014 tarixdə deyil, 11.11.2014 tarixdə Nəsimi Rayon İcra Şöbəsinə daxil olmuşdu. Onlar öz evlərini icra nümayəndələrinin qarşısında tam təhvil alsalar da, yenə də öz  əməllərdən əl çəkmədilər. 1 ay sonra ailə üzvlərimə daha bir mənəvi sarsıntı yaşatmaq üçün Nəsimi Rayon Məhkəməsində 28.242 manatlıq təzminat davası açdılar. Guya evlərinə və evin sahibinə cox ağır mənəvi ziyan vurmuşuq. əgər onlar öz yazdıqlarında haqlı idilərsə nə üçün bu narazılıqlarını icra məmurlarının yanında yox sonradan bildirdilər? Məhkəmədə barəmizdə məcburi icra tədbirlərinin görülməməsi faktı aşkar olsa da, bir çox sübutlarımızı məhkəməyə təqdim etsək də, nəticədə məhkəmədə İsmayılov Fikrətin xeyrinə 1700 manatlıq təzminat ödənilməsi qərarı çıxarıldı. Bakı Apelyasiya məhkəməsi də həmin qərarı təsdiqlədi.

Bütün bu əməllərindən əli boşa çıxan bu qadın indi də səhhətində çox böyük problemləri olduğunu bilə-bilə 18 yaşlı oğlumun həyatı ilə oynamağa başlayıb. Oğlumun təhsil aldığı universitetin adını dilə gətirərək orada oğlumun tələbə nüfuzuna xələl gətirmək üçün əlindən gələni edib. Onun barəsində saytınızda yalan-yanlış məlumatlar yerləşdirib. Bu məlumatların yalan olduğu ən azı ondan üzə çıxır ki, barəmdə cinayət işi başlananda oğlumun cəmi 14 yaşı var idi və bu yaşda övladımın nə kimi dələduzluq etməsindən söhbət gedə bilər?

Övladlarımın hər ikisi eyni məktəbin şagirdi olub, eyni universitetin qızım məzunu, oğlum isə hal-hazırda tələbəsidir. Əgər lazım gələrsə, övladlarım barədə bu təhsil ocaqlarında hər kəs maraqlana bilər. Mən övladlarımla fəxr edirəm

Yazıb onu bildirmək istəyirəm ki, heç kimin ixtiyarı yoxdur ki, Ulu Öndərimiz Heydər Əliyevin uğurlu və strateji siyasətinin vurğunu olan və ictimai sektorda daima öz fəallığı ilə seçilən yeniyetmə bir gəncin həyatını və ictimai fəaliyyətini bu cür yalan ifadələrlə, şər və böhtanlarla, onun nüfuzuna ləkə yaxan sözlərlə gündəmə gətirib ictimaiyyətin gözündən salmağa çalışaraq onun ruh düşkünlüyünə səbəb olsun.. Hansı ki, o yeniyetmənin bütün karyerası ilə bağlı bütün arzuları hələ çox qabaqdadır.

İndi mən burdan bütün hüquq mühafizə orqanlarına, başda dövlətimizin Prezidenti Cənab İlham Əliyev olmaqla, Respublika Prokurorluğuna,  Daxili İşlər Nazirliyinə müraciət edirəm. Çox xahiş edirəm mənim və övladlarımın tapdalanmış hüquqlarının bərpa olunmasında və barəmdə başlanılmış qanunsuz cinayət işi üzrə süründürməçiliyə son qoyularaq qanuni bir qərar qəbul edilməsində, haqq-ədalətin öz yerini tutmasında bizə köməklik edəsiniz. Ədalət və prinsipiallığınıza inanaraq əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm”.

P.S. Sonda bildirmək istəyirik ki, kimin bu məsələdə haqlı olduğunu Məhkəmə müəyyən edəcək.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın